Dövlət qurumları medianın zənglərinə cavab vermir -AÇIQLAMA

İndi rəsmi qurumlar, şirkətlər "ağıllı" bir fənd seçiblər

“İnformasiyanı axtaranların arasından mətbuat katibi tapıb işə götürürlər ki, informasiyanı onların kürəyinin arxasında, daha doğrusu, dilinin altında gizlətsin”

  “Azerbaijan Favorite News” (www.afn.az) xəbər saytının baş redaktoru Həbibə Abdulla sosial şəbəkələr vasitəsilə Azərbaycan Mətbuat Şurasına və  Medianın İnkişafı Agentliyinə müraciət edib. Sözügedən müraciətinə bir neçə peşəkar media subyektlərinin baş redaktorlarını “tag” edən jurnalist həmkarımız səlahiyyət sahiblərindən jurnalistlərin sorğulara cavab ala bilməmək əzabına son qoyulması üçün kömək istəyib.
 
 H.Abdulla müraciətində bildirib ki, bir çox dövlət qurumları - nazirliklər, komitələr, agentliklər, ASC-lər, QSC-lər verilən sorğulara olduqca etinasız yanaşırlar: 
“Ən ciddi problemlərdən biri qurumun informasiya siyasətinə məsul olan şəxslərinə ünvanlanan sorğuların hansısa e-maillərə göndərilməsi tələbidir. Hansı ki, həmin e-maillərə göndərilən sorğulara ya bir qayda olaraq cavab verilmir, ya da biz jurnalistlər işimizi-gücümüzü atıb həmin məsul şəxsin arxasınca düşməliyik ki, sorğunu aldınızmı, cavablandırılacaqmı və s. Qəbul edilən sorğulara cavab verilməsi həddən artıq uzun çəkir. Adi bir mövzu ilə, xəbərlə bağlı qarşı tərəf olaraq mövqe, məlumat almaq cəhdlərimiz ya boşa çıxır, ya günlərimizi, enerjimizi alır. Dəfələrlə informasiya üzrə məsul şəxslərə müraciət etməli oluruq. Zənglərimizə cavab verilmir, mesajlarımızı görməzdən gəlirlər. Başa düşürük, media orqanı çoxdur, çox sorğu daxil ola bilər. Amma problemin davamlı olması onu deməyə əsas verir ki, bu, məsuliyyətsizlik və mediaya hörmətsizlikdən qaynaqlanan haldır. Nəticədə nə baş verir? Biz peşəkar media olaraq əlimizdə olan informasiya ilə bağlı qarşı tərəfdən mövqe gözlədiyimiz müddətdə həmin informasiya ya hansısa qeyri-peşəkar saytda, ya da sosial şəbəkələrdə ictimailəşdirilir. Bu isə bizim operativliyimizə ciddi xələl gətirir. Üstəlik, media qurumu olaraq informasiya almaq hüquqlarımız tapdanır. 
Odur ki, sizdən xahiş edirəm, bu istiqamətdə nizam-intizam yaratmaq üçün addımlar atasız, tədbirlər görəsiz. Peşəkar medianı məsuliyyətsiz məmurlara və qeyri-peşəkarlara qurban etməyin”.

  Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli  Həbibə Abdullanın qaldırdığı məsələnin ciddi problem olduğunu deyib.  
O hesab edir ki, bu, mediamızın ən böyük problemlərindəndir: “Jurnalist sorğuları operativ cavablandırılmır, bəzi mətbuat katibləri yalnız özlərinə sərf edən mövzularda danışır, özlərinə lazım bildikləri sorğuları cavablandırır. Təklifə gəlincə, məncə də  lazımlıdır. Şəxsən mən bu mövzunun ictimai müzakirəyə çıxarılması üçün əlimdən gələni edəcəm. MŞ-nin növbəti iclasında bu təklifi mütləq İH üzvlərinin diqqətinə çatdıracam”. 
  
“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də həmkarımızın tələbində tam haqlı olduğu qənaətindədir:
 “Əksər media subyektləri eyni problemi yaşayır. Bunun ictimai müzakirəsi vacibdir”.

  Bizimyol.info saytının baş redaktoru Bahəddin Həzi isə “Sherg.az”a açıqlamasında deyib ki, bu, problemdirsə, jurnalistləri  narahat edəcək, əlbəttə.  Baş redaktorun sözlərinə görə, bunun bir ictimai qınaq, bir də hüquqi məcburetmə yolu var: 
“İctimai qınaq  təsir etmir. Çünki ictimai rəy ya yoxdur, ya da başqa məsələlərlə məşğuldur. O zaman qalır məhkəmə yolu. Sadəcə, işin mənəvi-psixoloji tərəfi var: mətbuat katiblərinin bir çoxu keçmiş və ya indiki həmkarlarımızdır. İndi tək dövlət qurumları yox, özəl sektor, üçüncü sektor - hamısı informasiyanı gizlətməyə çalışır. Anlaşılandır: oğru zülməti sevər. Jurnalist isə gizlədilən informasiyanı axtaran, tapan adamdır. Əsl jurnalistdən söhbət gedir.  İndi rəsmi qurumlar, şirkətlər "ağıllı" bir fənd seçiblər; informasiyanı axtaranların arasından mətbuat katibi tapıb işə götürürlər ki, informasiyanı onların kürəyinin arxasında, daha doğrusu, dilinin altında gizlətsin. Bəzi mətbuat katibləri isə, ümumiyyətlə, "susmaq hüququ"ndan istifadə edir. Həm də danışmaq öhdəliyi olduğu halda. Bu problem həll olunmayacaq. Çünki məsul qurumlar bunu problem kimi görmür, əksinə, öz problemlərinin həlli kimi görür. Mən pessimist deyiləm, sadəcə, realistəm. Ya da elə olmağa çalışıram. İndilik problemi görürəm, amma həllini görmürəm”.