Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Cəmiyyətin özü məlumatı süzgəcdən keçirməyi bacarmalı, dezinformasiyalara qarşı immunitetli olmalıdır
Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. Bu hadisə regional media siyasətində əməkdaşlıq və təcrübə mübadiləsi baxımından xüsusi önəm daşıyır. Forum QDİƏT-ə üzv ölkələrin audiovizual tənzimləyici qurumlarının bir araya gəlməsi, informasiya təhlükəsizliyi, rəqəmsallaşma və dezinformasiya ilə mübarizə kimi aktual məsələlərin vahid platformada müzakirəsinə şərait yaradıb.
Azərbaycan Audiovizual Şurasının bu tədbirə ev sahibliyi etməsi, ölkənin media sahəsində apardığı islahatlara və regional dialoqa töhfəsinə bir sübutdur. Yeni texnologiyaların yaratdığı çağırışlar fonunda bu cür əməkdaşlıq, tənzimləyici orqanların daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan verir.
BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.
Qeyd edək ki, Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi” olub.
Forumun açılış mərasimində Audiovizual Şuranın sədri İsmət Səttarov BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsinin qürurverici olduğunu bildirərək deyib: “Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir”.
O qeyd edib ki, forum iştirakçısı olan ölkələr arasında bir çox sahədə uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.
BRAF-ın Baş katibi Deniz Güçer bu platformanın ümumi baxışa uyğun həllər hazırlamaq üçün böyük bir fürsət olduğunu diqqətə çatdıraraq deyib: “Bu, yalnız üzv ölkələr üçün deyil, eyni zamanda, bütün region və digər ölkələr üçün də son dərəcə əhəmiyyətli bir təşəbbüsdür”.
O bildirib ki, bu platforma yalnız mövcud vəziyyətin qiymətləndirilməsi üçün deyil, həm də gələcək strategiyaların hazırlanması, regional əməkdaşlığın gücləndirilməsi və tənzimləmə proseslərinin daha səmərəli təşkili baxımından mühüm zəmin yaradır. Hər bir görüş zamanı üzv ölkələr bir-birinə ilin xülasəsini təqdim edir, bununla yanaşı, daha güclü əməkdaşlıq üçün ortaq baxışa əsaslanan həll yolları üzərində də işləyirlər.
“Bildiyiniz kimi, əvvəlki toplantımızda yeni konsepsiya qəbul etdik. Bu konsepsiya çərçivəsində üzv ölkələr razılaşdırılmış mövzu üzrə illik təcrübə mübadiləsi aparır. Bu il isə diqqətimizi yayım xidmətlərində uşaqların müdafiəsinə yönəltmişik”, - deyə Deniz Güçer vurğulayıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı isə forumun uzun müddətdir ki, uğurla fəaliyyət göstərdiyinə və çoxtərəfli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaratdığına diqqət çəkib. O bildirib ki, qarşıya çıxan ciddi çətinliklərə baxmayaraq, təşkilat fəaliyyətini uğurla davam etdirir və müvafiq tədbirləri həyata keçirir. Layihələrin ardıcıl şəkildə davam etdirilməsi və genişləndirilməsi daha sıx əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıyır.
“Biz artıq növbəti vacib addımları atmalıyıq. Bu isə bütün sahələrdə daha güclü əməkdaşlıq deməkdir”, - deyə Merve Safa Kavakçı vurğulayıb.
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun eksperti Çağlayan Çağlar tədbirin önəmindən bəhs edib. O qeyd edib ki, cəmiyyətlərimizin sağlam informasiya mühitinə çıxışı üçün vətəndaşlara tənqidi düşünmə bacarıqları qazandıran tənzimləyici mexanizmlər son dərəcə vacibdir. BRAF-ın ötən illər ərzində əldə etdiyi uğurlar bu sahədə gələcək istiqamətləri dəqiq şəkildə müəyyənləşdirib.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik institutların, o cümlədən medianın formalaşdırılması istiqamətində mühüm addımların atıldığına diqqət çəkib. Onun sözlərinə görə, bu gün Azərbaycanda söz və media azadlığı təmin olunub, hər bir fiziki və ya hüquqi şəxs sərbəst şəkildə media qurumu yarada bilər.
Təqdimatlardan sonra QDİƏT-ə üzv ölkələrdəki mövzu ilə bağlı son inkişaflar və yeniliklər barədə məlumatlar verilib. BRAF-ın 12-ci Toplantısının Albaniyada keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.
Tədbir çərçivəsində Serbiyanın elektron medianın tənzimlənməsi üzrə qurumunun beynəlxalq əlaqələr üzrə koordinatoru Jelena Kolo Jovanovicin moderatorluğu ilə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada Türkiyənin Radio və Televiziya Üzrə Tənzimləyici Qurumun (RTÜRK) sədr müavini Deniz Güler, Albaniyanın Audiovizual Media İdarəsinin sədri Armela Krasniqi, Yunanıstanın Radio və Televiziya üzrə Milli Şurasının xüsusi elmi işçisi, hüquq üzrə eksperti Theodora Papadaki, Serbiyanın Elektron Media üzrə Tənzimləyici Qurumunun hüquqi məsələlər üzrə direktorunun köməkçisi Saşa Simoviç, Moldovanın Audiovizual Şurası sədrinin müavini Aneta Gonta məruzələrlə çıxış ediblər.
Forumu yüksək dəyərləndirən Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Sherg.az"a açıqlamasında deyib ki, Bakının 11-ci BRAF toplantısına ev sahibliyi etməsi sadəcə texniki tədbir deyil, Azərbaycanın regionda artan media nüfuzunun və diplomatik çəkisinin bariz göstəricisidir:
“Bakı, Qara Dəniz hövzəsi və yaxın coğrafiyadan olan media tənzimləyicilərinin görüş nöqtəsinə çevrilir. Bu, Azərbaycanı regional informasiya platformalarının qovşağı kimi tanıdır. Təşkilati baxımdan tədbirin yüksək səviyyədə keçməsi Azərbaycanın tənzimləyici orqanlarının peşəkarlığını və beynəlxalq əməkdaşlığa açıqlığını nümayiş etdirib. Bu Forum region ölkələri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, tənzimləmə təcrübələrinin paylaşılması və ortaq çağırışlara birlikdə cavab axtarışı baxımından önəmli addımdır. Bakı Forumu vasitəsilə süni intellekt, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə kimi qlobal mövzular regional kontekstdə müzakirə olunub”.
H.Heydərlinin sözlərinə görə, dezinformasiya və informasiya təhlükəsizliyi mövzusu bu günün ən aktual və həssas məsələlərindəndir. Bu məsələ, xüsusilə qlobal informasiya müharibələrinin intensivləşdiyi dövrdə, ölkələrin milli təhlükəsizliyi üçün prioritet məsələ kimi önə çıxır:
“Bilirsiniz ki, informasiya təhlükəsizliyi, qlobal təhdidlər, feyk xəbərlər təkcə bir ölkəyə qarşı təhdid xarakter daşımır. Bu məsələ qlobal əhəmiyyətli bir problemdir.
Çünki dezinformasiya təkcə ictimai rəyə təsir etmir, həm də siyasi sabitliyi, seçkiləri və beynəlxalq münasibətləri manipulyasiya edə bilir. Sosial medianın ön plana çıxdığı, süni intellekt vasitəsilə videoların, fotoların hazırlandığı bir mərhələdə bu Forumlar vacib əhəmiyyət daşıyır. SI vasitəsilə hazırlanan məzmunların artması ilə vətəndaşların məlumatları şüurlu istehlak etməsi daha da aktuallaşır. Xüsusilə yeniyetmələr və tələbələr arasında rəqəmsal düşüncə, mənbə analizi və kritik media oxusu kimi anlayışların yayılması zəruridir.
Onu da deyim ki, media savadlılığı bu kimi beynəlxalq forumlarda əsas prioritetlərdən biri kimi müzakirə olunur. Media savadlılığı, vətəndaşların yayılan məlumatları tənqidi analiz etmə, faktla manipulyasiyanı ayırd etmə və etibarlı informasiya ilə yanlış xəbəri fərqləndirmə bacarığıdır. Cəmiyyətin özü məlumatı süzgəcdən keçirməyi bacarmalı, dezinformasiyalara qarşı immunitetli olmalıdır”.