- Azərbaycanın qlobal informasiya məkanında mövqelər möhkəmlənir
Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolunu davam etdirir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti xalqımızın milli oyanışının, maarifçiliyinin və azad düşüncəsinin əsasını qoydu.
Bu gün həmin ənənələr müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir və Azərbaycan mediası artıq təkcə ölkədaxili ictimai rəyin formalaşmasına deyil, həm də dövlətimizin mövqeyinin beynəlxalq aləmə çatdırılmasına mühüm töhfə verir.
Azərbaycan mediasının qlobal informasiya məkanında mövqeyini dəyərləndirən Milli Məclisin deputatı Şahin Seyidzadə Sherg.az-a açıqlamasında bildirib ki, XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi güclə deyil, həm də informasiya siyasətinin səmərəliliyi, media potensialı və rəqəmsal kommunikasiya imkanları ilə ölçülür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli informasiya resurslarının gücləndirilməsi Azərbaycanın qlobal informasiya məkanındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
Ş. Seyidzadə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası informasiya cəbhəsində mühüm uğurlar qazanıb:

“ Prezident İlham Əliyevin dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında həlledici rol oynadı və informasiya üstünlüyünün təmin edilməsinə ciddi töhfə verib. İşğaldan azad edilmiş Şuşanın beynəlxalq media dialoqunun mühüm platformasına çevrilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumları media nümayəndələrini, ekspertləri və dövlət rəsmilərini bir araya gətirərək dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövrünün çağırışları, informasiya təhlükəsizliyi və sülhün təşviqində medianın rolu kimi aktual məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Rəqəmsal transformasiya Azərbaycan mediasının beynəlxalq auditoriyaya çıxış imkanlarını daha da genişləndirib. Eyni zamanda, süni intellektin inkişafı yeni imkanlarla yanaşı, deepfake və saxta xəbərlər kimi ciddi risklər də yaradır. Bu baxımdan peşəkar jurnalistika prinsiplərinin qorunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir”.
Deputat əlavə edib ki, Azərbaycan-Türkiyə media əməkdaşlığı da bu sahədə strateji əhəmiyyət daşıyır. Birgə Media Platformasının fəaliyyəti iki qardaş ölkənin informasiya siyasətinin koordinasiyasına, beynəlxalq informasiya məkanında vahid mövqenin formalaşdırılmasına və dezinformasiyaya qarşı ortaq mübarizəyə mühüm töhfə verir: “Son illər COP29, Şuşa Qlobal Media Forumu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun aparıcı informasiya mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Bu cür platformalar xarici jurnalistlərin Azərbaycana səfərlərinə, ölkəmizlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına və milli maraqlarımızın beynəlxalq informasiya məkanında daha effektiv müdafiəsinə xidmət edir. Milli mətbuatın 151 illik yubileyi təkcə zəngin tarixin deyil, həm də müasir Azərbaycan mediasının qazandığı uğurların və gələcək inkişaf perspektivlərinin ifadəsidir. Peşəkar jurnalistika, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlıq əsasında həyata keçirilən siyasət Azərbaycanın qlobal informasiya məkanındakı mövqeyini gələcəkdə daha da gücləndirəcək”.