Azərbaycandan başqa heç bir yerdə qəzeti bu qədər tez öldürməyiblər - Elçin Şıxlı

  • "Türkiyədə qəzet oxumayan adam görməzsən. Qərbdə hamı qəzet oxuyur. Bircə, Azərbaycan əlinə bayraq alıb ki, qəzetləri öldürmək lazımdır"
  • “Mətbuatdan şəxsi maraqlar üçün istifadə edənlər qələmin namusuna xəyanət edir”
  • “Bəsit və mahiyyətsiz yazılarla Zərdabi yolundan uzaqlaşırıq”

Bəzən xalqın milli şüurunun yetişməsində təkanverici qüvvə azad mətbuat və bu yola işıq salan maarifçilər olur. XIX əsrin 70-ci illərinə qədər Azərbaycan xalqı öz doğma yurdunda ana dilindən və milli kimliyindən qopardılaraq, yadlaşdırılmış ömür sürməyə məkum edilmişdi.

Yozlaşmış məhkumluğun zəncirlərini qırmaq missiyası isə xalqın və ölkənin taleyini çiyinlərində daşıyan fədakar ziyalılarımızın üzərinə düşürdü. 1875-ci ilə qədərki mətbuat, özgə dillərin inhisarında idi. Çar Rusiyasının assimilyasiya siyasəti yerli xalqların doğma dilində mətbu orqan yaratmasına imkan vermirdi. Bu məhkumluğa Həsən Bəy Zərdabi və ona yol yoldaşı olan həmkarları son qoydu. 1875-ci il iyulun 22-də qəzetin ilk sayı işıq üzü görsə də, Senzura Komitəsi “Əkinçi”nin hər addımını diqqətlə izləyirdi. Zərdabi yazırdı ki, hər nömrəni çapa vermək üçün Tiflisə göndərir və həftələrlə cavab gözləməli olurdu. Hər il Milli Mətbuat Gününü qeyd edərkən “Əkinçi”nin min bir məşəqqətlə tarixə necə silinməz möhür vurduğunu ehtiramla yad etməliyik. 

Bəs görəsən, “Əkinçi”nin əsasını qoyduğu maarifçilik ideyası və milli şüur xətti bu gün də mətbuatımızda öz əksini tapırmı? 

Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Sherg.az-a açıqlamasında, milli mətbuat günü münasibətilə həmkarlarını təbrik edib:

“Hər birinin yazan qələmləri iti və zehinləri kəskin olsun. Jurnalistika çox çətin və ciddi məsuliyyət tələb edən peşədir. Bu peşənin çətinliyinə qatlanmaq üçün gərək jurnalist olmayasan, jurnalist doğulasan. Mətbuat və media sahəsinə yeni qədəm qoyan gənclərimizi həmişə prinsipial, obyektiv və iradəli olmağa çağırıram. Arzum odur ki, bu peşənin bütün incəliklərinə yiyələnmiş təcrübəli həmkarlarım gənclərə düzgün yol göstərsinlər. 1875-ci il iyulun 22-də Həsən Bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin ideyasını və ana xəttini davam etdirməliyik. Təəssüf ki, bəzən bu yoldan sapanlar da olur”.

Jurnalistin sözlərinə görə, şəxsi maraqları və nəfsi naminə mətbuatdan alət kimi istifadə edənlər, ilk növbədə, qələmin namusuna və həqiqətə xəyanət etdiklərini anlamalıdır:

“Həsən bəy Zərdabi deyirdi: "Bizim xalqın nicatı elmdədir, maarifdədir. Mətbuat isə cəmiyyətin güzgüsüdür." Çalışaq elə işlər görək ki, cəmiyyətin güzgüsü olan mətbuatımız heç vaxt çat verməsin. Bizim əsas səhvlərimizdən biri odur ki, rəqəmsal mediaya hələ də ənənəvi mətbuatın bucağından baxırıq. Əslində, onlar sadəcə platformadır. Yəni xəbərin, fikrin və düşüncənin daşıyıcılarıdır. Zamanında daş kitabələr var idi, sonra kağız gəldi, daha sonra radio, televiziya və internet meydana çıxdı. Bu gün texnologiya inanılmaz dərəcədə irəliləyib. İnanın, sabah elə yeni platformalar yaranacaq ki, indi onlar haqqında təsəvvürümüz belə yoxdur. Lakin əsas məsələ həmin platformaların içini nə ilə dolduracağımızdır. Əgər ortaya dürüst kontent, zəngin məzmun qoya biliriksə, deməli, haqq yolundayıq. Əks halda, bəsit və mahiyyətsiz yazılarla, Zərdabi yolundan sapmış olacağıq”. 

E.Şıxlı onu da qeyd edib ki, mətbuatın təmə daşı qəzət əsasında qoyulub:

“Azərbaycandan başqa heç bir yerdə qəzeti bu qədər tez öldürməyiblər. Türkiyədə qəzet oxumayan adam görməzsən. Qərbdə hamı qəzet oxuyur. Bircə, Azərbaycan əlinə bayraq alıb ki, qəzetləri öldürmək lazımdır. Biz qəzetlərin yaşaması üçün mümkün şəraiti məhv eləmişik, indi oturub dizimizə döyürük ki, bəs qəzet öldü. Dünyada qəzet ölməyib, sadəcə onu Azərbaycanda yanlış addımlarla tələf edirlər. Çap mətbuatını tək bir maliyyə mənbəyindən asılı vəziyyətə salmamalıyıq. Qəzetlərin öz xərclərini qarşılaması və özünü maliyyələşdirməsi üçün lazım olan şərtləri həyata keçirmək o qədər də çətin deyil. Bunu hamılıqla, əlbir olaraq həll edə bilərik".