- "Radio, televiziya və qəzet hələ uzun illər internetlə yanaşı mövcud olacaq"
Mətbuat cəmiyyətin informasiya təminatını həyata keçirən, ictimai fikrin formalaşmasına təsir göstərən və tarixi hadisələri gələcək nəsillərə çatdıran ən mühüm institutlardan biridir.
Tarixin müxtəlif dövrlərində texnologiyanın inkişafı ilə birlikdə media da daim yenilənib, fəaliyyət istiqamətləri və informasiyanın təqdimat üsulları dəyişib. Bununla belə, onun əsas missiyası- cəmiyyəti operativ, dəqiq və obyektiv informasiya ilə təmin etmək dəyişməz olaraq qalıb. Azərbaycan mətbuatı da 150 illik inkişaf yolu ərzində müxtəlif mərhələlərdən keçərək zəngin ənənələr formalaşdırıb və bu gün yeni çağırışlar fonunda inkişafını davam etdirir.
Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu Sherg.az-a mətbuatımızın keçdiyi şərəfli yoldan və hazırki vəziyyətindən danışıb:
"2025-ci ildə Azərbaycan mətbuatı özünün 150 illik yubileyini qeyd etdi. Bu, o deməkdir ki, Azərbaycan mətbuatının "bir əsr üstəgəl yarım əsr" yaşı var.
Əlbəttə, 150 illik tarixi olan bir medianın təkamül və inkişaf yolu keçməsi çox böyük qürur hissi doğurur.
Azərbaycan mətbuatının tarixinə baxsaq, görərik ki, bu mətbuat daim bu xalqın, millətin, dövlətin, torpağın, yurdun problemləri ilə nəfəs alıb, onun inkişafına çalışıb, nöqsanlarının aradan qaldırılmasına səy göstərib və taleyüklü məsələləri öz çiyinləri üzərində daşıyıb.
Belə bir tarixi, belə bir sələfləri olan media nümayəndələri də, əlbəttə, həmişə çalışırlar ki, bu ənənəni davam etdirsinlər. Bu yolu düzgün və təmiz saxlasınlar, sözün aliliyinə, sözün müqəddəsliyinə sadiq qalsınlar və onu özlərinin bayrağı hesab etsinlər.
Bu mənada Azərbaycan mətbuatının dünəni, bu günü və sabahı həmişə yüksələn xətlə inkişaf edib, işığa, tərəqqiyə və rifaha doğru irəliləyib, eyni zamanda vicdanını təmiz saxlamağa çalışıb".
Jurnalist qeyd edib ki, Azərbaycan mətbuatının 150 illik tarixində çox ciddi və mürəkkəb dönəmlər olub:
"Əvvəlcə mətbuatımızın tarixinə nəzər salaq. Ümumiyyətlə, mətbuat xəbərləmə zərurətindən yaranan fəaliyyət sahəsidir. Yəni mətbuatın, medianın və jurnalistikanın əsasında insanın xəbəri yaymaq və xəbər almaq ehtiyacı dayanır.
Beləliklə, bu fəaliyyətin ilkin dövrü başlayıb. Bu yol çaparlar, carçılar, göyərçinlər və meydan çağırışçıları ilə başlanıb. Sonradan yazı meydana gəlib və bununla da qəzetlər yaranıb.
Bu, mətbuat tarixində çox mühüm bir addım idi. Lakin sonradan yazılı mətbuatın rəqibi meydana çıxdı- səsli mətbuat.
Artıq qəzetin çatdırdığı xəbərləri canlı insan səsi ilə çatdıran radio yazılı mətbuat üçün böyük rəqib rolunu oynadı. Bir müddət radionun hegemonluğu dövrü yaşandı. Daha sonra radionun özündən də güclü bir rəqibi meydana gəldi. Bu isə təkcə insan səsini deyil, həm də insan görüntüsünü təqdim edən televiziya idi.
Beləliklə, yazılı mətbuat, səsli mətbuat və vizual mətbuat uzun müddət yanaşı fəaliyyət göstərdilər. Amma hər dövrdə belə fikirlər səslənirdi: radio yarananda qəzet üçün "təhlükədir" deyirdilər, televiziya yarananda isə radionun gələcəyini sual altına alırdılar.
Sonradan isə onlayn eraya qədəm qoyuldu. Elektron və innovativ inkişaf elə bir mərhələyə çatdı ki, internet yarandı".
Professor internetin bütün bu media növlərinin ən böyük rəqibinə çevrildiyini və bu gün də həmin rəqabətin pik həddə çatdığını deyib:
""Mətbuatın hansı problemi var?" sualı da məhz burada özünü daha qabarıq şəkildə göstərir. Belə bir polemika yaranır ki, internet dövründə mətbuat hansı yolu seçəcək? Tamamilə internetləşəcəkmi, elektronlaşacaqmı və onlayn jurnalistika tam üstünlük qazanacaqmı? Yoxsa ənənəvi media, yazılı media, vizual media da paralel şəkildə fəaliyyətini davam etdirəcək?
Hesab edirəm ki, bunlar hələ uzun müddət birgə mövcud olacaqlar. Çünki onların hər birinin öz üstünlükləri var.
Məsələn, radio vasitəsilə canlı səsləri toplayır, qoruyur və gələcək nəsillərə ötürə bilirik. Düzdür, bu, texnikadan asılıdır və bəzən müəyyən materiallar itə də bilər. Amma qəzet elə bir vasitədir ki, necə deyərlər, "yazıya pozu yoxdur". Qəzetdə yazılanlar illərlə, hətta əsrlərlə yaşayır.
Eyni sözləri televiziya haqqında da demək olar. Televiziya internet qarşısında nə qədər çətinliklər yaşasa da, onun öz üstünlükləri var. O, böyük auditoriyaya malikdir, geniş ekran və geniş təqdimat imkanları yaradır, eyni zamanda zəngin arxiv rolunu oynayır".
Media eksperti bu gün mətbuatımızın əsas probleminin rəqabət olduğunu bildirib:
"Bu rəqabətdə yazılı media, vizual media, elektron media, onlayn media və internet mediası yarış və mübarizə dövrü yaşayırlar. Ümid edirəm ki, bu mübarizənin nəticəsi oxucuların, tamaşaçıların və dinləyicilərin xeyrinə olacaq".