Milli mətbuatımız dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsidir - ŞƏRH

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli maarifçilik ideyalarının, ictimai tərəqqinin, milli özünüdərkin və azad düşüncənin əsas tribunasına çevrildi. Bu qəzet yalnız mətbuat orqanı deyil, milli oyanış hərəkatının ideoloji platforması idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, məhz milli mətbuat xalqın milli kimliyinin qorunmasına, ana dilinin inkişafına və istiqlal ideyalarının formalaşmasına mühüm töhfə verib, Sonrakı illərdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və “Açıq söz” kimi mətbuat orqanları isə maarifçilik missiyasını davam etdirərək Azərbaycan ictimai fikrinin inkişafına mühüm töhfələr veriblər.

Mehriban Vəliyeva qeyd edib ki, müstəqillik dövründə Azərbaycan mediasının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildən etibarən həyata keçirilən siyasi və hüquqi islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində dönüş nöqtəsi oldu. Bununla yanaşı, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası yaradıldı, media mühitinin inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirildi. Bu siyasət nəticəsində Azərbaycanda plüralist media mühiti formalaşdı, söz azadlığı konstitusion təminat aldı və milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə media dövlət idarəçiliyinin və informasiya təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrilib: “2021-ci ildə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbulu milli medianın müasir çağırışlara uyğun inkişafına yeni imkanlar açıb”.

Müsahibimiz deyib ki, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı və qlobal informasiya axını media qarşısında yeni vəzifələr müəyyənləşdirir: “Müasir dövrdə media təkcə informasiya ötürən platforma deyil, həm də milli təhlükəsizliyin və dövlət kommunikasiya siyasətinin mühüm elementidir. Süni intellekt, rəqəmsal platformalar, sosial media, sürətli informasiya axını və qlobal kommunikasiya şəbəkələri medianın fəaliyyət istiqamətlərini köklü şəkildə dəyişdirib. Bu şəraitdə dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, informasiyanın düzgün yoxlanılması və cəmiyyətin operativ məlumatlandırılması milli medianın əsas vəzifələrindən birinə çevrilib. Məhz bu baxımdan Milli Məclisdə qəbul edilən son qanunvericilik dəyişiklikləri ilə Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni model vahid media siyasətinin həyata keçirilməsinə, informasiya təhlükəsizliyinin gücləndirilməsinə, innovasiyaların tətbiqinə və medianın iqtisadi dayanıqlığının artırılmasına xidmət edəcək”.

Mehriban Vəliyeva diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan mediasının peşəkarlığını bütün dünyaya nümayiş etdirib. Azərbaycan jurnalistləri operativ məlumatlandırma ilə yanaşı, Ermənistanın dezinformasiya kampaniyalarına qarşı effektiv informasiya mübarizəsi apararaq ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə veriblər.

Postmüharibə dövründə də media Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, “Böyük Qayıdış” proqramının və Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində mühüm missiya yerinə yetirir.

Deputat qeyd edib ki, son illər Prezidentin təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının nüfuzlu platformalarından birinə çevrilib. 2026-cı ildə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirdi. Forum çərçivəsində media etikası, süni intellekt dövründə jurnalistikanın gələcəyi, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası kimi aktual məsələlər geniş müzakirə olundu.

“Azərbaycan dövləti milli medianın iqtisadi dayanıqlığının gücləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Media subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından istifadə hüququ, peşə fəaliyyətinə dövlət dəstəyi mexanizmləri və sosial müdafiə tədbirləri bu sahəyə sistemli qayğının göstəricisidir. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi jurnalist əməyinə verilən yüksək qiymətin təzahürüdür”, - deyə deputat əlavə edib.

Mehriban Vəliyeva qeyd edib ki, müasir geosiyasi şəraitdə informasiya məkanı dövlətlər arasında rəqabətin əsas platformalarından birinə çevrilib. Bu baxımdan Azərbaycan mediasının qarşısında duran əsas vəzifələr milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və dezinformasiyaya qarşı peşəkar mübarizənin aparılmasıdır. 151 illik inkişaf yolu göstərir ki, milli mətbuatımız “Əkinçi”dən başlayan maarifçilik missiyasını bu gün də uğurla davam etdirir. Dövlətin həyata keçirdiyi ardıcıl islahatlar Azərbaycan mediasının milli həmrəyliyin möhkəmləndirilməsində və ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsində mühüm rolunu daha da artırır.