- Aygün Əzimova: "Mətbuat bu gün də cəmiyyətin düşüncə tərzini formalaşdıran əsas institutlardan biridir"
22 iyul Azərbaycan milli mətbuatının yaranmasının ildönümü və Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk milli qəzet olan “Əkinçi"nin nəşrə başlaması ilə bağlıdır.
“Əkinçi” yalnız milli mətbuatın əsasını qoymaqla kifayətlənməyib, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması, ana dilinin inkişafı və ictimai fikrin təşəkkülündə mühüm rol oynayıb. Ötən dövr ərzində Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında və milli dəyərlərin qorunmasında əhəmiyyətli missiya yerinə yetirib. Milli Mətbuat Günü bu zəngin tarixi irsi xatırlamaq, mətbuatın keçdiyi yolu dəyərləndirmək və onun müasir dövrdəki rolunu bir daha nəzərdən keçirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Sherg.az-a 22 iyul tarixinin önəmindən və hazırda mətbuatımızın qarşılaşdığı problemlərdən danışıb:
"“Mətbuatı olmayan millətin mövcudiyyəti, istiqabalı qətiyyən yoxdur" (Ö.F.Nemanzadə) söyləyən qələm sahibləri mətbuat yarandığı gündən bu günə qədər оnu doğru-düzgün təməl üzərində qurmaq, “vilayətin aynasına” (H.Zərdabi) çevirmək, “millətin dili məqamında" (S.Hüseyn) qiymətləndirmək yolunda çətin sınaqladan keçiblər. Klassik mətbuatımızdan bu günümüzə körpü salsaq görərik ki, milli şüurun formalaşmasında, xalqın maariflənməsində, milli düşüncənin və milli dilin qorunmasında mühüm rol oynayan mətbuat bu gün də bu ənənəni davam etdirir. Elmə, təhsilə və ictimai məsələlər müasir dövrümüzdə də jurnalistikanın əsas istiqamətlərindən biri kimi önəm kəsb edir. Bu da cəmiyyətin inkişafının əsasını təşkil edir.
Bu gün jurnalistika cəmiyyətin inkişafının əsas faktorlarından biri kimi ictimai məlumatlandırma, maarifləndirmə, nəzarət və sosial dəyişiklik yaratmaq gücü baxımından da qiymətləndirilir. Müasir dövrdə jurnalistika yalnız xəbərləri çatdıran sahə deyil, həm də cəmiyyətin düşüncə tərzinin formalaşmasına müsbət təsirə malik mühüm institutdur. Belə ki, ölkədə və dünyada baş verən həm siyasi, həm iqtisadi, həm də sosial və mədəni hadisələr haqqında operativ və düzgün məlumatlar verir. Bu da cəmiyyətin daha düzgün qərarlar qəbul etməsinə və dövlətin inkişafına xidmət göstərir. İctimai nəzarət vasitəsi rolunda çıxış edən
mətbuat dövlət qurumlarının və strukturların fəaliyyətində şəffaflığın artırılmasına və cəmiyyətin inkişafına mane olan ciddi problemlərin üzə çıxarılmasında da böyük rol oynayır".
Müdahibimiz bildirib ki, müasir dövrün texnoloji inkişafı çap vasitələri ilə yayılan xəbərlərin internet, sosial media və rəqəmsal platformalar vasitəsilə daha sürətli və qlobal səviyyədə cəmiyyətə çatdırılmasını zəmin yaradıb:
"Bunu müəyyən mənada müsbət qiymətləndirmək lazımdır. Lakin mənfi tərəflərini də qeyd etmək vacibdir. İnternet, sosial media və rəqəmsal platformalardan fərqli olaraq ənənəvi mətbuatda etibarlılıq və redaktə nəzarəti var. Məlumatları məsul şəxs yoxlanışdan keçirdiyi üçün səhv məlumatların yayılmasına az təsadüf edilirdi. İnternet, sosial media və rəqəmsal platformalarda isə dezinformasiya, saxta xəbərlər və manipulyativ məzmun çoxluq təşkil edir.
Ona görə müasir mətbuat cəmiyyətin ən vacib informasiya mənbələrindən biri olsa da, onun etibarlılığının yoxlanılması vacib məsələdir.
Çap mediasının zəifləməsi əsasən internet, sosial şəbəkələr və rəqəmsal platformaların yüksəlişi ilə bağlıdır. İnsanlar xəbəri daha sürətli, pulsuz və interaktiv formada almağa cəhd edirlər.
Çap mediası uzun illər jurnalistikanın əsas dayaqlarından biri olub. Redaksiya süzgəcindən keçən materiallar, araşdırma yazıları və analitik məqalələr daha böyük rol oynasa da çapın zəifləməsi bəzən səthi, yoxlanılmamış məlumatların yayılmasına şərait yaradır.
Ən ciddi məsələ isə çap mediasının müəyyən qədər zəifləməsidir. Çap materiallarının uzun müddət saxlamasını və tarixi mənbə kimi istifadə olunmasını, tarixi salnamə rolunu dəyərləndirsək, deyə bilərik ki, bu sahəyə xüsusi diqqət yetirilməklə peşəkar standartların qorunmasına da nail ola bilərik. Ona görə ki, klassik mətbuatda formalaşmış jurnalist etikası və məsuliyyət prinsipləri bəzən rəqəmsal mediada zəifləyir".
Aygün Əzimova vurğulayıb ki, “Əkinçi”dən tutmuş bu günə uzanan körpü həm böyük bir inkişaf tarixidir, həm də yeni çağırışlarla dolu bir yoldur:
"Əsas məqsəd keçmişin maarifçilik və peşəkarlıq ənənələrini qoruyaraq müasir texnologiyaların imkanlarından düzgün istifadə etməkdir.
22 iyul Milli Mətbuat günü münasibəti ilə həmkarlarımı təbrik edir, qələmlərinin həmişə yazar olmasını arzulayıram".