Möhsün Nağısoy: “Bu xalqın artisti, bu xalqın dilində danışmalıdır” - MÜSAHİBƏ

"Yanıma Xalq artisti gəlmişdi, cərimə sözünü eşidəndə az qaldı ki, ağlasın"



"Guya, rusdilli məktəblərdə daha yüksək səviyyədə təhsil verirlər. Bu, əslində geriliyin əlamətidir"




Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Möhsün Nağısoy “Şərq”in suallarını cavablandırıb. Onunla Azərbaycanda dil normalarının qorunması istiqamətində atılan addımlar, məmurların dil problemi, ölkəmizdə rusdilli məktəblərə marağın artması, aparıcı və müğənnilərin dil normalarını kobud şəkildə pozmaları və başqa mövzular ətrafında maraqlı fikir mübadiləsi apardıq.
 
- Azərbaycanda dil normaları hansı səviyyədə qorunur? 

- 2013-cü ilin sonunda Dilçilik İnstitutunun nəzdində Monitorinq Şöbəsi yaradılıb. Azərbaycanda “Dil haqqında Dövlət proqramı” var. Bu proqram 9 aprel 2013-cü il tarixində ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunub. Ona uyğun olaraq, xüsusi şöbə yaratmışıq. Şöbənin əsas işi dil pozuntularının qarşısını almaq, ədəbi dil normaları ilə bağlı müəyyən işlər görməkdir. Biz yalnız maarifləndirmə işi aparırıq. İnsanlara dil normalarını izah edirik. Reklamların və saytların məsələsi ilə bağlı "dəyirmi masa"lar keçiririk. Amma bizim təsir mexanizmimiz yoxdur. Yalnız izahedici və maarifləndirmə işləri aparılır. Bütün bunların hamısı vətəndaşların vətəndaşlıq borcuna, ana dilinə hörmətə və sevgisinə bağlıdır. Kimsə ana dilini sevirsə, öz dilini millətinin sərvəti və varlığı hesab edirsə, o adam dil normalarına əməl edir, onu qoruyur. Dilini sevən adam iaşə obyektinə əcnəbi ad verməz.

- İaşə obyektlərindən söz düşmüşkən deyim ki, restoran, şadlıq evləri və digər obyektlərə elə adlar verilir ki, onu tərcümə edib, mənasını dərk etmək bir yana, heç üzündən oxumaq olmur. Bunun qarşısını almaq olarmı?

- Mən də şahidi olmuşam ki, iaşə obyektlərinə əcnəbi adlar verilir. Halbuki, Azərbaycan Respublikasının "Dövlət dili haqqında" qanunu var. Bu qanun 2 yanvar 2003-cü ildə ulu öndər Heydər Əliyevin imzası ilə təsdiq olunub. Birmənalı şəkildə yazılıb ki, istənilən elan başqa dildə yazıla bilər, bir şərtlə ki, onun həcmi Azərbaycan dilindəkindən çox olmasın. Yəni, elan və reklamlar ilk növbədə ana dilimizdə yazılmalıdır. Ondan sonra başqa dildə də yazıla bilər. 

- Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasına dair sərəncam imzaladı... 

- Prezidentin sərəncamı ilə Monitorinq Mərkəzi yaradılmalıdır. Ölkə başçısı Azərbaycanda dil normalarının qorunmasına xüsusi diqqət yetirir.  2015-ci ildə Akademiyanın 70 illiyi ilə bağlı keçirilən yubiley tədbirində Prezident söylədi ki, Azərbaycan dili o qədər zəngin dildir ki, əcnəbi kəlmələrə ehtiyac yoxdur.  Əslində hər kəs ölkə başçısının dilimizə münasibətindən özü üçün nümunə götürməlidir. Çünki millətini sevən dilini sevir, dilini sevən vətənini sevir. Dil bizim milli sərvətimizdir, xalqımızın varlığıdır. Amma yenə də deyirəm ki, bizim qurum yalnız maarifləndirmə işləri aparır. Təsir mexanizmimiz olmadığına görə, qəti addım ata bilmirik. 

- Ola bilərmi ki, bu şöbəyə də cəzalandırma imkanları verilsin?

- Təklif etmişdik ki, Monitorinq Mərkəzi yaradılanda o quruma cərimə tətbiq etmək səlahiyyəti də verilsin. Yəqin onun da üzərində işləyəcəklər. Özü də cərimə deyəndə, çox adam elə anlayır ki, təkcə fərdləri cərimələyəcəklər. Xeyr, elə deyil! Reklam agentlikləri və iaşə obyektləri cərimələnəcəklər. Onları cərimələsələr, işlər qaydasına düşər. Baxın, şadlıq evləri ekologiyanı çirkləndirdikləri üçün onları cərimələyirlər. Həmin şadlıq evləri dilimizi çirkləndirirlər, amma cərimələnmirlər. Mənə elə gəlir ki, buna oxşar qayda dillə bağlı da tətbiq edilməlidir. 

- Təkliflər vardı ki, Azərbaycanda dil normalarının qorunması üçün “Dil polisləri” yaradılmalıdır. Bu məsələ nə dərəcə realdır və ümumiyyətlə, həmin mexanizmə ehtiyac varmı? 

- Baltikyanı ölkələrdə bu məsələ tətbiq olunur. Bizdə isə ehtiyac duyulmur. Amma yeni yaradılacaq Monitorinq Mərkəzinə dil normalarını pozan qurumları cərimələmək səlahiyyəti verilsə, bu, effektiv olar. “Dil polisi” kiminsə yanında dayanıb, onun dil normalarını pozmasını izləməyəcək ki? Millətimiz şüurlu millətdir. Maarifləndirmə işləri davam etməli, eyni zamanda qurumların cərimələnməsi mexanizmi hazırlanmalıdır. 

- Bəzi məmurlarımız Azərbaycan dilində səlis danışa bilmirlər. Onların Azərbaycan dilindəki biabırçı çıxışları sosial şəbəkələrdə yayılır və gülüş predmetinə çevrilir. 

- Biz Monitorinq Mərkəzinin nizamnaməsini hazırladıq. Müəyyən tövsiyələrimizi də verdik. Maraqlı təklif də irəli sürdük ki, dövlət məmurları işə qəbul olunarkən onların ana dili səviyyəsi yoxlanılsın. Axı ana dili dövlətin atributlarından biridir. Biz necə ki, bayrağımıza ehtiramla yanaşırıq, dilimizə də o cür dərin hörmət və ehtiramla yanaşmalıyıq. Axı dil də dövlətin atributudur. 9 noyabrda “Bayraq günü”ündə bütün ölkə bayrağa bürünmüşdü. Dilimizi də bu əyarda sevməliyik. Düşünürəm ki, məmurlar da ana dilimizə hörmət etməlidirlər. Dilimizi mükəmməl öyrənməlidirlər. Ümummilli lider Heydər Əliyev dilimizi yaxşı bilməyən bir neçə məmura xəbərdarlıq etmişdi ki, ana dilimizi öyrənməsəniz, vəzifənizdən azad ediləcəksiniz. Konstitusiyamızda təsbit olunub ki, hər bir şəxs – məxsusi olaraq məmurlar ana dilimizi çox gözəl bilməlidirlər. Baxın, Prezident İlham Əliyev Azərbaycan dilində necə gözəl, səlis, rəvan  danışır. Bu məsələdə milli düşüncə, milli şüur, milli qeyrət lazımdır.

- Azərbaycanda rusdilli məktəblərə maraq kifayət qədər artıb. Məhz bunun fonunda da rusdilli məktəblərin sayı xeyli çoxalıb. Niyə? 

- Azərbaycan hüquqi, demokratik və sivil ölkədir. Konstitusiyamızda 21-ci maddə var. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Həmin maddənin aşağı hissəsində yazılıb ki, Azərbaycan dövləti ölkədə yaşayan başqa xalqların da dilinə hörmətlə yanaşır. Və onların inkişafına dövlət qayğısını həyata keçirir. Bu da insanlardan asılıdır. Elə ailələr mövcuddur ki, ata da, ana da rus dili bilmir, amma uşağını aparıb, rusdilli məktəbə qoyub, bədbəxt edir. Bu da milli şüurdan və vətəndaşlıq qeyrətindən irəli gəlir. Bunun qarşısını almaq da mümkün deyil. Azad, demokratik ölkədə yaşayırıq. Kiməsə qadağa qoya bilmərik ki, sən övladını rusdilli məktəbə qoyma. Bu, sovet dövründən qalan psixologiyadır ki, guya, rusdilli məktəblər daha yüksək səviyyədə təhsil verirlər. Bu, əslində geriliyin əlamətidir.

- Dilimizə xarici dildən keçən, yəni, alınma sözlərə münasibətiniz necədi? Bu sözləri almaqmı daha yaxşıdır, yoxsa onların öz dilimizdə ekvivalentini tapmaqmı?

- Mən də bir vətəndaş və bir dilçi kimi bunların əleyhinəyəm. Sözləri başqa dillərdən hazır almağın əleyhinəyəm. O sözlərin qarşılığı dilimizin daxili imkanları hesabına tapılmalıdır. Jurnalistlərə neçə dəfə demişəm ki, “selfi” yox “özçəkim” deyin. Bunu öz sözlərimizlə demək lazımdır. Çavuş, gizir, tağım sözlərini işlətməliyik. Dialektlərimiz və yazılı abidələrimizdə gözəl sözlər var. Ölkəmiz müstəqillik qazandıqdan sonra yeni sözlər yarandı. Bu məsələdə jurnalistlərin də üzərinə böyük yük düşür. Jurnalistlər yeni yaranan sözləri yazılarda işlətməlidirlər ki, o sözlər ümumişlək hala gəlsin. 

- Dilçilik İnstitutu hansısa sözün ekvivalentini cəmiyyətə təqdim edəndə bunu bəzən gülüşlə qarşılayırlar...

- Biz cəmiyyətə bildirmişik ki, “adapter”ə “yükləyici”, ”zaryatka"ya  “yükləmə” “udilnitel”ə “uzadıcı”, “atvyortka”  “burğac” və “buraç” deyək. Belə sözlərin qarşılığını tapmaq lazımdır. Əslində bunlar terminologiya şöbəsində çalışan mütəxəssislərin işidir. Bu sözləri işlətmək lazımdır. Düzdü, əvvəl o sözlər qulağa yad gələcək, amma sonradan qulaq alışacaq. Rəsul Rza “çimərlik” sözünü yaratdı. Bir müddət “plyaj” dedilər, sonra hamı “çimərlik” dedi. İndi hamı “çimərlik” deyir. Ölkəmizə türklər gəlmişdi, onlar “tıxac” sözünü çox bəyəndilər. Dedilər biz ona “tıkışma”, yəni “sıxlaşma” , “trafik” deyirik, amma siz tapdığınız söz çox gözəldi. Tıxacda doğrudan da maşınlar tıxanıb, qalır.

- Əvvəllər yazıçı və şairlər rayon və kəndlərə təşrif buyurub, xalqın özünün yaratdığı sözləri öyrənirdilər, əsərlərində həmin sözləri istifadə edirdilər. O sözlər də ümumişlək hal alırdı. Amma indi gənc şair və yazıçılar, sanki, dilin üz qabığı ilə işləyirlər. Yeni söz, ifadə axtarışına çıxmırlar... 

- Səməd Vurğun “sayrışmaq” sözünü işlətdi. Süleyman Rəhimovun dilindən də yeni sözlər yarandı. Bu məsələdə şair və yazıçıların da üzərinə böyük vəzifə düşür. Bu məsələ ilə bağlı dialektologiya şöbəsi maraqlanır. Dövlət proqramına əsasən 2015-ci ildə Azərbaycan dilinin dialektoloji atlasının tərtibatına başlandı. O, 4 dialektdə hazırlanacaq. Naxçıvan dialektoji atlası bu ilin sonuna hazır olacaq. Qarabağ dialektoji atlası da hazırlanmalıdır. Planda Dərbənd, Borçalı və Təbriz və ümumiyyətlə, Azərbaycanın dialektlərinin geniş miqyasda atlası hazırlanacaq. Məsələn, bizim ağrılı yerimiz orfoqrafiya lüğəti idi. Onun da üstündə durdum, hazırladıq. 

Əlişir Nəvai “Mühakimət ül-lüğəteyn” tədqiqat əsərində iki dilin - fars və türk dillərinin müqayisəsini aparır. Və üstünlüyü türk dilinə verir. Yazır ki, “qoyun” sözü fars dilində cəmi bir sözlə ifadə olunur, amma  bizdə quzu, toğlu, şişək, qoyun və s. deyilir. Dilimizin zənginliyi, çoxçalarlılığı və zənginliyi bundadır. Yazır ki, farslarda “ağlamaq” feli cəmi bir fellə ifadə olunur. Amma bizdə “ağlamaq”, “hıçqırmaq”, “hönkürmək” və s. sözlər var. Dialektlərdən söz almağı planlaşdırırıq.  Bu, olduqca əhəmiyyətli məsələdir. 

- Müğənnilərin də dil normalarını pozmaları halına çox rast gəlinir. Bununla bağlı hər hansı bir tədbir görmüsünüzmü? 

- Müğənnilərin də monitorinqini keçirdik. Adını demək istəmirəm, Xalq artisti gəlmişdi. Dedim ki, düşünürük ki, dil normalarını pozan müğənniləri cərimələyək. Bu sözü eşidəndə az qaldı ki, ağlasın. Dedi ki, Möhsün müəllim, onda gərək cəriməni öncə mənə tətbiq edəsiniz. Doğrudan da ağlamalı vəziyyətdir. Gözəl müğənnidir, amma deyir daha çox rus dilində danışıram. Bu xalqın artisti, bu xalqın dilində danışmalıdır. Yenə deyirəm, dil millətin sərvətidir. Xalq artisti də bu xalqın dilini, sərvətini qorumalıdır.  

- Teleaparıcılar da dil normalarına əməl etmirlər... 

- Telekanallar xalqın güzgüsüdür. Bizi xaricdəki azərbaycanlılar da izləyirlər. Hər kəs özündə məsuliyyət hiss etməlidir və dilimizi qorumalıyıq.