"Biz yaşından asılı olmayaraq daha hazırlıqlı, intellektual adamların namizədliyini irəli sürəcəyik"
Siyasi partiyalar fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq görürlər. İndiyə qədər seçkidə iştirak etmək üçün MSK-ya müraciət edən siyasi partiyaların sayı 9-a çatıb. Marafona aktiv hazırlıq görən siyasi təşkilatlardan biri də Böyük Quruluş Partiyasıdır.
Partiya başqanı, V Çağırış Milli Məclisin deputatı Fazil Mustafa “Şərq”ə açıqlamasında fəal şəkildə növbədənkənar seçkiyə hazırlaşdıqlarını və hələlik prosesin gedişində problem olmadığını söyləyib.
- Fazil bəy, bəzi partiyalar növbədənkənar parlament seçkisinə qəfil yaxalandıqlarını deyirlər. Sizcə, təxmini 50 günlük zaman seçki hazırlığı üçün kifayətdirmi?
- Biz müharibə aparan bir dövlətik. Hər gün atəşkəs pozulur. Sabah ümumi səfərbərlik elan olunsa və desələr ki, Ermənistanla müharibəyə başlayırıq, o zaman insanlarımız nə deyəcək? Deyəcəklər ki, yox, biz müharibəyə hazır deyilik, çünki qəfil yaxalanmışıq?! Məncə, siyasətdə seçki məsələsinə belə yanaşma düzgün deyil.
- Yəni siyasi partiyalar hər an seçkilərə hazır olmalıdır?
- Əlbəttə, hər partiya seçkiyə hazırlıq içində olmalı və tələb olunan anda siyasi mübarizəyə qoşulmalıdır. Əgər partiyalar siyasətin içindədirsə, məhz bu məqsədlə partiya təşkil edərək təşkilat kimi fəaliyyətə başlayıblarsa, mütləq seçki proseslərinə əvvəlcədən və hər dövrdə tam hazır olmalıdır. Növbədənkənar seçkilər haqqında əvvəlcədən məlumat verilmir ki. Bu, hər zaman ola bilər. Ona görə də belə məsələlərdə bəhanə yoxdur, olmamalıdır. İnsanlar bilməlidir ki, bu cür yanaşmalar doğru deyil.
- Hakim Yeni Azərbaycan Partiyasının imkanlarının daha geniş olduğu vurğulanır. Bu halda digər siyasi təşkilatların resursları rəqabətə imkan verirmi?
- Siyasi mübarizə gedir. Mən BQP sədri olaraq elə etməliyəm ki, seçkilərdə Yeni Azərbaycan Partiyasından daha zəngin gücə və geniş imkana sahib olum. Əgər buna nail ola bilmirəmsə, bunun günahı məndə deyil ki...
- BQP-nin seçkiyə hazırlıqla, ələlxüsus namizədlərlə bağlı problemi varmı?
- Rəhbərlik etdiyim Böyük Quruluş Partiyasında bütün proseslər normal gedir. Seçkiyə hazırlıqla bağlı problemimiz yoxdur.
- Partiya olaraq gənc namizədlərə üstünlük verəcəksinizmi?
- Çalışacağıq ki, parlament seçkisində irəli sürdüyümüz namizədlər gənc və ya yaşlı olmasından asılı olmayaraq daha çox hazırlıqlı və intellektual kadrlar olsun. Seçimimiz və dəstəyimiz əsasən bu yöndə olacaq.
- Özünüz yenidən namizəd olacaqsınızmı?
- Bəli, olacam. 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyimi verəcəm. Partiya olaraq müraciətimizi etmişik.
- Bəzi siyasi qurumların seçkini “boykot” etməsinə münasibətiniz necədir?
- Boykot qərarı yanlışdır. Partiyalar bütün seçkilərə qatılmalı, öz gücünü göstərməlidir.
- ReAL-ın seçkiyə blok şəklində qatılmasını necə dəyərləndirirsiniz?
- Bu cür bloklaşmalara qoşulmaq fikrində deyilik. Çünki ən azından sənədləşmə baxımından böyük əziyyət olur və xeyli zaman aparır. Ona görə də seçkidə partiya olaraq ayrıca iştirak edəcəyik.
- Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovun parlament seçkisi ilə bağlı yaydığı “yol xəritəsi” ictimaiyyətdə birmənalı qarşılanmadı...
- Bu, elə də səviyyəli bir sənəd deyil. Məsələyə kifayət qədər diletant yanaşma var. Onun təqdim etdiyi “yol xəritəsi” Azərbaycan reallığını nəzərə almadan, Milli Məclisdə gedən prosesləri görmədən, siyasi proseslər haqqında təsəvvürü olmadan hazırlanmış bir sıra müddəalardan ibarətdir. Bunlar da həmin şəxsin obyektiv olmadığını göstərir.