"Partiyaların namizəd siyahılarını gözdən keçirirəm, mənzərəyə baxıb, qərar verəcəm"
"Hakimiyyət yeni parlamentdən gözləntilərini düzgün kommunikasiya edə bilsə, yaxşı olacaq"
"Bunlar baş verməsə, biz əvvəlki tərkibin gənc versiyasını görə bilərik"
Ölkəmizdə aparılan kadr və struktur islahatları, Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ictimaiyyətdə yüksək ovqat yaradıb. Bundan başqa, hakimiyyət nomenkulaturasının korrupsiya və rüşvətə bulaşmış məmurlardan təmizlənməsi, əvəzində perspektivli gənc kadrların yüksək vəzifələrə təyin olunması cəmiyyəti müsbət ab-havaya kökləyib. Məhz bunun nəticəsidir ki, əhali fevralın 9-da baş tutacaq növbədənkənar parlament seçkilərinə böyük ümid bəsləyirlər. Öz sahəsində nisbətən fərqlənən insanlar, xüsusən gənclər seçki marafonuna qatılacaqlarını elan edirlər. Biz də “Şərq” qəzeti olaraq bu siyasi və psixoloji təbəddülatı nəzərə alıb, həmin məsələlər ətrafında azərbaycanlı siyasətçi, ictimai fəal Bəxtiyar Hacıyevlə söhbət apardıq.
- Parlamentin buraxılmasını zəruri edən amillər nə idi və bu addımı necə dəyərləndirirsiniz?
- Sonuncu çağırış parlamentin tərkibi həm yaş ortalaması, həm təmsil olunan ayrı-ayrı şəxslərin şəxsi keyfiyyətləri, həm də onların zaman-zaman ictimaiyyəti qəzəbləndirəcək ictimai çıxışları baxımından yeni dövr və yeni çağırışlara uyğun gəlmirdi. Parlament Prezident Administrasiyasından gələn bütün təşəbbüsləri təsdiq etsə də, istər daxili, istər xarici siyasətdə heç bir təşəbbüskarlıq göstərmir, prosesin fəal iştirakçısı olmur və təkan vermirdi. Əksinə, dövlət büdcəsinə yük olmuş, böyük xərcləri ehtiva edən büdcəyə malik, faktiki Prezident Administrasiyasından gələn qanun layihələrini təsdiqləməkdən başqa heç bir funksiyanı, o cümlədən təmsilçilik funksiyasını normal həyata keçirmirdi.
- Səbəb təkcə bu idimi, yoxsa başqa mübhəm amillər də var idi?
- Deyim ki, son bir il ərzində həyata keçirilən kadr islahatları çərçivəsində vəzifəsini itirmiş nüfuzlu şəxslərin xeyir-duası ilə Milli Məclisdə təmsil olunan deputatlar vardı ki, onların da gələcək proseslərdə müəyyən sabotaj riskləri ola bilərdi. Bütün bunları nəzərə alaraq, yeni erkən parlament seçkilərinin keçirilməsi və daha gənc, dinamik, müxtəlif dillərdə danışan, beynəlxalq təşkilatlarla iş bacarığı olan, seçicilərə yaxın insanların seçilməsi üçün bir fürsət yarandı.
- Sosial media və eləcə də ictimaiyyətdən aydın görünür ki, parlament seçkilərinə böyük maraq var. Öz sahəsində cüzi də olsa fərqlənən adam namizədliyini irəli sürəcəyini bəyan edir...
- Əslində, burada həm müsbət, həm də mənfi məqam var. Müsbət məqam ondan ibarətdir ki, vətəndaşlar, xüsusi ilə də gənclər arasında son kadr dəyişiklikləri müəyyən qədər ümid yaradıb ki, artıq regionçuluq, qohumluq, müəyyən oliqarxlarla biznes və ailə əlaqələri yox, şəxsi bilik və bacarıqlar, keyfiyyətlər əsas götürüləcək. Mənfi məqam isə bundan ibarətdir ki, hakimiyyət seçkilərlə bağlı kommunikasiyanı doğru qurmadığına görə, bir çox bilikli, bacarıqlı, şəxsi keyfiyyətlərə malik, siyasi təcrübəsi olan insanlar əvvəlki təcrübələrdən müəyyən tərəddüdlərlə prosesi müşahidə etməklə kifayətlənir. Digər tərəfdən isə həm fərdi qaydada, həm də siyasi partiyaların namizədlər siyahısında xeyli sayda təsadüfi, öz yaşına görə əldə tutulacaq qədər hər hansı bir uğuru olmayan, heç bir perspektiv vəd etməyən xeyli insan namizəd kimi seçkiyə qoşulub. Nəticədə, elə bir mənzərə yarana bilər ki, seçicilər bir çox uğurlu və layiqli namizədi kənarda, təsadüfi insanları isə seçki bülletenlərində görə bilərlər və bu, həm seçicilərdə, həm beynəlxalq ictimaiyyətdə seçkilərlə bağlı mənfi təəssürat oyada bilər.
- Siz də parlament seçkilərinə qatılacaqsınızmı?
- Hələ ki, seçki prosesini müşahidə edirəm. Partiyaların açıqladıqları namizəd siyahılarını gözdən keçirirəm. Parlament seçkilərində namizədliyin elan edilməsi və qeydiyyat üçün sənədləşmə ən əsas mərhələdir və onun üçün hələ ki, zaman var. Əsas seçicilərlə işin düzgün qurulması və təbliğat-təşviqat müddətidir ki, ona namizəd olmadan da hazırlaşmaq olar. Yəqin, bütün partiyalar namizədlərini açıqladıqdan sonra dairələr üzrə mənzərəyə baxaraq, yekun qərarımı verəcəm.
- Yeni parlamentdə nə kimi təbəddülat gözlənilir?
- Əgər proses doğru idarə edilsə, hakimiyyət yeni parlamentdən gözləntilərini düzgün kommunikasiya edə bilsə, cəmiyyətdə tanınmış və hələ ki, tanınmayan, lakin potensiallı insanlar namizəd kimi seçkiyə getsələr, gözləmək olar. Bunlar baş verməsə, biz əvvəlki tərkibin gənc versiyasını görə bilərik.
- Namizədlər seçicilərlə işləyərkən hansı seçki texnologiyasından istifadə etməlidirlər?
- Təbliğat-təşviqat müddəti həddindən artıq az olsa da, düzgün planlaşdırma, könüllülərin və dəstəkçilərin cəlbi ilə hər bir namizəd dairədəki hər bir seçiciyə öz mesajını çatdıra bilər. Biz hələ sosial şəbəkələrin populyar olmadığı, təcrübəmizin kifayət qədər az olduğu 2010-cu il seçkilərində bir çox yeniliklərə imza atıb, seçicilərlə təmasda və onların dəstəyini qazanmaqda uğur qazana bilmişdik. İndi 2020-ci il seçkiləri ərəfəsində insanların böyük əksəriyyətinin sosial şəbəkələrdə olduğu, informasiyanı ənənəvi mediadan daha çox sosial mediadan aldığı dövrdə doğru strategiya ilə namizədlər onlayn elektoratı öz dairəsinə yönləndirə, çox az maliyyə və enerji sərf edərək, çox effektiv kampaniya ortaya qoya bilərlər. Özüm namizəd olsam, öz dairəmdə, olmasam, dəstəklədiyim namizədlərdən bəzilərinin təbliğat-təşviqat prosesində bu yenilikləri tətbiq etməyi düşünürəm. Düşünürəm ki, 2020-ci il Parlament seçkilərində biz nəzəri yox, praktiki olaraq "namizəd seçici ilə necə işləməlidir" sualının cavabını verəcəyik.
- Bir sıra tanınmış müğənnilər də namizədliklərini verəcəklərini açıqladılar. Amma bizim siyasətçilər bunu süngü ilə qarşıladılar. Hətta məlum təşəbbüsü lağ obyektinə çevirənlər də oldu. Bildirdilər ki, Milli Məclis "manıs" yeri deyil, parlament teatr deyil və s. Bu yanaşmaya münasibətiniz necədi?
- Parlament seçkilərində namizədliyin irəli sürülməsi, sənədləşmə və təbliğat-təşviqat prosesi, Milli Məclisdə deputatın öz funksiyalarını həyata keçirməsi elə də asan məsələ deyil. Ola bilər ki, zarafatla hansısa müğənnilər bunu elan ediblər. Lakin bütün bu məsuliyyəti anlayan, bu məsuliyyətin altına girib, seçicilərini təmsil edəcək, onlarla mütəmadi əlaqədə olacaq, qanunvericilik təşəbbüsləri ilə çıxış edəcək, qanun layihələrinə öz təkliflərini və düzəlişlərini verəcək, hakimiyyətin fəaliyyətinə nəzarəti təşkil edə biləcək şəxslər varsa, peşəsindən asılı olmayaraq, namizədliklərini irəli sürməyə heç bir məhdudiyyət yoxdur.
- Ağstafa və Yevlaxın icra başçılarının rüşvət və korrupsiya əməllərinin üzə çıxması, vəzifələrindən azad olunmaları və həbs olunmaları halları qeydə alındı. Və deyim ki, bunlar yeni məsələlər deyil. Sizcə, bu hadisə rüşvətə bulaşmış digər məmurlara dərs olacaqmı?
- Həbs olunan icra başçılarının təqsirləndirildikləri əməllər icra başçılarının çoxu üçün yeni əməl, yeni sxem deyil. Əgər bu həbslərin davamı gəlsə, digər məmurlar müvafiq dərsləri çıxaracaqlar. Davamı gəlməsə, digər məmurlar bu həbsin arxasındakı əsl səbəbin korrupsiya əməllərinə görə yox, hansısa digər siyasi səbəblərə görə olduğunu düşünüb, əvvəlki qaydada fəaliyyətlərinə davam edəcəklər.
- Məlum olaydan sonra bəzi icra başçıları kəndlilərin evinə gedir, ahıllarla görüşürlər, onların əlləri və gümüş tellərindən öpürlər. Uşaqları küçələrdə saxlayıb, başlarına tumar çəkirlər. Həmin anların fotosunu çəkdirib, sosial şəbəkələrdə yayırlar. Bu, vəziyyətdən çıxış yoludurmu və indiyə qədər bu "mələklər" harada idilər?
- İctimaiyyət bu mənzərələri birmənalı qarşılamadı. İnsanlar iki icra hakimiyyəti başçısının həbsindən sonra digərlərinin bu addımını özlərini sığorta etmək cəhdi kimi qəbul etdi. İcra hakimlərinin əksəriyyəti sadə vətəndaşlarla ünsiyyət qura bilmirlər, onların dərdlərini öz dərilərində hiss edə bilmirlər. Bir çoxları müəyyən kriteriyalara qətiyyən cavab vermirlər və heç bir dəyişmək potensialları yoxdur. Problem icra başçılarının vətəndaşlara saxta qayğı göstərməsində, vətəndaşları anlaya biləcək, onları duya biləcək və əsas işi vətəndaşların rifahına xidmət etmək kimi görəcək adamların yox, belə insanların bu postlara təyin edilməsindədir.
- Sizin Ermənistanın baş naziri Nikol Paşinyanla dialoqunuz oldu. Buna don geydirənlər də tapıldı. Kimi dedi cavab verə bilmədi, kimi dedi qələmi verməməli idi? Sizcə, Paşinyana sualınız onu çətinə saldımı?
- Paşinyanla bağlı mənə irad bildirən azsaylı şəxslərin ortaya çıxardıqları alternativ bloger Ata Abdullayev oldu. Cəmiyyət mənim Paşinyana sual verərək, onun təktərəfli təbliğatına mədəni, sakit, normal şəkildə mane olmağımı da gördü, qiymətləndirdi, məni tənqid edənlərin ortaya çıxardıqları şəxslərin aldıqları nəticəni də. Təəssüf ki, hələ də həm icra strukturlarında, həm parlamentdə Ata Abdullayevlərə üstünlük verənlər daha çoxdur.
- Hərbi xidmətdən yayınmağınızı tez-tez gündəmə daşıyırlar. Bir uğura imza atan kimi, deyirlər nə olsun, xidmətdən yayınıb...
- Mən hərbi xidmətdən yayınmamışam, qanuni möhlət almışam və ABŞ-da təhsilimi davam etdirmişəm. Sonradan parlament seçkilərində namizəd olmuşam, seçkidən sonra isə bu ittihamla məni həbs ediblər, 2 il müddətinə azadlıqdan məhrum edilmişəm. Hətta hərbi xidmətdən yayınmış olsam belə, 1 illik xidmətdən daha çox müddət həbs cəzası almışam. Buna görə də bu iradı bildirənləri ciddiyə almıram.
Söhbətləşdi: Ayyət Əhməd