Səbuhi Rəhimli: “Siçan ilində çoxlu sayda hərbi münaqişələr baş verib” - MÜSAHİBƏ

“Bu il kollektiv görülə bilən işi təkbaşına görmək olmaz”

“Ümidsizliyə qapılmaq olmaz. İnsanlar potensiallarını üzə çıxarmağın yollarını axtaracaqlar” 


Müsahibimiz  "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlidir. Onunla astrologiya elmininin sirrləri, bu elmin ulduz falı adlanması, ötən il verdiyi proqnozların özünü doğruldub-doğrultmaması və növbəti il üçün verilən proqnozlar ətrafında söhbət apardıq.  

- Qoroskop nədir?

- Ümumiyyətlə, dünya yaranandan müxtəlif ölkə, tayfa və xalqlarda müxtəlif təqvimlər olub. İslami cəhətdən Hicri-Qəməri və Şəms-Qəməridir. Zərdüştlükdə Saturnun, Avesta və Miladi təqvimi var.  O cümlədən Çin təqvimi var ki, burada 11-ci bürc olan “Dolça”ya su tökən bürcü deyirlər. Su tökən bürcünün dövrü 30 günlük müddətdə dəyişir. Ona görə Çin qoroskopuna əsaslananlar yanvarın birini yeni il kimi qeyd etmirlər, bunu təqvimin dəyişilməsi hesab edirlər. Lakin qarşıdan gələn “Ağ siçovul” ili yanvarın 25-dən başlayacaq və 2021-ci ilin 11 fevralında başa çatacaq. 

- Astrologiya elmi nəyi öyrənir? 

- İnsan dünyaya gələndən kainatı anlamağa, özünü dərk etməyə çalışıb. Psixologiya, din, ilahi elmlər olduğu kimi başqa emlər - astromantiya, astrolapiya və astrologiya da olub. Təəssüf ki, bugünkü astrlogiyanı o qədər çirkaba bulaşdırıblar ki, insanlar buna bir elm kimi yox,  ulduz falı deyə müraciət edirlər. Halbuki, bu elmdə hesablamalara əsaslanan arqumentlər var. Materialist insanlar bunu çox təkzib edirlər. Qəbul etmək istəmirlər. Ortaya fakt qoyanda da deyirlər yəqin, təsadüf  oldu. Amma Astrologiya bir elmdir. Planetin quruluş və trayektoriyasının insana, hadisələrə təsirini öyrənir. Bu itib-batmış, tarixdən silinmiş elmi zərrə -zərrə yığıb, sağlam astrologiyanı insanlara çatdırmağa çalışırıq.

- Qeyd etdiniz ki, astrologiya elmini ulduz falı kimi dəyərləndirənlər var. Bu nə vaxtdan başladı və səbəb nə oldu?

- Təsəvvür edin ki, 1991-ci ildə Azərbaycana “Kto Vi Pa Qoroskopi?” adlı kitab gəldi. Bizim tərcüməçilər  onu “Sizin ulduz falınız” kimi tərcümə etdilər. Fal sözü dilə gəldi. Hamı da onu ulduz falı kimi yazdı. Bu fal sözü artıq elmin gücünü azaldır. Bu fal deyil, astroloji proqnozdur. Bizim mental yanaşmada bir çatışmazlıq var. Bir elmi öyrənməyin ucbatında onu inkar edirlər. Öyrənmədən inkar edirlər.

- İndiyə qədər verdiyiniz astroloji pronozların özünü doğrultmayanı  olubmu? 

- İlk illərdə Zərdüştlük astrologiyası ilə proqnozlar yazamaq istədim. Gördüm ki, insanlar Çin qoroskopuna yeni – yeni öyrəşib.  Siyasi proqnozları zərdüştlük astrologiyasına əsaslanıb, deyirəm  ona görə yanlışım olmur. Bütün proqnozlarım dərc olunub, səhvim yoxdur. Amma Çin qoroskopu ümumi planetar quruluşa ovqatı deyə bilər. Hər il 25 ictimai-siyai proqnoz verirəm. 

- Yanılmıramsa, bəzi politoloqlar sizin pronozlarınızı “süngü”ilə qarşılayır...

- Doğrudur. Politoloqlar bunu inkar edirlər. Deyirlər ki, bu, ola bilməz. Ötən il də proqnozlar  vermişdim. Əksəriyyəti düz çıxdı.

- Məsələn, hansı hadisələri proqnozlaşdırmışdınız?

- Məşhur 6 məmurun işdən azad olunacağını demişdim. Ukrayna - Rusiya, NATO-Rusiya arasında müharibənin olmayacağını bəyan etmişdim. ABŞ-ın İrana hücumunu təkzib etmişdim. Fətullah Gülənin Türkiyəyə  verilməyəcəyini demişdim. Hamısı mətbuatda var. 25 proqnozun 15 -i dünya, 10-u Azərbaycan üçündür. Onlardan 22-i düz çıxıb. Birinin üzərində işləyirəm. Qalan ikisinin dəqiqləşdirmək üçün resurslar yoxdur.  Yayda isti, qışda soyuq olacaq kimi proqnozlar vermirəm.  Mənim proqnozlarım insanların qavraya bilməyəcəyi, mümkün görünməyən proqnozlar olur.  

- 2020-ci il üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nələr proqnozlaşdıra bilərsiniz?
 
- Ümid astroloqlara  qalıbsa, bu, bir az ağrılı məsələdir. Ötən il  Qarabağla bağlı dedim ki, ərazilərimizi azad etmək üçün yalnız şanslı vaxtı deyə bilərik. Müharibəni  aparan ordudur, astroloq müharibə aparan deyil ki?! Ötən il qeyd etdim ki, fevral, may və avqust əks həmlə üçün uğurlu aylardır. Çünki fevralda düşmən  Xocalıda bağça tikdi. May ayında Paşinyan Şuşaya gəlib yallı oynadı və nöqtə  məsələsini vurğuladı. Avqustda Ağdamda hərbi təlimlər keçirdilər. Bunların 3-də bizə əsas verə bilərdi ki, hücum edib, ərazilərimiz separatçılardan təmizləyək. Amma əks-həmlə olmadı. Burada astroloqluq bir iş qalmır. Baxın, 2020-ci ildə də heç bir hücum olmayacaq.  İt və qaban ilində sülh olacağını demişdim. Doğrudan da nə müharibə oldu, nə də qlobal hadisə.  

- Siçan ili necə ildi?

- 2020-ci siçan ili sərt və qarışıq ildir. Miladi təqvimlə hesablayıb tarixi xrolonogiyaya ekskurs  etdim. Gördüm ki, siçan ilində çoxlu sayda hərbi münaqişələr olub. Azərbaycanın  ikiyə bölünməsinin tamamlanması olan Türkmənçay müqaviləsi, II Nikolayın İrəvan və Naxçıvanın  Ermənistan vilayəti olması haqqında fikirləri, azərbaycanlıların 1948-ci il deportasiyası siçan ilinə düşür. Bu ildə hərbi münaqişələr, vətəndaş müharibələri geniş vüsət alıb. Afrikanın yarısında və Qərbi Avropada vətəndaş müharibələri tüğyan edib.  Diktatura rejimləri devrilib, hərbi təyyarələr qəzaya uğrayıb. Amma terror, zəlzələ minumum səviyyədə olub. Bir sözlə, yeni liderlərin yetişməsi və siyasi vəhdətlərin yaranması, yerində olmayanların laxlayan dövrüdür.
Bununla yanaşı deyim ki, Azərbaycanda xoş hadisələr də olub. Siçan ilində Opera və Balet teatrı qurulub. Azercell fəaliyyətə başlayıb, Daşkəsən  və Mingəçevir kimi şəhərlərin əsası qoyulub. 

-  Siçan ili insanlarda hansı əlamətləri üzə çıxaracaq?  

- Daxilimizdəki potensialımızı üzə çıxara biləcəyik. 

- 2020 –ci il hansı bürclər üçün uğurlu olacaq?

- Torpaq və hava ünsürləri olan Buğa, Qız, Oğlaq və Əkizlər, Tərəzi və Dolça öz meydançasında oynayan idmançılar kimi qalacaqlar. Bu il kollektiv görülə bilən işi təkbaşına görmək olmaz. Ümidsizliyə qapılmaq olmaz. İnsanlar potensiallarını üzə çıxarmağın yollarını axtaracaqlar. 

- Gələn il bolluq ili olacaq, yoxsa quraqlıq? 

- Bərəkətli il olacaq. Bolluq olacaq. Müəyyən qara tikanlar var, o tikanlar təmizlənir, təmizlənməkdə davam edəcək. Kəndlinin məhsulunu heç bir vasitəçi olmadan bazara çıxarıb, satacağına şərait yaradılacaq.