"Ədəbiyyat adamı hər yerdə ədəbiyyat adamıdır, feysbukda da, küçədə də"
"Şair fikirləşir ki, 20 manat qonorar üçün şeirin çapını bir ay gözləməkdənsə, elə feysbukda paylaşıb yığdığım layklar, yazılan gözəl sözlər hesabına sevinərəm"
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, yazıçı, jurnalist Cavid Zeynallı “Şərq”ə olduqca maraqlı və orijinal yanaşmalarla zəngin bir müsahibə verib. Yazıçı ilə görüşüb, media ilə əlaqələrin qurulması, bu işin incəlikləri, yazıçıların müxbir kimi çalışmaları və jurnalistikanın insan həyatındakı rolu barədə danışdıq. Bundan başqa, onunla yazıçıların sosial qayğıları və «Feysbuk şairi», «Feysbuk yazıçısı" məsələlərinə toxunduq. Həmçinin, ədəbi hadisə sayılacaq bədii mətnlərin yaranıb-yaranmaması, gənc yazarların sələflərini tənqid və təhqir atəşinə tutmalarına dair fikir mübadiləsi apardıq. Eyni zamanda C.Zeynallı ilə ədəbi media orqanlarının kəmiyyəti və keyfiyyəti, sağlam ədəbi tənqidin mövcud olub-olmamasını müzakirə etdik. Kitab satışının öləziməsi, satış mağazalarının bağlanması və hər bir mətnə verilən qonorarın azlığından söhbət açdıq. Bundan əlavə, ölkə teatrlarında səhnələşdirilən tamaşaların səviyyəsi, teatra olan marağın artması və ya əksinə, azalmasına diqqət çəkdik.
Söhbəti təqdim edirik.
-Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, eyni zamanda media mətbəxini yaxşı bilən, illərlə mediada çalışan biri kimi mətbuatla əlaqələrinizi, işlərinizi necə qurursunuz?
- Deyə bilərəm ki, Azərbaycan Dillər Universitetinin mətbuatla əlaqələri yüksək səviyyədədir. Mən yeddi ilə yaxın APA-nın əməkdaşı olmuşam, ondan əvvəl müxtəlif media orqanlarında çalışmışam. Təcrübə göstərir ki, media ilə müsbət əlaqələrin qurulmasının bircə şərti var: sənə sualı olan jurnalistin istəyini vaxtında və dəqiq yerinə yetirmək. Əgər təmsil etdiyin qurumla bağlı hər hansı ictimai əhəmiyyətli məsələ varsa, bu məsələ mətbuatı maraqlandırırsa, deməli, cavab vermək sənin vəzifə borcundur. Bizim universitetin qapıları jurnalistlərin üzünə hər zaman açıqdır. Universitetin rektoru, akademik Kamal Abdullanın da mövqeyi ondan ibarətdir ki, mətbuatı maraqlandıran, narahat edən hər hansı səbəb varsa, jurnalist rahat şəkildə gəlib hər şeyi öz gözü ilə görə bilər. Bu mənada bizim çəkinəcək, ehtiyat edəcək yerimiz yoxdur. Azərbaycan Dillər Universitetində hər şey şəffaf və qaydalar çərçivəsində əlçatandır. Tələbələr, əməkdaşlar və bizim jurnalist həmkarlarımız da öz fikirlərini rektor başda olmaqla, aidiyyəti struktur rəhbərləri ilə problem yaşamadan bölüşə bilirlər.
- Heç medianın suallarından, sorğularından yayındığınız hallar olubmu və buna səbəb nə olub?
- Belə bir halı xatırlamıram. Əgər bizim bütün situasiya və hadisələrlə bağlı deməyə sözümüz varsa, media ilə işimizi doğru qurmuşuqsa, deməli, sualdan yayınmağa bir səbəb yoxdur. İmtahan sessiyaları dövründə universitetə media turlar təşkil edirik. Siz də həmin tədbirlərdə iştirak etmisiniz. Media turlarda rektorumuz Kamal Abdulla təhsil ekspertləri və jurnalistlərdən məhz onları narahat edən məsələləri eşitməyə üstünlük verir.
- Dediniz ki, universitetdə işə başlamazdan əvvəl APA-da müxbir kimi çalışmısınız. Biz sizi eyni zamanda yazıçı kimi tanıyırıq, iki romanınız, hekayə və pyesləriniz dərc olunub. Ümumiyyətlə, yazıçı müxbir kimi çalışmalıdırmı və bu, hansı məcburiyyətdən irəli gəlir?
- İstər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında jurnalistika ilə məşğul olan çoxsaylı yazıçılar olub.
- Kimlərin adını çəkə bilərsiniz?
- Məsələn, Mark Tven, Emil Zolya, Balzak, Markes, Ernest Heminquey və başqaları. Bizim ədəbiyyatda da mətbuat məktəbini keçən bir neçə imza adı çəkmək olar.
- Jurnalistika insana nəyi öyrədir?
- İlk növbədə ictimai-siyasi mühiti. İnsanları daha yaxşı tanıyırsan, onlarla yaxın təmasda olursan, müşahidələr, konfliktlər, müxtəlif situasiyalara düşmək insanı ayıldır, püxtələşdirir. Mən ədəbiyyat, mətbuat və teatr mühitini əlimin içi kimi tanıyıram. İstənilən şəxs haqqında öz qənaətlərim var. Və hesab edirəm ki, səhv qənaətlər deyil. Amma onlar mənim fərdi münasibətimdir, ictimai müzakirəyə çıxarmağa heç vaxt ehtiyac duymamışam. Amma bütün bunlar yeri gələndə ədəbi mətnlərdə mənə kömək edir. Bundan başqa jurnalistika yazıçıya sürətli yazmağı və düşünməyi öyrədir ki, bizim əksər ədəbiyyatçılarımızda çatışmayan məhz budur.
- Əgər ədəbiyyat hesabına yaşaya bilsəydiniz, jurnalistika ilə iş kimi sistemli məşğul olardınızmı?
- Əlbəttə, yox! Bizim belə üstünlüyümüz olmadığına görə jurnalistikaya həmişə minnətçi və minnətdar olacağıq. Ta ədəbiyyat bizi dolandırana qədər. Sizi əmin edirəm ki, bu, belə astagəl gedişlə heç 20 il sonra da mümkün olmayacaq. Azərbaycanda ardıcıl, məqsədli və faydalı ədəbi proses yoxdur. Hər şey xaotik, adda-budda və həvəskardır. Doğru-düzgün nəşriyyat-yazıçı münasibətləri qurulmayıb, kitab mağazaları yoxdur və s. Amma bütün bunları dərd eləməyə dəyməz. Daha doğrusu, şəxsən mən dərd eləmirəm. Həyat belə-belə işlərlə gözəldir. Əsas odur ki, insanın yazmaq eşqi tükənməsin.
- Xeyli sayda gənc yazar tanıyıram ki, sosial qayğılardan daim gileylənir. Sosial şəraitlərinin ağırlığının onların yaradıcılığına neqativ təsirlərindən şikayətlənirlər. Bəziləri də təklif edir ki, yazıçı və şairlər özlərinə başqa bir iş tapıb, pul qazansınlar, boş olduqca da yazsınlar. Kitabın satışı və qonorarın az, zəif olduğu bir dönəmdə yazıçı və şairlər necə dolanmalı, yaşamalı?
- Bu suala qismən cavab verdim. Bir az da genişləndirsəm, məsələnin başqa tərəflərinə toxunmaq lazımdır. Bütün bunlarla bağlı gəldiyim dəqiq qənaətlər var: biz işləmək istəmirik. Yəni, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”. İşləmək istəyən, içində həqiqi zəhmət sevdası olan insan üçün hər yerdə iş var. Buna adım kimi əminəm. Amma gəlin görək, bizim yaşlılardan tutmuş, gənc yazıçılara qədər neçəsi əziyyətə qatlaşıb işləmək istəyir? İndi sovet dövrü deyil ki, ayda bir qəzet-jurnal buraxmaq üçün gündə iki saat işdə olasan, yerdə qalan vaxtını da ucuz kafelərdə ədəbi qeybətlə məşğul olasan. Baxın həyat nə qədər sürətlidir. Vaxt tez keçir, həyat şərtləri dəyişir. Vaxtdan geri qalmaq qədər faciəvi bir şey tanımıram. İçində həqiqi yazmaq təəssübkeşliyi olan insan bütün şəraitlərdə yazmağı bacarır. Yetər ki, özünü əziyyətə verməyi bacarsın, xroniki tüfeylilikdən əziyyət çəkməsin. Əgər yer əkmək, fəhləlik etmək lazımdırsa, edəcəksən, amma gileylənməyəcəksən. Giley-güzarla adamları yormağı qeyri-etik sayıram. Mən bütün tələbəliyimi və magistr dövrümü fəhləliklə keçirmişəm. Bunu həmişə başucalığı ilə demişəm. İndi pis-yaxşı nəyə nail olmuşamsa, çəkdiyim zəhmətə borcluyam.
- Azərbaycanda ədəbi hadisə sayılacaq bədii mətnlər yaranırmı? Yaranırsa, nə kimi nümunələr göstərə bilərsiniz. Yaranmırsa səbəb nədi?
- Əlbəttə, yaranır. Xüsusən poeziyada. Bizim çağdaş poeziyamız çox gözəldir. Klassik mətnlər səviyyəsində nümunələr yaranır. Nəsr haqqında bunu deməyə bir az çətinlik çəkirəm. Çünki nasir iki daşın arasında, tez-tələsik formalaşa bilməz. Bu, əlbəttə, ilk növbədə istedad, daha sonra zəhmət faktoru ilə bağlıdır. Nəsr həyatın özü kimidir. Onu epizodik yaşamaq olmur, onu sistemli, ağıllı və müdrik yaşamaq lazımdır ki, sonda mübarizədən qalib çıxasan.
- Bir vaxtlar, dəqiq ifadə etsək, 2 il öncə gənc yazarlar, sanki, klassikləri hədəfə almışdılar. Söhbət tənqiddən deyil, təhqirdən gedir. Klassikləri təhqir edib, bir az ajiotaj yarada bilirdilər. Belə şoularla ədəbiyyatda qalmaq mümkündürmü?
- Mən hansısa yazıçının təhqir olunduğunu xatırlamıram. Bizim ən “narahat”, “cığal” həmkarlarımız belə, hesab edirəm ki, qırmızı xəttin sərhədlərinin haradan başladığını bilirlər. Məşhur yazıçıların həyat və yaradıcılıqlarını təftiş etmək mənim üçün heç vaxt maraqlı olmayıb. Ümumiyyətlə, başqasının mətbəxi, həyat tərzi mənə maraqlı deyil. Hədəflərimi, planlarımı bilirəm və bütün işlərimi də ona uyğun qururam. Təftişi o adamlar edir ki, vaxtı çoxdur, daxilən rahat deyil, etiraf edə bilmədiyi həsəd hissinin gözəgörünməz qurbanıdır. Amma gəlin razılaşaq ki, ədəbi proses qalmaqalları, atmacaları ilə gözəl və maraqlıdır.
- Sizi izləyirik, heç bir qalmaqalda, yuxarıda qeyd elədiyimiz şou işlərində görünmürsünüz. Yəqin, şou göstərməyə yox, iş görməyə üstünlük verirsiniz?
- Məni narahat edən yalnız sistemli yaza bilməməyimdir. Hekayələrim var, onları mart-aprel aylarında kitab kimi çap etdirəcəm. Beynimdə bir romanın mövzusu var, imkan olan kimi onu işləmək istəyirəm. Bilirsiniz ki, mən Dillər Universiteti ilə paralel Akademik Milli Dram Teatrında da çalışıram. Teatr mühiti bir başqa dünyadır. Teatr məni pyeslər yazmağa həvəsləndirdi. Üç pyesim var, biri Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə qalib olub. Ümid edirəm, onların tamaşa həyatını görə biləcəyəm. Xüsusən, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım haqqında yazdığım “Şükriyyə” pyesimin tamaşaya qoyulmasını çox arzu edirəm. Görək, inşallah, yaxşı olar. Yaya qədər pyeslərimdən və səhnələşdirdiyim əsərlərdən ibarət kitab çıxartdırmaq istəyirəm. Çingiz Aytmatovun “Cəmilə”, Andre Moruanın “Əsirin qayıtması” əsərlərini səhnə üçün işləmişəm. İndi Tolstoyun “Sergi ata” povestini səhnələşdirirəm. Sonra pyesləri və səhnələşdirmələri kitab edəcəm. Bundan başqa Azərbaycan Dillər Universitetində doktorantura təhsili alıram. “Müstəqillik dövrü Azərbaycan hekayəsində zaman və məkan” adlı elmi iş götürmüşəm, onun üzərində işləyirəm. Yəni planlar çoxdur. Bütün bunların içində ədəbiyyatətrafı işlərlə məşğul olmağa həvəs və vaxt yoxdur. Bəlkə, belə demək daha doğrudur: ədəbi qalmaqallar kino kimidir, onu kənardan izləmək daha maraqlıdır. Bu kinonun iştirakçısı olmağa isə istedadım və fərasətim çatmır.
-Feysbuk həyatımıza elə nüfuz edib ki, az qala hər an və hər dəqiqəmizi onunla birgə keçiririk. Artıq "Feysbuk şairi », «Feysbuk yazıçısı" ifadələri də formalaşıb. Hətta əksər qələm adamı özünün bu adla çağırılmasına sevindiyini bildirir. Sizcə, «Feysbuk şairi», «Feysbuk yazıçısı" olmaqla ciddi ədəbiyyat adamı olmağın arasında sərhədlər varmı?
- Ədəbiyyat adamı hər yerdə ədəbiyyat adamıdır. Feysbukda da, küçədə də, kitabda da. Feysbukda hər gün onlarla maraqlı status, şeir oxuyuruqsa, deməli, ədəbiyyat elə feysbukda yaranır. Ədəbiyyatı daşa-divara yazmaqla da yaratmaq olar. İstedad, zəhmət və yenə istedad…
- Azərbaycanda ədəbi media orqanlarının kəmiyyəti və keyfiyyəti sizi qane edirmi? Deyim ki, bu barədə xeyli narazılıqlar var...
- Ədəbi media orqanlarının kəmiyyəti barədə narazılıq yoxdur. “Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Ulduz” jurnalları və bir-iki digər orqanlar bəs edir. Azərbaycan nə boyda ölkədir, bizim ədəbi mühit nə qədər böyükdür ki, bəs eləməsin? Ədəbi mətnlərə yaxşı qonorar versələr, bütün ədəbiyyat bu orqanların ətrafında yaranar, feysbukda yox. Şair fikirləşir ki, 20 manat qonorar üçün şeirin çapını bir ay gözləməkdənsə, elə feysbukda paylaşıb yığdığım layklar, yazılan gözəl sözlər hesabına sevinərəm. Olmasın o 20 manat! Nə dəyişəcək ki? Söhbət 20-30 manatdan gedirsə, biz hansı keyfiyyətdən danışa bilərik?
-Məncə, sağlam ədəbi tənqid nə qədər çox olarsa, bir o qədər yaxşı mətnlər yaranar. Bizdə bu sahədə vəziyyət necədi?
- Şəxsən özümlə bağlı xüsusi sıxıntım yoxdur. Yaxşı mətnlərə ədəbi tənqid həmişə reaksiya verib.
-Ötənlərdə teatrlarla bağlı sosial mediada yazılan bir statusa şərh yazmışdınız. İstifadəçi iddia edirdi ki, maraqlı, sanballı tamaşalar səhnələşdirilmir, siz isə əksini iddia edirsiniz. Bu sahədə vəziyyət nə yerdədir, maraqlı tamaşalar olmur, yoxsa tamaşaya gedənlər azdır və ya yoxdur?
- Məsələ belə olmuşdu: bir dostumuz status yazmışdı ki, teatr “Ölülər”, “Dəli yığıncağı” və başqa tamaşaları səhnəyə qoya bilmirsə, deməli, yoxdur, biz teatr haqqında danışa bilmərik. Mən də cavab yazdım ki, Akademik Milli Dram Teatrı “Ölülər”i 3 il əvvəl, “Dəli yığıncağı”nı isə ötən il hazırlayıb. Teatr mühiti ilə tanış olmaq istəyən hər kəsi Akademik Milli Dram Teatrına dəvət edirəm. Teatrın repertuarında hər kəs öz zövqünə görə tamaşa tapa bilər. Klassika da var, müasir tamaşalar da, uşaq tamaşaları da. Gəlib bizim tamaşalara zövqlə, ləzzətlə baxa bilərlər. Sevinirəm ki, teatrın tamaşaçı problemi də həll olunub, nümayişlərdə tamaşaçı sayı çox olur.
-Ədəbiyyatımıza, ədəbiyyat adamlarımıza və AYB-yə arzularınız nədir?
- Arzulara çox da fikir verməyək. Onların sərhədləri böyükdür və bizim imkanlarımızla üst-üstə düşməyəndə mənəvi boşluq başlayır. Özümüzü bu boşluğa düşməkdən qoruyaq.
Söhbətləşdi: Ayyət Əhməd