Əziz Əliyev: “Seçkiyə mən qatılmayım, kim qatılsın, Lyubamı?” - MÜSAHİBƏ


“Bütün bacardığım üsullara əl atacağam. Məni nə Lyuba, nə Dadaş müəllimin mühafizəsi, nə də ki yoldan keçən maşın dayandıra bilər”

“Minlərlə insan hansısa məmurun, bəzən hətta millət vəkillərinin qəbullarında günlərlə, aylarla gözləyir. Bu haqsızlığa mən son qoymasam, kim qoyacaq?”

“Dadaş müəllimin sayəsində problemlərin üzə çıxarılmasında mənim artıq böyük təcrübəm var”




Xəbər verdiyimiz kimi, 2020-ci ilin 17 yanvar tarixindən etibarən növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Namizədlərin sırasında bir çox sektoru təmsil edən, ictimaiyyətdə seçkiyə kifayət qədər maraq və rənagarənglik qatan insanlar da var.  Belə namizədlərdən biri də İctimai Televiziyanın əməkdaşı Əziz Əliyevdir. “Onun adamı” şüarı ilə yola çıxan Ə.Əliyev də digər fəal namizədlər kimi, bir neçə gündür, olduqca aktiv şəkildə təbliğat-təşviqat işini aparır. Seçicilərlə mütəmadi görüşlər keçirir. Maraqlıdır, görəsən  ictimaiyyətdə həm də “3D”nin Əzizi kimi tanınan Ə.Əliyev insanların əzizinə çevrilə bilirmi və ümumiyyətlə, seçicilərin əzizinə çevrilmək üçün nə kimi müasir, innovativ təbliğat metodundan istifadə edir? İctimaiyyəti maralandıran bu və ya digər suallara cavab tapmaq üçün Ə.Əliyevlə əlaqə saxlayıb, münasibətini öyrəndik.  



-Seçkidə iştirakınız hansı zərurətdən doğdu?

- Uzun müddət Dadaş müəllimin qəbulunda gözlədim. Nəhayət, Dadaş müəllim məni qəbul edəndə, öz nəsihətini verəndə, anladım ki, mən bunu etməliyəm. Axı mən olmasam, onda kim olsun? Lyubamı? Məndə özünəinam yarandı. Əgər AFFA-nın baş katibini verilişə dəvət edə bildimsə, deməli, bunu da bacararam. Yüzlərlə, minlərlə insan hansısa məmurun, bəzən hətta millət vəkillərinin qəbullarında günlərlə, aylarla gözləyir. Bu haqsızlığa mən son qoymasam, kim qoyacaq?


-"Onun Adamı" şüarı işinizə yarayırmı və ümumiyyətlə, Dadaş müəllimin və ya "3D"nin imzatoplamada, təbliğat, təşviqat kampaniyasında sizə bir köməyi dəydimi?

-Düzünü desəm, Dadaş müəllim mənə heç AFFA-nın baş katibi Elxan Məmmədovu dəvət etməyə çalışanda belə kömək etmədi. Lakin onun səssiz baxışlarını daim hiss edirdim. İndi isə onun son sözləri məni çox ruhlandırır. Həmçinin, Dadaş müəllimin pencəyinin rəngi poster dizaynının seçiminə çox böyük təsir göstərdi.



Niyə məhz "Onun adamı"şüarını seçib arxada da Dadaş müəlimin siluetini yerləşdirmisiniz? Düşünürsünüz ki, bunun sizə bir faydası ola bilər?

-Dediyim kimi, Dadaş müəllimin mənəvi dəstəyindən savayı bir köməyi olmayıb. Amma mən bu kampaniyamı da özüm üçün bir tapşırıq kimi görürəm və bu tapşırığın da öhdəsindən gələcəyəm. Dadaş müəllimin siluetinin fonda yerləşdirilməsi mənə daim onun üzərimdə olan səssiz baxışlarını xatırladır. 

-Etiraf edim ki, mən də "3D"ni davamlı şəkildə izləyirəm. Cəsarətli suallar çox olur. Müsahiblərə, sanki, insanların ürəyindən tikan çıxaran suallar verilir. Alqışlayıram əməyinizi.  "3D"yə baxanlar sizi dəstəkləyəcəkmi?

-Bu veriliş Dadaş müəllimin əməyinin nəticəsidir. Məhz onun zəngin təxəyyülü sayəsində bu cür verilişin ərsəyə gəlməsi mümkün oldu. Düşünürəm ki, mənim AFFA-nın baş katibini dəvət etməyimin də işə çox böyük xeyri oldu. Nəticədə Dadaş müəllim məni qəbul etdi və yeni tapşırığını verdi. İndi də elə məhz o tapşırığın yerinə yetirilməsi ilə məşğulam.

-Yeni səs, yeni nəfəs olmaq və bu iddianızı isbat etmək üçün cəmiyyətin, insanların qarşısına nə kimi yeniliklərlə çıxırsınız?

-Seçicilərin, vətəndaşların problemi çoxdur. Əslində, onların həlli ilə müvafiq qurumlar məşğul olmalıdır. Daha dərinə getsək, bütün qurumlar elə əvvəldən düzgün işləsə, bu problemlərin bir çoxu heç yaranmaz belə. Bu hallarla ən effektiv mübarizə üsulu bu cür problemlərin işıqlandırılması və cavabdeh qurumlardan açıq şəkildə həll yollarının tələb olunmasıdır. Biz XXI əsrdə yaşayırıq, bütün baş verənlər göz önündədir, bu cür proseslər də ictimai müstəvidə keçməlidir. Dadaş müəllimin sayəsində problemlərin üzə çıxarılmasında mənim artıq böyük təcrübəm var: transparantlar, aclıq aksiyası, elçi daşında gözləmə. Bu yolda hətta qəzaya belə uğradım. İndi də haqq-ədalətin bərqərar olması və problemlərin ictimailəşdirilməsi üçün bütün bacardığım üsullara əl atacağam. Məni nə Lyuba, nə Dadaş müəllimin mühafizəsi, nə də ki yoldan keçən maşın dayandıra bilər.



-Ən ciddi rəqib hesab etdiyiniz opponentiniz kimdir və ona qalib gəlmək üçün nə kimi metodlardan istifadə edəcəksiniz?

- Onun adamına rəqib ola bilməz.

-Seçki təbliğatı zamanı sizə digər namizədlərlə yanaşı bərabər şərait, imkan yaradılıbmı? İşlərinizə əngəl olmaq istəyənlər yoxdur ki?

-Bəli, yaradılmış şərait və imkan cəhətdən heç bir problem yaşanılmayıb. Hər-hansı bir əngəllə rastlaşmamışam. Həm də ki, onun adamına heç kim əngəl ola bilməz.

Söhbətləşdi: Ayyət Əhməd