Rasim Musabəyov:“Danışıqların perspektivi olmadıqca gərginlik artacaq”
“Belə olan halda gərək, Rusiya Ermənistanın başına ağıl qoysun ki, İrəvan Moskvanın siyasətinə maneələr yaratmasın”
Millət vəkili, politoloq Rasim Musabəyov “Şərq”ə danışıb. Onunla dünən Azərbaycan- Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü müzakirə etdik. Bundan başqa, parlament üzvü ilə Fransa rəhbərinin Azərbaycan Prezidentinə telefon zəngi və münaqişəyə dair aparılan müzakirələrə toxunduq. Həmçinin, ekspertlə münaqişənin həllində beynəlxalq təşkilatların rolu, problemin tənzimlənməsini tormozlayan səbəblər barədə danışdıq. Bundan əlavə, R.Musabəyovla müharibə ehtimalı və başqa məsələlər ətrafında fikir mübadiləsi apardıq.
-ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan XİN başçılarının Cenevrə görüşü 7 saat çəkib. Bəlkə də, ən uzunmüddətli danışıqlardan biridir. Gözləntiləriniz nədir?
-Nə həmsədrlər, nə xarici işlər nazirləri dağlıq Qarabağın həllindən danışırlar. Bu görüşlər mənasızdır. Xarici işlər nazirləri sadəcə, 7 saat vaxt itiriblər. Bu ilin fevral ayında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər. Konfrans çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə N.Paşinyan arasında görüşün təşkil olunması istisna olunmur.
-Fransa Prezidenti Emmanuel Makron yanvarın 29-da ölkəmizin başçısı cənab İlham Əliyevə telefonla zəng edib. Liderlər Qarabağ münaqişəsini müzakirə ediblər. Sizcə, Makronun bu zəngi hansı zərurətdən irəli gəlir?
-Bu o deməkdir ki, münaqişəni sülh yolu ilə irəli aparmaq üçün müəyyən səylər göstərilir. Ancaq bunun nəticə verib -verməyəcəyini indidən demək çətindir.
-2020-ci ilin elə ilk ayındaca Ermənistan cəbhənin Qazax istiqamətində yenidən təxribata əl atdı. Düşmən təxribatının qarşısını alarkən sərhəd qoşunlarının əsgəri Fərzəli Fərzəliyev şəhid oldu. Bunun xatırlatmaqda məqsədim odur ki, düşmən ipə –sapa yatmır, öz destruktiv mövqeyini, işğalçı mahiyyətini, niyyətini davam etdirir. Bu işlərin sonu necə olacaq?
-Düşünürəm ki, Paşinyan sərsəm bəyanatlarından əl çəkib, ciddi danışıqlara başlayacaq. Amma bunun nəticə verib- verməyəcəyini öncədən demək çətindir. Bir onu deyə bilərəm ki, danışıqların perspektivi olmadıqca gərginlik artacaq və vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək. Bu qədər, deyəcəyim başqa bir söz yoxdur.
-Münaqişənin həllinə dair ikili yanaşma var. Kimi iddia edir ki, beynəlxalq təşkilatlar işğalçıya təzyiq göstərməlidir. Kimi də bildirir ki, beynəlxalq istitutlara ümid etmək olmaz və Azərbaycan hərbi əməliyyatlara başlayıb, ərazilərini separatçı, işğalçı və terrorçulardan təmizləməlidir. Siz necə düşünürsünüz?
-Malı-mala qatmaq olmaz. Beynəlxalq şərait imkan verərsə, öz gücümüzdən istifadə edəcəyik. Ancaq hərbi gücümüzdən istifadə edib, Azərbaycanı daha da çətin duruma salmaq yumşaq desək ağılsızlıqdır. Yəni, Azərbaycanın hansı qərarı verməsi şəraitdən asılı olacaq. Hər bir halda ordumuz əməliyyatlara hazır olmalıdır. Hərbi təlimlər davam etdirilməli, silahlar alınmalı və ordumuzun hazırlığı yüksəldilməlidir. Bütün bunlar isə dolayısı ilə Ermənistana təzyiq deməkdir.
-Bəzən belə iddialar da ortaya atılır ki, lokal əməlliyyatlara başlanılmalı və ərazilərimiz qarış-qarış da olsa, işğaldan azad olunmalıdır. Doğru yanaşmadırmı?
Naxçıvanda və Qazaxda düşmən təxribatının qarşısını alarkən lokal əməliyyatlar olur. Bunun özü də işğalçı ölkəyə bir təzyiqdir. Hərbi təzyiqlər var, amma bu təzyiqləri böyük hərbi əməliyyat, müharibə müstəvisinə gətirmək təbii ki, şəraitdən asılıdır.
-Məsələn, hansı şəraitdən, bu şərait niyə yaranmır, şəraitin yaranmasına kim, hansı ölkə mane olur?
-Burada Rusiya faktoru var. Mənə elə gəlir ki, dərin izaha ehtiyac yoxdur. Gürcüstan nəticəsini gördü, Ukraynanın durumunu görürsünüz. Halbuki, Azərbaycan Gürcüstan və Ukraynanın Qərbdən aldığı dəstəyin yarısını belə almır. O dəstəyi əldə etmək imkanımız yoxdur. Bunlar hamısı konkret vəziyyətlər, real hadisələrdir.
Hərbi təzyiqləri artırmalı olduğumuzu söylədiniz. Tək hərbi təzyiqlərimi artırmalıyıq?
-Düşmənə qarşı hərbi təzyiqlərlə yanaşı həm beynəxalq, həm dipmlomatik, həm də informasiya təzyiqlərini gücləndirməliyik. İqtisadi və nəqliyyat cəhətdən Ermənistanın zəifləməsinə nail olmalıyıq.
Rusiya –Türkiyə yaxınlaşması münaqişənin həllinə impuls verə bilərmi?
-Bəli, müəyyən müsbət təsirləri ola bilər. Ankara-Moskva yaxınlaşması Ermənistanın bir faktor kimi istifadə olunmaq çəkisini azaldır. Rusiya istəməz ki, məhz Ermənistana görə, Türkiyə ilə əlaqələrində soyuqlaşma yaransın. Belə olan halda gərək, Rusiya Ermənistanın başına ağıl qoysun ki, İrəvan da Moskvanın siyasətinə maneələr yaratmasın.