Münhendə nöqtə qoyuldu:“Bircə yol var: güc variantı…”- Müsahibə

 “Azərbaycan gec-tez anti-terror əməliyyatı aparıb, torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq”

“Ölkəmiz hərb yoluna əl atacağı halda, Rusiya və Avropadan müəyyən risklər yarana bilər. Münhen debatı həmin riskləri minumuma endirməyə xidmət edirdi”

“Debatda Paşinyanın destruktiv çıxışlarını dinləyən dünya ictimaiyyəti gördü ki, Azərbaycanın hərbdən başqa yolu qalmayıb. Bunlar başqa dildə başa düşmürlər”




2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.  Debatın mahiyyəti və əhəmiyyəti barədə “Şərq”ə geniş müsahibə verən polkovnik Şair Ramaldanov qeyd edib ki, bu, çox vacib və lazımlı bir debat idi:

-Həmişə rəhbərlər arasında olan danışıqları, müzakirələr zamanı hansı fikirlərin irəli sürülməsinə dair məlumatı 3, 4 və bəzən 5-ci mənbədən alırdıq. Amma bu debat zamanı bütün beynəlxalq qurumlar, siyasətçilər, tarixçilər, hərbçilər cənab Prezidentin hansı mövqedən çıxış etdiyini, hansı əsaslar gətirdiyini bildilər. Eyni zamanda işğalçı ölkə baş nazirinin hansı suallara necə cavab verməsini və yanaşmasını gördülər. Bu debatda Azərbaycan Prezidentinin cavabları və toxunduğu məsələlər insanda qürurverici hisslər oyadır. Prezident İlham Əliyevin ortaya qoyduğu faktlar konkret tarixi sənədlərə söykənir. Ölkə başçısı Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını elmi və tarixi dəlillərlə, əsaslandırılmış şəkildə izah etdi. Dağlıq Qarabağla bağlı məlumatı olmayanlara belə məlum oldu ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub və bu ərazilər Ermənistanın işğalına məruz qalıb. Bu debatda Azərbaycanın birinci qələbəsi bu idi. 

-Bu debatdan sonra bir çox erməni analitklər Paşinyanın müzakirələrdən məğlub ayrıldığını yazdılar...    

-Dağlıq Qarabağ bütün dünya üçün bir sualdır. Açıq debatda Azərbaycan Prezidentinin bütün prosesləri ilkin nöqtəsindən başlayıb son olaylara qədər izah etməsi olduqca yaxşı hal idi. Amma cavabında nə gördük?  Gördük ki, dili topuq vuran işğalçı tərəf heç bir sənədə əsaslanmayan fikirlərlə populist çıxışlar edirdi. İngilis dilində rabitəsiz formada danışaraq uydurmalar danışmaq istəyirdi. Amma heç fikrini belə doğru-düzgün çatdıra bilmirdi. Bu debat bütün dünyaya Azərbaycan Prezidenti ilə erməni baş nazir arasındakı siyasi, tarixi və mədəni fərqi nümayiş etdirdi. Düşünürəm ki, bu debatlar Azərbaycanın və Prezidentimizin xeyrinə başa çatdı. Bu, mənim fikrim deyil. Beynəlxalq analitiklər də buna qiymət verir. Rusiyalı analitiklər də Azərbaycan prezidentinin üstünlüyünü qeyd edirlər. 

-Bundan belə Ermənistandan konstruktiv mövqe gözləmək olarmı? 



-Paşinyan da Ermənistanın əvvəlki rəhbərləri kimi işğal niyyətindən əl çəkməyəcək. Bu debatda nöqtə qoyuldu ki, Ermənistan özbaşına Dağlıq Qarabağı sülh və ya danışıqlar yolu ilə həll etməyə qadir deyil.

-Səbəb nədir, niyə qadir və hazır deyil? 

-Səbəblər müxtəlifdir. Birinci səbəb odur ki, Ermənistan və onun rəhbəri Azərbaycan və Azərbaycan Prezidenti kimi mütsəqil deyil. İşğalçı ölkə müstəqil qərar qəbul etməyi bacarmır. Ona görə ki, ona erməni diasporu, Rusiya və qərbyönümlü qüvvələr təzyiq göstərirlər. Bu dövlət həmişə təzyiq altında olub. Ermənistan müstəqil olsaydı,  bəkə də, çoxdan düzgün qərar qəbul edib, qonşuluğundakı güclü və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanla bu məsələni həll edərdi. Və insanlarımız öz yurd-yuvalarına qayıdardı. Ancaq üçüncü qüvvənin marağındadır ki, Dağlıq Qarabağ münaqişəsi davam etsin. Uduzan isə Ermənistandır. 

-Ermənistan daxilində Paşinyanla “Qarabağ klanı” arasında da gərginlik dərinləşir. İddialar var ki, “Qarabağ klanı” da bu yöndə erməni baş nazirə təzyiqlər göstərir. Doğrudurmu? 
 
-Məzh ona görə də Paşinyan məsələlərə populist yanaşaraq, özünə divident qazanmaq istəyir. O bilir ki, başqa bir mövqe tutsa, Ermənistana qayıda bilməz. Təcavüzkar ölkənin cəmiyyəti onu bu formada qəbul etməyəcək. 

-Bu debatdan sonra Azərbaycan cəmiyyətində, eləcə də sosial mediada ruh yüksəkliyi aydınca hiss olunurdu...

-Bu müzakirədən Azərbaycan cəmiyyəti başa düşdü ki, ərazilərimizi azad etmək üçün başqa bir variant qalmayıb. Bir yol var: güc variantı. Azərbaycan gec-tez anti-terror əməliyyatı aparıb, torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Cənab Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq artıq bunu bilir. Ona görə də hər bir ciddi iclas və toplantıda ordumuzun ən müasir silahlarla silahlanması, gündən-günə gücləndirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Cəmiyyət də debatda bunu gördü. Danışıqlar onu göstərdi ki, başqa yol yoxdur. Bir yol var: gərək torpaqlarımıza yiyə çıxaq və onu düşmən tapdağından azad edək.



-Qeyd etdiniz ki, gücdən, müharibədən başqa yol qalmayıb. Azərbaycan öz ərazilərini hərb yolu azad etmək istəyərsə, ölkəmiz nə kimi risklərlə üzləşə bilər? 

-Cənab Prezidentin siyasəti ondan ibarətdir ki, əgər Azərbaycan güc variantına əl atmağa məcbur qalarsa, ola biləcək riskləri minumuma endirsin. Geosiyasi arenda müəyyən risklər ola bilər. Rusiyadan,  Avropadan və başqa ölkələrdən olan qüvvələrin riskləri ola bilər. Bu debatda cənab Prezident bütün dünyaya sübut etdi ki, Azərbaycanın əraziləri işğal olunub.



Yəni, Ermənistanın işğalçı mahiyyəti ortaya qoyuldu.  Debat göstərdi ki, Azərbaycan Prezidenti ən yüksək statusa malikdir. Azərbaycan prezidenti bəyan etdi ki, doğrudan da işğalçı tərəf münaqişənin dinc yolla həllində maraqlıdırsa, gəlin, məsələni müzakirə edək və torpaqlar işğaldan azad olunsun. Öncə, Dağlıq Qarabağın ətrafındakı 7 rayon işğaldan azad olunsun. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapsın, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınsın.Orada yaşamaq istəyən ermənilərin də təhlükəsizliyi təmin edilsin. Biz bunu istəyirik.  Amma bütün dünya gördü ki, Ermənistan buna hazır və razı deyil. 

-Bu debat dünyaya hansı mesajı verdi?
 
- Azərbaycan hərb yoluna əl atacağı halda, müəyyən risklər yarana bilər. Bu debat həmin riskləri minumuma endirməyə xidmət edəcək. Müzakirənin dünyaya ilkin mesajı bu idi. Açıq debatda bütün dünya gördü ki,işğala məruz qalan məhz Azərbaycandır və Azərbaycan öz ərazilərini işğaldan azad etmək istəyir. Bu da onun ən təbii haqqıdır. BMT-nin 4 qətnaməsi var. Azərbaycan həmin qətnamələrin şərtlərinin təmin edilməsini istəyir. Amma qarşı tərəf  işğalçı niyyətindən əl çəkmir. Bu mənada Münhen debatı olduqca vacibdir. Bu debat gələcəkdə öz ərazilərimizi işğaçılardan təmizləmək üçün anti-terror əməliyyat aparmaq üçün bir şərait yaratdı. Müzakirələr zamanı Paşinyanın destruktiv çıxışlarını dinləyən dünya ictimaiyyəti gördü ki, Azərbaycanın hərbdən başqa yolu qalmayıb. Bunlar başqa dildə başa düşmürlər. 30 il dözmüşük, daha nə qədər  dözməliyik. Petrosyan gedir,  Koçaryan gəlir, Sarkisyan gedir, Paşinyan gəlir. Nə qədər olacaq bunlar. Ancaq Ermənistanda rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq, onların işğalçı siyasəti dəyişmir. Düşmənin işğalçı mövqeyinə Azərbaycan ordusu son qoymalıdır. Azərbaycan ordusu v işğalçı qüvvələri darmadağın etməlidir. Düşmənə diz çökdürüb, ərazi bütövlüyümüzü təmin etməliyik. Azərbaycanın başqa yolu qalmayıb.