"Mən erməni ədəbiyyatından 100-dən çox müəllifi oxumuşam"
Xan Rəsuloğlu: "O xalqın bədbəxtliyini həmin ədəbiyyatlarda, tarixi kitablarda görürəm"
"Azərbaycanlılardan utanıram" deyib özünü yandıran ermənilər də var idi
Düşünün; Evinizin hər guşəsi kitablarla doludur, gözünüzü çevirdiyiniz yerdə kitablar var, əlinizi hara qoyursunuzsa kitablara toxunursunuz, içəri girdiyiniz anda qarşınıza yeni bir kitab çıxır. Evinizdən kitab qoxusu əskik deyil. Xan Rəsuloğlu da belə bir məkanda kitabları ilə nəfəs alır.
Kitabı bir həyat tərzinə çevirən Xan Rəsuloğu uşaqlıq dönəmində başladığı kitab sevgisi ilə bu günə qədər 60 minə yaxın kitab oxuyub. Bəli, bəli, 60 min... Mən də eşidəndə təəccüblənmişdim, həqiqətən heyrətləndiricidir. Hələ 100 mindən çox gözdən keçirdiklərini demirəm...
Bir az əvvələ qayıdım. Həmkarım Günəş Mərdiyeva ilə sərgüzəştimizə...
Xan Rəsuloğlunu yaxından görməyimə "Azərkitab" kitab təbliğat mərkəzində keçirilən təqdimat mərasimində Günəş vəsilə olmuşdu. Elə ordaca yaxınlaşıb "xəzinə"sini görməyə gələcəyimizi demək istəyirdim ki, diqqətimiz tədbirə yönəldi. Dünən onunla əlaqə saxladıq. Xülasə, bu gün ünvana çatdıq.
"Xan xəzinəsi kitab evi"
- Günəş, hiss edirsən, kitab qoxusu...
- Eynilə, çox zövq verir.
Kitabçı Xan müəllimin ilk baxışdan sakit təbiətli olduğu nəzərə çarpır. Hal-əhval tutduqdan sonra söhbətimizə başlayırıq. Əvvəlcə deyim ki, o, kitabsevər olmaqla yanaşı, həm də 11 kitab müəllifidir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Demə, Xan müəllimin gəncliyində kitabçı kimi fəaliyyət göstərmək fikri olmayıb, Sovet sisteminin dağılması ilə tacir olub.
"Kitaba qarşı sevgim çoxdan var idi. Yadıma gəlir ki, dondurmaya verilən pula kitab alardım.
Krımda yaşadığım vaxtlarda mağazada özünütəlqinə aid kitab görmüşdüm. Cibimdə qəpik də yox idi. Dəniz sahilinə getdim, çimərlikdə butulkaları yığdım və təhvil verdim. Sonra kitabı aldım".
Çox maraqlıdır, insanın kitaba hərisliyi... Xan müəllim deyir ki, satıcı olub, lakin satış üçün yanına kitab da qoyub. Bir müddət sonra həmin fərqli kitablara daha çox tələbat yarandığını gördüyündən kitab satışı ilə məşğul olmağa başlayıb.
"Mənə elə gəlir ki, Azərbaycanda ən ucuz kitab mağazası buradır. Mənə həm də bilici kimi müraciət edirlər".
Xatırlayırsınızsa, yaxın günlərdə kitab mağazasından iki gəncin kitab oğurlaması məsələsi sosial şəbəkələrdə çox müzakirə olunmuşdu. Yenə insanlar iki qrupa ayrılmışdılar. Qiraətçi Xəzər Süleymanlı demişdi ki, iki gəncin əməllərinə ayıblıq donu geyindirsək, bu, daha pis olar. Üzlərini yadda saxlayın. Rastlaşanda salamlaşın, əllərini sıxın. Oxuduğunuz kitablardan verin oxusunlar.
Tənqidçi-ədəbiyyatşünas İradə Musayeva isə " əgər oxumaq yanğısı ilə bu xoşagəlməz üsula əl atıblarsa, bağışlamaq və hətta yardım etmək olar. Yox, sadəcə harada əllərinə nə düşsə oğurlayıb satırlarsa, bu başqa məsələ.."- deyə bildirmişdi.
Bu hadisə yadımıza düşdü. Belə ki, Xan müəllimə sual ünvanladıq.
- Kitab oğurluğuna münasibətiniz necədir?
- Çox qətiyyətlə pisləyirəm. Bilənlər var ki, ən azı 60-70 min kitab bağışlamışam. Tutaq ki, buradakı hansısa kitabım sizə lazımdı, amma imkanınız yoxdur, o kitabı bağışlayaram. Bəlkə də, mənə yaraşmaz. "Kitab oğrusunun dədəsinə borcum zadım yoxdur". İmkanı olan şəxslərə qarşı da sui-istifadə edib qiymət qaldırmamışam.
Söhbətimiz o qədər axıcı idi ki, hər dəfə Xan müəllimin sözünü kəsib sual vermək istəyirdim. Bir nüansı da qeyd edim, Xan müəllim 7 kitabxana düzəldib. İndi isə gözəl guşəmiz Qarabağda kitabxana yaratmağı düşünür.
**
Xan müəllim, oxumaq üçün yaşamaq, yoxsa yaşamaq üçün oxumaq?
- Əgər sevdiyin adama nəyisə izah etmək lazımdırsa, onu izah etmək lazım deyil. Yəni insan insanı sözündən, ovqatından başa düşməlidir.
- Demisiniz ki, "dünyanın və yaşamın gözəlliyini vurğulayan nə varsa, insanı xoşbəxt eləyəcək". Bilmək maraqlı olardı, kitabdan başqa sizi nə xoşbəxt edə bilərdi?
- İnstinktiv olaraq insanın tələbatları var. Robin Şarma super həyat üçün 200 təklif irəli sürür . Mənim də təkliflərim var. Cəhənnəmdə belə insan özünə cənnət qurur. Bizə birinci dərəcəli vacib olan şeylər, pulsuz verilib. Ağız dadı, şirin yuxu... Lakin hər şeyin həddi olmalıdır. Siddhartha deyilən Budda var. O, illərlə meditasiya ilə məşğul olur ki, nurlansın, həqiqəti dərk etsin. Nə zaman dərk edir? Yanındakı göldən keçən müəllimlə tələbəni görür. Müəllim deyir ki, sitarı kökləyəndə (red. sitar musiqi alətidir) simləri çox dartma, qırılar. Amma az da olmasın, istədiyimiz musiqi alınmaz. Həyat budur.
Elə bu arada həmkarım Günəş sual ünvanlayır. Şopenhauerin belə bir fikri var, insanın ağlı olsa ömrünün sonuna qədər imtina edər. Maraqlıdır, siz nələrdənsə, imtina etmisiz?
- İohann Höte deyir ki, dahilik özünə sərhəd qoymaqdır.
Evdən çıxırıq, milyonlarla yol bizi gözləyir. Hər kəs öz ömrünün ağasıdır. 24 saat dünyanın zəngin adamına da verilib, sizə də. Bu 24 saat mənəvi dəyərimizdir. Nədənsə imtina edirsən ki, nəyəsə yetəsən.
Söhbətimizin şirin yerində telefon zəngi gəlir. Bir neçə dəqiqə fasilə veririk. Günəşlə aramızda suallarımızdan söz açırıq. Bu dəfə gənc yazarlara diqqət yönəldirəm.
- Xan müəllim, gənc yazarların yoxsa Sovet dövrünü yazıçılarının əsərləri daha maraqlıdır?
- Sənətkarlıq, sözə sahib olmaq baxımından əvvəlkilər indikilərdən bir neçə qat üstündür. Amma orijinallıq, dünyaya cəsarətli baxmaları, hətta bəzən müəyyən normaları dağıtsalar belə postmodernist təffəkkürdə olsalar da, görmək olur ki, bu yenilikdir. Bəzən insanlar üçün dərinlikdən daha cəlbedicidir yenilik.
...
Günəşə boş yerə kreativ demirəm. Həmkarım söhbət əsnasında maraqlı sual verir.
Qarşınızda üç müəllif var. Sizə belə bir səlahiyyət verilib ki, həmin müəlliflərin kitabına "bu müəllifi oxumaq sizin sağlamlığınıza ziyan vurur" ifadəsini yazasız. Sizin seçiminiz hansı müəlliflər olar?
- Həə...
- Mən erməni ədəbiyyatına yaxşı bələdəm. Onların bəlkə də, yüzdən çox müəllifini oxumuşam. Mən erməni xalqının bədbəxtliyini həmin ədəbiyyatlarda, tarixi kitablarda görürəm.
Sizin xəbəriniz yoxdur, bəlkə də. "Azərbaycanlılardan utanıram" deyib özünü yandıran ermənilər də var idi.
...
Günəş israrla üç müəllifin adını çəkməsini istəyir.
- Azərbaycanda Seymur Baycan var. Bilərəkdən boşluqları iynələyir. Kəramət Böyükçöl də, Seymur Baycan da, Murad Köhnəqalanı da bir növ "Bəhlul Danəndə" qismində görürəm. Onlar həqiqətləri deyirlər. Bəzən gülməli, bəzən də ağlasığmaz görsənir və yaxud sanki öz-özünü gözdən salır. Amma onlar həqiqəti deyirlər.
Günəş deyir: Kefli İsgəndər kimi...
- Məhz Kefli İsgəndər, ya da Bəhlul Danəndə... Özünü bir növ dəliliyə vurmalısan ki, həqiqəti deyə biləsən və "başını, dilini kəsməsinlər".
Osho deyirdi ki, mən peyğəmbərlik etmək üçün gəlməmişəm. Onu çatdırmağa gəlmişəm ki, nə axtarırsızsa, özünüzdə var. Ən müqəddəs kitabları oxuduğunuz anda belə... İlahi qüvvə başımızın içində tərəzi - beyin qoyub. Quranı oxuyarkən belə öz tərəzimizdə çəkək.
Belə bir deyim var. İlahi sevgini zəkayla ölçmə, sev yetər. Amma elə deyil. O, qoşa qanaddır. Ağıl və qəlb ayrı anlayışlardır.
Sonda belə bir sual vermək istədik. Doğruluq, yoxsa cəsarət? Xan müəllimin cavabı da maraqlı oldu.
- İki qanad. Doğru olmasan cəsarətin olmaz.
- Xan müəllim, cəsarətimiz də olmasa doğrunu deyə bilmirik.
- Məsələ də odur. Öncədən doğru olmalısan. Əgər cəsarətin doğru deyilsə, başına dəysin.
Elə bu anda gülüşürük. Xan müəllimlə həmsöhbət olmaq zövq verir.
O, söhbətinə davam edir:
- Heminqueyin belə bir sözü var. Çox istəyərdim ki, insanlar özləri üçün dəfələrlə təkrarlasınlar. "İnsanı məhv etmək olar, məğlub etmək mümkün deyil". Məğlubedilməz insanlar olun!
Suallarımızı verdikdən sonra Xan müəllim qonaqpərvərliyini bir daha göstərdi. Bizə çay təklif etdi. Bir az kitablar barədə söhbətləşdik. Arada gənclərin kitab almağa gəldiyini görürdük. Xan müəllim bizə kitab da hədiyyə etdi. Migel Asturiasın seçilmiş əsərləri kitabını özüm seçdim. "Top-top oynayan pişiyin evi" kitabını isə şiddətlə tövsiyə edərək oxumağım üçün mənə verdi. Həmkarım Günəş uzun zamandır axtardığı kitabı burada tapdı.
Necə deyərlər, əsl kitabsevərlərin məkanıdır bura. İçəridəki ab-hava. İnsana hüzur verən kitab qoxusu. Gedib görməyiniz daha məsləhətlidir.
Cahid Zərifoğlunun bir sözü var. "Bizim gəncliyimizdə "səni sevirəm" deyilməzdi. Kitab hədiyyə edilərdi".
Siz də kitabla qalın, kitablaşın...
Söhbətləşdilər: Aygün, Günəş