Sağlam uşaqlarda hepatit riski çox cüzidir


Mərdan Əliyev: "Evdə də uşaqların gigiyenasına riayət etməsi çox vacibdir"

"Uşağı stomatoloji klinikaya apardıqda orda sterilizasiyanın yüksək olmasına diqqət yetirin. Ailədə, evdə hepatitli xəstə varsa, onun iti uclu əşyalarından uşağı uzaq tutun, yəni onun əşyaları ilə uşaq az təmasda olsun"

   Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar edilir. Artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, bu virus Hepatit virusudur və indiyə qədər 11 ölkədə həmin virusa yoluxma halı aşkarlanıb. Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib. Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir.

Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Təşkilatı (UKHSA) ailələri uşaqlarda sarılıq əlamətlərinə diqqət yetirməyi tövsiyə edib. Hepatitin əlamətləri aşkarlanan uşaqların əksəriyyəti beş yaşından kiçik olanlardır. Uşaqlarda simptomlar arasında ishal, ürəkbulanma və dərinin saralması halları müşahidə edilir. 

Rusiyanın Elmi Mərkəzinin rəhbəri, Epidemioloji İnstitututun elmi işçisi Vadim Pokrovski bu hepatitin mənşəyini açıqlayıb. O, ehtimal edir ki, qəfil və kəskin hepatitin səbəbi eyni toksik maddə tərkibli uşaq oyuncaqları ola bilər. Bu oyuncaqlar müxtəlif ölkələrdə satılır, oyuncaqları 3-6 yaş arası uşaqlar ağızlarına apardığı üçün onda olan rəng və ya toksiki maddə qaraciyəri zəhərləyib. Pokrovski buna səbəb kimi koronavirusu əsas gətirməyi yanlış hesab edir. Uşaqların eyni qidanı qəbul etməsi və ya eyni oyuncaqla təması dəqiqləşməlidir. Bu, toksiki təsirdir. Müxtəlif ölkələrdə olduğu üçün eyni qida istisna edilir. Deməli, bir şübhə qalır: oyuncaq.

Qeyd edək ki, rəsmilər hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib. 

İnfeksionist-hepatoloq Mərdan Əliyevin “Şərq”ə açıqlamasına görə, virus hepatitləri bu gün dünyada ən aktual xəstəliklərdəndir. Bu xəstəlikləri aktual edən onların dünyada geniş yayılması, təhlükəli ağırlaşmalarının olması və ölüm göstəricilərinin yüksək olmasıdır. 

Hepatit törədən virusların 5 əsas növü (A,B,C,D,E) məlumdur. Bu viruslar hepatotrop xüsusiyyətə malik olduqları və demək olar ki, yalnız hepatit törətdikləri üçün hepatit virusları adlanır. Bunlar arasında isə uşaqlarda Hepatit A, B cə C viruslarına rast gəlinir. Yayılan məlumatlarda isə yayılan hepatit viruslarının hansı növə aid olduğu qeyd olunmur. Düzdür,  mənşəyi öyrənilməyən hepatit virusları da var, onlardan biri də ola bilər. Sadəcə olaraq, bu məlumatı əsassız hesab edirəm. Xəbərin hansı faktlara, araşdırmalara əsasən yayıldığı dəqiq bilinmir. Ona görə, xəbərin əsassız olma ehtimalı da mümkündür. Hepatitdən başqa herpes və sitomeqalovirus infeksiyası immuniteti zəif olan insanlarda qaraciyər problemləri yarada bilir. Yox əgər doğrudan da uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar olunubsa, bu, hepatit A, B və C viruslarından biridir. E virusu uşaqlarda olmur, bu ancaq böyük insanlara yoluxur. Hepatit D-yə isə yalnız hepatit B ilə xəstələnmiş insan tutula bilər. 

- Uşaqlar nə zaman hepatitə yoluxur. Hər immuniteti zəif olan uşaq risk qrupuna aiddir?

- Sağlam uşaqlarda hepatit riski çox cüzidir. Adətən anadangəlmə immun çatışmazlığı, yanaşı xəstəlikləri, onkoloji problemləri olan uşaqlar kimyəvi terapiya aldıqları üçün immunitetləri zəifləyə bilir, AİDS daşıyıcısı olan uşaqlarda hepatitlərin virus törətmə riski yüksəkdir. Nadir hallarda bəzən sağlam uşaqlarda da HERPES və sitomeqalovirus ağır gedişli olub hepatitlər törədə bilir. Qeyd edim ki, uşaqlar B, C və D hepatitlərinə qan və ya qan əvəzediciləri köçürülən zaman, onlara tibbi xidmət göstərilərkən yaxşı dezinfeksiya olunmamış tibbi alətlərdən istifadə olunması yolu ilə yoluxa bilərlər. Evdə də uşaqların gigiyenasına riayət etməsi də çox vacibdir. Uşaqlara başqalarının əşyalarına toxunmamaq öyrədilməlidir. Uşağı stomatoloji klinikaya apardıqda orda sterilizasiyanın yüksək olmasına diqqət yetirin. Ailədə, evdə hepatitli xəstə varsa, onun iti uclu əşyalarından uşağı uzaq tutun, yəni onun əşyaları ilə uşaq az təmasda olsun.

- Uşaqlarda hepatit müalicə ilə sağalır?

- Bəli, hepatitlər artıq tam sağalan xəstəlikdir. Yeni birbaşa təsirli antiviral dərmanlar vasitəsilə ağırlaşmamış formalarda virusu tamamilə qandan təmizlənmiş olur. 2 yaşına qədər olan uşaqları sadəcə olaraq nəzarətdə saxlayırıq və qaraciyərdə zədələnmə görünməyənə qədər müalicəyə başlamırıq. 2 yaşdan yuxarı uşaqlarda isə artıq dərman müalicəsinə başlanılır. Burada virusun genotipi, virus yükü, rezisdentiyi, qaraciyərin zədələnmə dərəcəsi, xəstəliyin mərhələsi və xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla müvafiq müalicə təyin edilməlidir.

- Hansı əlamətlərdən şübhələnib hepatit analizləri tələb edirsiniz?

- Hepatitlər çox hallarda heç bir əlamət vermədən gizli gedir. Simptomlu hallarda yorğunluq, halsızlıq, əzələ ağrıları, sarılıq, iştahanın azalması, ürəkbulanma, qusma kimi əlamətlərin biri və ya bir neçəsi rast gəlinə bilər. Konkret olaraq uşaqlarda isə ultrasəs müayinəsində qaraciyərdə böyümə görünsə, qan azlığında qaraciyər fermentlərində yüksəlmə olarsa, hepatit analizi götürülməsinə ehtiyac var. Rəngi saralan, qarın nahiyəsində səbəbsiz ağrılar olan uşaqlar da hər ehtimala analiz və UZİ-yə göndərilir.