Yazıçılar Birliyində mənə nifrət edirlər - 87 yaşlı Əlisa Nicat 

Keçən il sosial problemlərinə görə gündəmə gələn Əlisa Nicatın bu gün 87 yaşı tamam olur. 87 illik  ömrünün 67 ilini ədəbiyyata həsr edib. Heç bir  birlik və təşkilata , siyasi partiyaya, ictimai dərnək və toplantılara qatılmadığına görə, biz onu mediada tez-tez görə bilmirik.

"Sherg.az" Əlisa Nicat ilə  əlaqə saxlayıb. Həm ad gününü təbrik edib, həm də sağlamlığı, maddi vəziyyəti və fəaliyyəti ilə bağlı fikirlərini öyrənib. 


- Əlisa müəllim, necəsiz? 

-Çox sağ olun, var olun. 

-Narahat etmirəm? 

-Yoox , yoox buyurun. 

-Ad gününüzü təbrik edirəm, sağlam can arzulayıram. 

-Minnətdaram.

-Səhhətiniz necədir?

-Belə,  babatdır. 87 yaşım tamam olur, 88 keçirəm. Allaha şükür  bu yaşda elə bir şikayətim yoxdur... Çox sağ olun. 

-Maddi durumunuz necədir? Aldığınız pensiya ilə dolana bilirsiz?

-  Belə də... 300 manat dövlətdən pensiya alıram. Arada 2-3 dənə kitablarımdan da satılır.  Yavaş-yavaş bir təhər dolanırıq... 

-Evinizin təmiri üçün pul yığılmışdı... Hazırda vəziyyət hansı yerdədir? Evinizi təmir elədilər? 

- Hə, təmir etdilər. Düzəldi.  Qənirə və Zenfira  adlı iki xanım və "  Qanun " nəşriyyatı mənə kömək etdi. Çox alicənab, mehriban, hər şeyi başa düşən və yüksək savadlı xanımlar idi. Onlara təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Onlar gəlib burada necə şkaf düzəltdirdilər.  Qiymətli mebel gətirdilər. 

- Əlisa müəllim,  bu xoş gününüz də sizi yad edənlər oldumu ?

- Olur, olur... Bayaqdan zəng edirlər. Telekanallar və ayrı-ayrı oxucular zəng ediblər. Hətta evə gəlib təbrik edənlərdə var.

-Bəs ,Yazıçılar Birliyindən  zəng edib təbrik ediblərmi? 

- Mənimlə  araları yoxdu də... Onlar mənə nifrət edirlər, düşmən kimi baxırlar. Çünki Anar Rzayev və atası haqqında lazım olmayan faktları açıb demişəm. Xoşagəlməz faktları dediyimə görə mənə düşmən kimi baxırlar. 

-Prezident təqaüdü üçün yenidən müraciət etmisiniz? 

-Mən 7-8 il bundan qabaq müraciət etmişəm və o vaxt xəbərlər Prezidentə çatmayıb. İndi isə tənbəllik edirəm. O qədər məşhur olmuşam ki... Keçən ilin dekabrında Azərbaycanda elə bir telekanal, sayt qalmadı ki, məndən yazmasın evə gəlib müsahibə almasın. Sözsüz ki, Prezident aparatında da əhvalatı  bildilər. Ona görə indi gücüm və həvəsim qalmayıb. Heç bir səs-soraq yoxdur. 

- İndi nə işlə məşğulsuz ?  

- Tərcümələr edirəm. Hazırda Atilla haqqında İngilis müəllifin kitabının tərcüməsi üzərində işləyirəm.

-Oxucularınıza sözünüz varmı? 

-Ancaq onu demək istəyirəm ki,oxusunlar. Mənim indi kitablarım dalbadal çıxır. Bu yaxınlarda "Müdriklik məbədi" adlı  böyük kitabım işıq üzü görüb. 1100 səhifədir. Dünyanın bütün  məktəbləri, onların nümayəndəlikləri  və əsərləri haqqında məlumatlar Azərbaycan dilinə tərcümə olunub bir kitabda yığılıb. " Qanun "  nəşriyyatı çap edib. Kim istəsə, ala bilər. Məndə də var. Qiyməti də elə baha deyil. Öz qiyməti 40 manatdır. Dünya tarixçiləri ensiklopediyası çapa hazırlanır. Dünyanın bütün böyük  tarixçilərinin yaradıcılığını yığmışam bir yerə. 400-500 tarixçidir. Qanunlar hökmünü tərcümə etmişəm. O da " Qanun "  nəşriyyatında çıxacaq. İşləyirik də, oxuyuruq, yazırıq. 

Çox arzu edərdim ki, xalqımız oxusun. Lenin nə qədər dələduz adam olsa da, onun "oxumaq , oxumaq , yenə də oxumaq" sözlərində doğrudan da böyük həqiqət var. Oxumaqdan və kitabdan başqa dünyada insanın heç qazancı olmur və heç nə qalmır.