“Bunlar Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən daha çox geosiyasi məsələlərlə bağlıdır”
“Yaxın onilliklərdə Ermənistan Azərbaycanı üstələyə bilməyəcək”
“Zəngəzur dəhlizinin açılmasını tələb edən ABŞ-dir, heç istəməyən tərəf isə İrandır”
“Azərbaycanda keçiriləcək parlament seçkiləri ictimaiyyətdəki marağına görə bəlkə də, ən sonuncu yeri turur”
2024-cü ilin sonunadək Ermənistan və Azərbaycan arasında sazişin tezliklə imzalanması ehtimalı yüksək idi. Sülhlə bağlı proqnoz verən siyasi şərhçilərdə nikbinlik aşkar hiss olunurdu. Amma artıq avqustdur və əfsuslar ki, tərəflər arasında barışıq yolunda irəliləyiş görünmür. Prosesin dalana dirəndiyini görən Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalarının açılması məsələsini sülh sazişinin mətnindən çıxarmağa hazır olduqlarını təsdiqlədilər. Bəzi ekspertlər bu məqamın sülh prosesini müəyyən qədər irəliyə daşıyacağını düşünür. Lakin hələ üfüqdə sülhün görünmədiyini iddia edənlər də az deyil. Buna səbəb kimi Paşinyan hökumətinin qeyri-müəyyən mövqeyi, qətiyyətli davranmaması və Ermənistanın davamlı silahlanması göstərilir. Bununla yanaşı, Ermənistanın konstitusiya dəyişikliyi tələbini yubatması da sülhə əngəl məqamlar kimi dəyərləndirilir. Ümumən isə vurğulanır ki, münaqişələrin tarixində sazişlərin, yol xəritələrinin və digər ikitərəfli və çoxtərəfli sənədlərin imzalanmasının qarşıdurmanın tamamilə sona çatmasına səbəb olmadığına dair çoxlu nümunələr də var. Ancaq reallıq odur ki, Bakı sülh sazişinin imzalanmasının sürətləndirilməsində çox maraqlıdır.
Sülh danışıqları ətrafında cərəyan edən enişli-yoxuşlu proseslərlə bağlı "Sherg.az"a danışan Yeni Nəsil Jurnalistlər Birliyinin sədri, siyasi şərhçi Arif Əliyev bildirib ki, əslində, Azərbaycan və Ermənistandakı məsələ çox qısa müddətdə həllini tapa və sülh sazişi tezliklə imzalana bilər...
- Arif bəy, proseslərə nəzər yetirsək, Azərbaycan-Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağını söyləmək mümkündürmü? Yoxsa gedişat ürəkaçan deyil?
- Sülh sənədi böyük həcmdə təsdiqlənib. Qalan məsələlərdən biri Ermənistanın mövcud konstitusiyasıdır. Ermənistan qanunvericiliyində ərazi iddialarına işarə edən bəndlər var. Digər məqam isə kommunikasiyaların açılması ilə bağlıdır. Azərbaycan və Ermənistan tərəfinin açıqlamaları göstərdi ki, kommunikasiya məsələləri müqavilənin imzalanmasına maneçilik törətməyəcək. Ümumi razılıq var ki, bu məsələ sülh sazişinin kontekstindən çıxarılsın. Konstitusiya ilə bağlı məsələ də müzakirə mövzusudur. Geniş açıqlamalar olmasa da, hər halda müxtəlif variantlara baxılır. Bundan əlavə sülh müqaviləsi imzalanmadan sülh prosesinin irəliləməsi məsələsi araşdırılır. Necə deyərlər, "müqaviləsiz sülh", yaxud "soyuq sülh" adlanan bir variantdan söhbət gedir. Belə versiyalar da nəzərdən keçirilir. İndiki halda müqavilənin imzalanmasına əlavə problemlər də mövcuddur. Bunlar Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən daha çox geosiyasi məsələlərlə bağlıdır. Kənar qüvvələrin regionda öz təsirini təmin etmək cəhdləri, yaxud Rusiya ilə Avropanın mübarizəsinin bu müstəvidə davam etməsi də sülh prosesinə təsirsiz ötüşmür. Çox oynaq və qısa müddətdə öz mahiyyətini dəyişə bilən məsələlərdir. Bunu ən azı Rusiya-Ukrayna müharibəsinin timsalında gördük. Kursk vilayətində baş verən hadisələr digər regiondakı məsələlərə xeyli dərəcədə təsir göstərdi. Həm region ölkələrində, həm də dünyanın aparıcı ölkələrində bir neçə seçkilər baş tutdu, yeni seçkilər də gözlənilir. İranda yeni hökumətin hansı istiqamətdə hərəkəti bəlli deyil. ABŞ-də seçkilərin nəticələri önəmlidir və s. Bunların Bakı-İrəvan arasında sülh prosesinə təsiri danılmazdır.
- Bəs Ermənistanın silahlanması, təxribatları sülh prosesinə təsir göstərən amil hesab olunurmu?
- Ermənistanın silahlanmanı davam etdirməsi prosesə əngəl olmaqla yanaşı, həm də narahatlıq doğurur. Amma yaxın perspektivdə, hətta onilliklər sonra Ermənistanın silahlanmada Azərbaycanı üstələyəcəyi ehtimalını görmürəm. O başqa məsələdir ki, bir ölkənin silahlanması bütövlükdə regionda vəziyyəti gərginləşdirir. Toplanan silah-sursat nə zamansa, hansısa formada qisas alınmasında istifadə oluna bilər. Ümumən isə düşünürəm ki, sülh şəraitinin davam etidirilməsi perspektivi böyük olaraq qalır.
- Saziş dedikdə əsas müddəaların əks olunduğu bir-iki səhifəlik sənədi nəzərdə tutursuz, yoxsa yekun sülh müqaviləsini?
- Hər məsələni əhatə edən sülh müqaviləsi hazırlamaq qeyri-mümkündür. Bu cür tələbləri irəli sürmək müqavilənin imzalanmasını illərlə uzatmaq deməkdir. Detallar həddindən artır çoxdur. Sərhədlərin delimitasiya və demarkasiya məsələsi var, mübahisəli kommunikasiya mövzusu qalmaqdadır. Odur ki, real olaraq söhbət çərçivə müqaviləsinin imzalanmasından gedir. Bunun da başlıca şərtləri tərəflərin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması, bir-birinə hərbi güc tətbiq etməmək barədə vədləri və digər istiqamətlərdə işlərin davam etdiriləcəyinə dair razılaşma məqamlarıdır. Bu da son nəticədə çərçivə sənədi deməkdir və çərçivə sənədi bütün irili-xırdalı detalları özündə ehtiva edə bilməz.
- Zəngəzur dəhlizi ilə bağlı mövqeyiniz necədir? Sülh sazişindən sonraya saxlansa belə, bu dəhlizin yaxın illərdə reallaşması ehtimalı nə qədərdir?
- Zəngəzur dəhlizinin müzakirəsi çox uzun çəkə bilər. Azərbaycanla Ermənistan arasında narazılıq, əslində, o qədər də böyük deyil. Regionda dəhliz söhbətinə əsas narazılığını bildirənlər bölgədə özünün iştirakını görən, gələcək layihələrinin taleyi barədə düşünən ölkələr və beynəlxalq qurumlardır. Zəngəzur yolunun 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun açılmasını tələb edən ilk ölkə Rusiyadır. Azərbaycan bəyanatda dəhlizlə bağlı nəzərdə tutulan şərtlərin hamısının qeyd-şərtsiz əməl edilməsini mənimsəmir. Dövlət başçısı özü də qeyd etmişdi ki, hansı forma məqsədəuyğun olacaqsa, kommunikasiyalarda o tətbiq olunacaq. Burada əsas seçim Ermənistanındır. Zəngəzur dəhlizinin heç bir halda və heç bir formada açılmamasını tələb edən tərəf isə İrandır, Azərbaycan deyil. Məzh həmin yolun açılmasının və bütün kommunikasiyaların oradan keçməsini tələb edən isə ABŞ-dir. Bu da göstərir ki, Zəngəzur dəhlizi ilə bağlı çox ciddi maraqlar, geosiyasi planlar toqquşur. Ermənistan da bu məsələdə bir neçə dəfə yanaşma tərzini, mövqeyini dəyişib. Ona görə də Zəngəzur dəhlizi ən çox vaxt aparan məsələlərdən biri ola bilər. Azərbaycan üçün həmin kommunikasiyanı əvəzləyəcək digər seçimlər də var. Böyük iqtisadi planlarımızı digər yollardan istifadə etməklə də həyata keçirə bilərik.
- ATƏT-in Minsk qrupu ilə bağlı məsələ yenidən gündəmdədir. İrəvan həmsədrlik institutunun ləğvinə dair birgə müraciətə razılıq verə biləcəyini deyib. Bakının Minsk qrupunun ləğvi ilə bağlı israrlı tələbi nəyə hesablanıb?
- Minsk qrupu hazırkı sülh prosesində heç bir formada iştirak etmir. ATƏT-in sözügedən institutu sözünün keçə biləcəyi 30 illik işğal dövründə belə hansısa real addım atmadı. Sadəcə, bölgəyə mənasız səfərlər edir, faktları araşdırır, müraciətlər ünvanlayırdılar. Yəni Minsk qrupu öz gərəkliliyini heç bir addımı ilə göstərməmiş quruma çevrilmişdi. Sözsüz ki, indiki proseslər də təsir imkanları sıfırdır. Ona görə də Minsk qrupunun ləğvinə nail olmaq qarşıda duran məsələlər içində ən asanıdır. Ermənistan da bunu başa düşür. Əgər elə bir mərhələ yaransa və bəlli olsa ki, sülh müqaviləsinin imzalanmasına yeganə əngəl Minsk qrupudur, əminəm ki, İrəvan Bakı ilə birlikdə onun ləğvinə dair müraciətə etiraz etməyəcək. İnanmıram ki, bu məsələ tərəflər arasında ciddi fikir ayrılığına səbəb olsun. Minsk qrupunun faktiki fəaliyyəti yoxdur. Hətta həmsədr dövlətlər belə artıq başqa adlarla sülh prosesində iştirak edirlər. Düşünürəm ki, bu, mahiyyət etibarı ilə artıq qapanmış məsələdir. Formaca yekun həlli istənilən mərhələdə mümkündür.
- Nikol Paşinyan erməni şagirdlərlə görüş təşkil edərək onlara sərhədlərin müəyyənləşməsindən, normal qonşuluqdan, sülhdən danışdı. Sizcə, "türklər düşməninizdir" təlqininə zidd olan belə təşəbbüslər etimad mühitini formalaşdıra bilərmi?
- Paşinyan bənzər addımları daha əvvəl də atıb. Ümumiyyətlə, baş nazir erməni düşüncəsini dəyişmək üçün bundan da böyük təşəbbüslər göstərib. "Dənizdən dənizə Ermənistan" kimi absurd xülyalardan erməniləri uzaqlaşdırmağa çalışıb. Ermənilərin təfəkküründə strateji dəyişikliyə cəhd göstərir. Başa düşür ki, sülhün və düşmənçiliyin kökləri çox dərinə gedən düşüncələrə hopub. Paralel olaraq bu müstəvidə əlbəttə ki, şagirdlərin və gənclərin düşüncəsində, yanaşma tərzində müsbətə doğru dəyişiklik olduqca vacibdir. Paşinyanın dilindən bir neçə dəfə səslənib ki, Ermənistanın təhlükəsizliyi üçün fundamental məsələ məhz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaqdır. Son dönəm baş nazir bu istiqamətdə daha çox fəallıq nümayiş etdirir. Şagirdlərlə görüş də bunun təzahürüdür. Sülh prosesi çoxşaxəlidir. Elə o səbəbdən hər məqamı sadəcə bir müqavilədə cəm etmək mümkün deyil. Sazişdən kənarda da bir çox mühm məsələlər, istiqamətlər var. Bu da kifayət qədər böyük zamanın tələb olunması deməkdir və təhsildən tutmuş mədəniyyətə, incəsənətə, təhlükəsizliyədək bir çox sahənin əhatə olunmasıdır.
- Bəy, sentyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı münasibətinizi də öyrənmək istərdim. Təbliğat-təşviqat dönəmi, namizədlərin seçki mübarizəsi sizdə necə təəssürat yaradır?
- Parlament seçkisi heç bir təəssürat yaratmır. Xüsusən, müzakirə etdiyimiz məsələlər fonunda Azərbaycanda keçiriləcək parlament seçkiləri ictimaiyyətdəki marağına görə bəlkə də, ən sonuncu yeri turur. Seçkilərlə bağlı heç bir gözlənti yoxdur. Eyni zamanda parlamentin və seçkinin hansısa prosesə təsir göstərəcəyi də inandırıcı deyil. Sözün açığı, bizi hazırda ətraf ölkələrdə keçirilən, yaxud keçiriləcək seçkilərin nəticələri daha çox maraqlandırır. Çünki həmin seçkilərin proseslərə təsir imkanları olacaq. Bizdəki seçkilərlə isə parlamentin keyfiyyətinin az-çox dəyişəcəyi gözlənilmir. Bütün proseslər icra hakimiyyətinin iradəsi ilə baş verir və əsas diqqət ona yönəlib. Əvvəllər heç olmasa, camaat ümid edirdi ki, deputatlar onun yolunu çəkdirəcək, küçəyə asfalt vurduracaq, körpüsünü düzəltdirəcək və s. Amma son günlər bəzi namizədlər artıq indidən deyirlər ki, millət vəkilləri vətəndaşların ayrıca problemləri ilə yox, ölkənin ümumi problemləri ilə məşğul olacaqlar. Yəni seçicilərlə sonuncu bağlantı da faktiki olaraq qırıldı. Ona görə də insanların bu proseslərə marağı çox azdır.