Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Milli Qəhrəmanların irsinin tanıdılması” layihəsi çərçivəsində Ağdam rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib. Layihə “Vətən uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” İctimai Birliyi tərəfindən həyata keçirilir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində keçirilən görüşlərdən biri Ermənistanın Azərbaycan ərazilərinə hücumlarının qarşısının alınması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, Ağdam rayonundan olan Milli Qəhrəman Paşayev Baxşeyiş Xanəhməd oğlunun ailəsində baş tutub.
Görüş zamanı layihənin tədbirlərini həyata keçirən Radə Abbas layihə barədə məlumat verib. Baxşeyiş Paşayevin həyat yoldaşı Sayalı xanımla söhbət aparılıb, Milli Qəhrəmanın həyatı və ailəsi ilə bağlı xatirələri, ürək sözləri dinlənilib. Milli Qəhrəmanın qızı Mina xanım isə atası şəhid olarkən 14 yaşında olduğunu bildirərək onun ailəsinə və övladlarına qarşı sevgi dolu və qayğıkeş münasibətindən danışıb. O, atasının şəhidliyindən sonra anasının övladlarını təkbaşına, böyük zəhmət və çətinliklə böyütdüyünü göz yaşları içində ifadə edib.
Layihə adından Milli Qəhrəman Baxşeyiş Paşayevin həyat yoldaşına qiymətli hədiyyələr təqdim olunub. Hədiyyələr arasında divar saatı və milli kəlağayı da olub.
Qeyd edək ki, Baxşeyiş Xanəhməd oğlu Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. O, 10 aprel 1992-ci ildə 56 yaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəli olan Baxşeyiş Paşayevin doqquz övladı var. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli fərmanı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Layihə çərçivəsində daha bir görüş 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibə əlili Mehman Göyüşovun ailəsində keçirilib. Görüşdə şəhid Sərvan Göyüşovun atası Mehman Göyüşov və ailə üzvləri iştirak ediblər. Onlar şəhid Sərvanın həyatı və döyüş yolu ilə bağlı xatirələrini bölüşüb, “təki Vətən yaşasın” deyiblər.
Mehman Göyüşovun oğlu Sərvan Göyüşov 28 fevral 1997-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və həmin gün şəhid olub. Ağdam rayonunda dəfn edilib. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra müxtəlif medallarla təltif olunub.
Mehman Göyüşovun oğlundan əvvəl döyüşçü olan qardaşı, həmçinin nənəsi və dayısı da erməni vəhşiliyinin qurbanı olub. Görüş zamanı layihə adından şəhid Sərvan Göyüşovun anasına qiymətli hədiyyələr təqdim edilib.
Ağdərə rayonunda keçirilməsi nəzərdə tutulan tədbirin Ağdam rayonunda keçirilməsi məqsədəuyğun hesab edildiyindən layihə çərçivəsində daha bir görüş də bu rayonda təşkil olunub. Görüş şəhid Məhəmmədəlizadə Məhəmmədəlinin ailəsində keçirilib. Şəhid ailəsinin üzvlərinin ürək sözləri dinlənilib, onların dərdlərinə şərik olunub. Layihənin tədbirlərini həyata keçirən Radə Abbas tərəfindən ailəyə layihə adından hədiyyələr təqdim edilib. Məhəmmədəlizadə Məhəmmədəli Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müxtəlif medallarla təltif olunub.
Görüşlərdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elmin Fətəliyev də iştirak edib.
Layihənin rəhbəri Hikmət Əsgərovdur.