Restoranların tüstüsünə görə sakinlər evlərini satmağa məcbur qalırlar
İçərişəhəri qorumağın yolu sakinlərin iqtisadi maraqlarını təmin etməkdir
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında qeyd edib ki, hazırda İçərişəhərdə 3 500-ə yaxın sakin yaşayır və hamı İçərişəhərin yaşayış şəhəri olmağa davam etməsinə çalışmalıdır: “Dünyada bir çox belə şəhərlər var ki, belə ərazilər muzeyə çevrilir, amma insanlar yaşamır. Belə olmasını istəmirik”. İstəmiriksə, bəs nə etməliyik? Hesabatdan da görünür ki, İçərişəhər sakinlərinin yerini getdikcə hotel, restoran, kafelər, iaşə obyektləri tutur. Bunun qarşısı necə alına bilər?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Sherg.az-a açıqlamasında qeyd etdi ki, İçərişəhər tarixi-memarlıq qoruq ərazisidir, son illərdə orada hotellərin, restoran və kafelərin, ictimai iaşə obyektlərinin sayının kifayət qədər artdığını görürük:

- Tarixi memarlıq abidələri, unikal görünüşü, özünəməxsus həyat və yaşam tərzinə malik İçərişəhər turistlərin daha çox maraq göstərdiyi ərazidir. Orada qalmaq, qədimliyi hiss etmək turistlərə maraqlıdır. İçərişəhərdə son illərdə həm də sakinlərin sayının azaldığını, kommersiya obyektlərinin sayınınsa artdığını görürük. Təbii ki, orada ticari maraqlar yüksək olduğuna görə sakinlərə sərf edir evlərini baha qiymətə satırlar, daha yaxşı ödəniş qarşılığında şəhərin başqa ərazilərində daha rahat mənzillərə sahib olurlar. Həmin evləri alanlarsa onlardan ticarət obyekti kimi istifadə edirlər. Ona görə də sakinlərin sayı getdikcə azalır. Amma sakinlər üçün də müəyyən şərtlərlə İçərişəhərdə qalmaq təklif edilə bilər. Elə şərait yaradıla bilər ki, sakinlər evlərini obyektə çevirməklə qalıb yaşamaqda davam edərlər, mənzillərini satmalı olmazlar. Bunun üçün iqtisadi şərtlər əlverişli olmalıdır.

C.Aşurov bildirdi ki, İçərişəhər paytaxtın digər əraziləri ilə müqayisədə daha hərəkətli və turistlərin də daha çox ziyarət etdiyi ərazidir. Müasir Bakıdan savayı şəhərin qədimliyini görmək istəyən turistlər buna görə İçərişəhərdəki hotellərdə qalmağı, orada həm gəzib, həm də qidalanmağı xoşlayırlar. Bu nəzərə alınaraq orada iaşə obyektlərinin sayı çoxalır:
- İçərişəhərə təkcə turistlər maraq göstərmir. Yerli əhali də gəzinti üçün çox zaman İçərişəhəri seçir. Bu mənada İçərişəhərin nə vaxtsa “ölü” şəhərə çevriləcəyini düşünmək olmaz. Amma əlbəttə ki, yerli sakinlərin orada qalıb yaşaması üçün iqtisadi imkanlar təklif edilərsə, sakinlər oranı tərk etməz. Sakinləri orada saxlamaq istəyiriksə, iqtsadi imkanlar yaradılmalı, sakinlərin iqtisadi maraqları təmin edilməlidir. Sizə deyim ki, İçərişəhər hazırda paytaxtın ən dinamik ərazisidir. Oradan vaxtilə köçüb gedənlər də gəlir, gəzirlər, faydalanırlar. Məkanlar hamıya açıqdır. Əslinə baxsaq, İçərişəhərdə hazırda yaşamaq o qədər də əlverişli sayılmır. Giriş-çıxış məhdudiyyətləri var. Çətinlik yaranır. Səs-küy çoxdur. Ensiz küçələr turistlərlə dolur. Restoranların tüstüsü daim ətrafa yayılır. Evlərin heç də hamısı geniş deyil. Yəni rahat yaşayış üçün digər ərazilər daha münasib görünür. Lakin İçərişəhəri sakinləri ilə birgə qorumaq məqsədi varsa, bu məsələ iqtisadi maraqlar çərçivəsində həllini tapa bilər.
