“Prioritetimiz azad olunmuş ərazilərdə vətəndaş nəzarətinin yaradılmasıdır” - Asəf Quliyev

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Qarabağın yenidən qurulmasında Vətəndaş cəmiyyəti və medianın rolu” layihəsinin icrasına başlayıb. 

Bu barədə məlumat verən birlik sədri Asəf Quliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə vətəndaş nəzarətinin formalaşdırılması layihənin əsas məqsədidir. 

“Bu gün azad olunmuş ərazilərimizdə nəhəng quruculuq işləri görülür. Bütün infrastruktur yenidən qurulur. Evlər, məktəblər, xəstəxanalar, sənaye müəssisələri və sairə. Bu çox gözəldir. Bununla yanaşı vətəndaş cəmiyyətinin də bu ərazilərdə formalaşdırılması məsələsi gündəmə gəlir. Bu gün azad olunmuş ərazilərdə fəaliyyət göstərən media orqanı yoxdur, bəzi QHT rəhbərləri azad olunmuş ərazilərə köçüb, amma məhz həmin ərazilərdə vətəndaş cəmiyyəti formalaşmayıb. Buna görə də hesab etdik ki, digər strukturlarla yanaşı vətəndaş cəmiyyəti strukturlarının da formalaşması lazımdır. Bu layihədə də prioritetimiz azad olunmuş ərazilərdə vətəndaş nəzarətinin yaradılmasıdır”. 

Birlik sədri layihənin əsas elementi kimi foks qruplarda görüşlər keçirilməsi və qarşıda duran məsələlərin həllini müzakirə etmək üçün dəyirmi masanın təşkil olunmasının nəzərdə tutulduğunu bildirib. 

“Bu gün azad olunmuş ərazilərə köçürülmüş insanları narahat edən məslələr var. Bunların həlli üçün vətəndaş təşəbbüsləri göstərilməlidir. Bu insanlar doğma ocaqlarında da olsalar bəzən bu problemlərlə təkbətək qalırlar. Ancaq onlar birlikdə, icma halında bu işlərə girişsələr effektiv nəticə əldə edə bilərlər. Bunun üçün onların təşkilatlanması və təşəbbüskar olması vacibdir. Eləcə də media sahəsində olan boşluqlarındoldurulması da bu ərazilərdə canlanmaya müəyyən stimul vermiş olar və eyni zamanda yanlış informasiyaların yayılmasına qarşı qabaqlayıcı, operativ və dürüst bir mexanizm formalaşar”.