Qərbin  “Laçın yolunu açın!” bəyanatının GİZLİNLƏRİ AÇILDI – TƏHLİL  


“Beynəlxalq qüvvələrin kəşfiyyat idarələri də, peykləri də Laçın yolunda heç bir qətliamın və qanunsuzluğun olmamasını yaxşı göstərir" 

"1000-dən artıq avtomobilin Azərbaycanın Qarabağ bölgəsinə təchizat aparması üçün Laçın yolundan keçidi Dövlət Departamentinin dediklərinin əksini sübut edir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.
“Yaxşı olardı ki, Ermənistana öhdəlikləri yerinə yetirmək və qanunsuz fəaliyyətə son qoymaq üçün çağırış edilsin”, - deyə Ayxan Hacızadə əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırmışdı.

Laçın yolu məsələsində Qərb birliyinin Azərbaycana qarşı olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a söyləyib ki, keçən 30 il ərzindəki münaqişə boyunca əksər Qərb ölkəsi ermənipərəst siyasət yürüdərək Azərbaycanın haqlı mövqeyini görməyib. İndi də daha çox Ermənistanın yanında yer alırlar:

“Məsələn, biz Naxçıvanın illərdir, blokadada olmasına rəğmən, heç bir ölkədən bunun açıqlması ilə bağlı çağırış görməmişik. Amma Aİ, ABŞ, Almaniya, Fransa, Rusiya və başqaları bu dəhlizin açılmasının vacibliyini vurğulayır. Hətta bununla bağlı ABŞ-ın dövlət katibi Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub. Burada isə iki nüansı fərqləndirmək lazımdır. Birincisi, Amerika dövlətinin mövqeyidir. 

Digəri isə ABŞ -da olan liberal, sosialist köklü və erməni lobbisinə yaxın qüvvələrin verdiyi açıqlamalardır. Xüsusən Konqresdə erməni və yunan lobbisinə  yaxın qüvvələr çoxdur. Onlar açıq şəkildə anti-Azərbaycan siyasəti aparırlar. Yəni Azərbaycan və Türkiyəyə qarşı vaxtaşırı açıqlamalar verərək qanun layihələrini bloklayırlar. Eyni zamanda Azərbaycana təyin edilən səfirin gəlişini və Türkiyəyə silahların satılmasını gecikdirirlər".

  Analitikin sözlərinə görə Paşinyan liberal Sorosçu olduğuna görə bu qrup onu dəstəkləyir: 

"Digər tərəfdən ABŞ-ın özünün məsələyə münasibəti var. Rəsmi Vaşinqton və Böyük Britaniyada Qarabağın Azərbaycan suverenliyində olması barəsində şübhə yoxdur. Biz bunu BBC-nin son buraxılışında da gördük. Sadəcə yerli ermənilərə “status”un verilməsi məsələsi gündəmə gətirildi. 

Hətta Laçın yolunun açılması ilə də bağlı eyhamlar oldu. Bununla əlaqədar ölkə rəhbəri də dəfələrlə deyib ki, oradan minlərlə maşın və tır keçib. 

Əgər biz bu yolun nəzarətini tamamilə qaldırsaq və bütün yükləri buraxsaq, o zaman aksiyanın heç bir mənası olmaz. Yəni heç bir hədəfə çatmamış olarıq. 

Bu səbəblə də Azərbaycan tərəfi aksiyaların uzadılmasında maraqlıdır. Beynəlxalq qüvvələrin “Yolu açın!” deməsi isə onların xislətlərindən irəli gəlir. Çünki onların kəşfiyyat idarələri də, peykləri də Laçın yolunda heç bir qətliamın və qanunsuzluğun olmamasını yaxşı göstərir".