25 noyabr tarixin qürurverici günü...

Elman Məmmədov: "Kəlbəcər şəhərində davam etdirilən bərpa-yenidənqurma işləri planlaşdırılan qaydada aparılır"

Kəlbəcər dirçəlir

25 noyabr tarixi qürurverici günlərdən biridir


  Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
  Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
  Millət vəkili Elman Məmmədov da  “Sherg.az"a açıqlamasında 25 noyabr tarixinin  qürurverici günlərdən biri olduğunu deyib. Kəlbəcər rayonunun təcavüzkar Ermənistan tərəfindən 1992-ci il aprelin 2-də işğal edildiyini xatırladan MM üzvü  əlavə edib ki, rayonun mərd, qəhrəman, zəhmətkeş  sakinləri düşmənə qarşı döyüşlərdə həlak olublar, məcburi köçkünə çevrilərək uzun illər ərzində ağır şəraitdə yaşayıblar:

“Ərazidəki bütün tarix və mədəniyyət abidələri yerlə-yeksan edilib, yaşayış məntəqələri dağıdılıb, erməni vəhşi qəbiləsi daşı daş üstündə saxlamamışdı.  2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Prezident İlham Əliyevin bilavasitə səyləri ilə Kəlbəcər rayonu  bir güllə atılmadan  noyabrın 25-də  işğaldan azad edilib.  Ötən 4 il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərə dəfələrlə səfər edib. Səfərlərin gedişində görülən işlər dövlətimizin dirçəliş işlərində əzmini, qətiyyətini və gücünü göstərir.
Rayonlarımızın azadlığa qovuşmasından keçən dörd il müddətində ölkədə “Böyük Qayıdış” proqramına start verilib. Həmin proqram çərçivəsində həyata keçirilmiş layihələr, abadlıq-quruculuq işləri, iş yerlərinin açılması, yeni müəssisə, kənd və müxtəlif obyektlərin təməlinin qoyulması ilə bu yerlərə həyat qayıdır. Təkcə onu demək kifayətdir ki, İkinci Qarabağ müharibəsindən sonra 2024-cü ilin sonuna qədər Qarabağın bərpası üçün xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edir. Bu vəsaitin böyük hissəsi infrastruktur layihələrinə xərclənib. Eyni zamanda keçmiş köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı davam edir və hər ay, hər il onların sayı artmaqdadır”.
  Deputatın sözlərinə görə, hazırda Kəlbəcər şəhərində davam etdirilən bərpa-yenidənqurma işləri planlaşdırılan qaydada aparılır. Şəhərdə yeni və müasir binalar inşa edilir, geniş küçələr salınır: “Azad edilmiş ərazilərdə infrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu çəkilib. Dövlət başçısı bu il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı bildirdi ki, ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, yəni o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, həmçinin, 450 körpünün inşası nəzərdə tutulur. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılıb, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə. Bütün bu işləri  dövlətimiz heç bir xarici yardım almadan özü təkbaşına görür”.