“TikTok” sosial şəbəkəsində canlı yayımlarda qanunsuz mərc oyunları təşkil olunur.
Son zamanlar “TikTok” sosial şəbəkəsində canlı yayımlarda qanunsuz mərc oyunlarının təşkil edildiyi müşahidə olunur. Bu cür fəaliyyətlər istifadəçilər üçün ciddi təhlükələr yaradır və hüquqi məsuliyyətə səbəb ola bilər. Bəzi istifadəçilər qaydaları pozaraq qanunsuz mərc oyunları təşkil edirlər. “TikTok”da canlı yayımlarda qanunsuz mərc oyunlarının təşkil olunması qanun pozuntusudur və həm təşkilatçılar, həm də iştirakçılar üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu səbəbdən, istifadəçilərə bu cür fəaliyyətlərdən uzaq durmaları və sosial şəbəkələrdə təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, bu cür hallar tək tiktokda deyil, digər sosial şəbəkələrdə də mövcuddur:
“İnsanlar qanunsuz mərc oyunları, yarışlar keçirirlər. Yəni mümkün olan bütün imkanlardan istifadə edərək insanları aldadır və pullarını mənimsəyirlər. Bunu öz adı ilə, saxta profillərlə və mütəşəkkil formada dəstə yaradıb, həyata keçirənlər var. Bütün hallarda dələduzluq, insanları aldatmaq, maddi vəsaitlərini mənimsəmək qanundan kənardır. Düşünürəm ki, bununla bağlı hər hansı bir ölçü götürüləcək. Çünki son günlərdə əxlaqsız hərəkətlər nümayiş etdirən, dəyərlərə hörmət etməyən bəzi tiktok tanınmışları həbs edildi. İnsanlar da bu məsələdə bir az diribaş, gözüaçıq olmalıdırlar. Bu hadisələrlə bağlı Elşad Hacıyev də tez-tez açıqlamalar verir, insanları daha ayıq-sayıq olmağa səsləyir. İstənilən dələduzluq halına bizim bəzi insanlar tez düşür. Ona görə də bir qədər savadlılığı artırmaq lazımdır. Media savadlılığı adı altında həftə keçirildi. İnsanlara kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hər gördüyünə inanmamaq barədə çağırışlar elan edildi. Amma bu gün biz soruşsaq ki, media savadlılığı nədir, onu bilməyəcək. Lakin əvəzində hansı tiktok fenomeninin nə qədər pulu, hansı evdə yaşayır, nə qədər gəlir əldə etdiyinə qədər əzbər biləcək. İnsanlar öz üzərlərində işləyərək dövrlə ayaqlaşmağı bacarmalıdırlar. Oxumaq üçün pula ehtiyac yoxdur. Çünki hər addımımız informasiya və məlumatlarla doludur”.