Hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb
Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar. Cəbrayıl şəhəri bu gün 30 ailə olmaqla, 150 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bu mərhələdə Cəbrayıl şəhərinə 30 ailə - 150 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə artıq 30 min nəfərədək insan yaşayır. Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verilib. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı olub. 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Qələbədən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır. Görülən işlərin ilkin nəticəsi olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Hazırda bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, Qarabağ və Şərqi Zəngəzurda intensiv şəkildə məskunlaşma davam edir. Deputatın sözlərinə görə, ilin sonunadək 20 mindən artıq vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşacaq:
"Eyni zamanda, 2026-cı ilin sonunadək həmin ərazilərimizdə yaşayacaq vətəndaşlarımızın sayı 140 minə çatacaq. Bütövlükdə Birinci Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərimizdə məskunlaşmaya start veriləcək. Təbii ki, məskunlaşma prosesi həmin ərazilərin tam bərpasından sonra mərhələli şəkildə həyata keçiriləcək. Birinci Qayıdış proqramından sonra növbəti qayıdış proqramlarında da məskunlaşmanın davam edəcəyi gözlənilir. Əslində, məskunlaşma prosesinin intensiv şəkildə həyata keçirilməsi həm də Azərbaycanın iqtisadi gücünü göstərən faktorlardan biridir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan bütövlük yanaşma prosesini öz daxili maliyyə mənbələri hesabına aparıb:
"İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 18 milyard manata yaxın vəsait ayrılıb. Bu rəqəm növbəti 2026-cı ilədək 32 milyard manata qədər yüksələcək. Bütün bunlar ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur Zəngəzurun məskunlaşması, infrastrukturun inkişaf etməsi və məşğulluğun təmin edilməsi Azərbaycanda həyata keçirilən siyasətin prioritetləridir. Bu prioritetlərə uyğun olaraq da biz Qayıdış proqramları çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz ata-baba yurdlarında məskunlaşmasını, məşğulluğun təmin edilməsini, bütövlükdə həmin ərazilərimizin inkişafını müşahidə edəcəyik".