Xankəndi, Xocalı və Ağdərəyə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında respublikanın müxtəlif yerlərindən doğma yurda qayıdan 87 ailəyə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

***
13:49
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca və Təzəbinə kəndlərinə, həmçinin Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə yola salınan növbəti köç karvanları mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, köç çərçivəsində Xankəndinin Kərkicahan qəsəbəsinə 8 ailədən ibarət 36 nəfər, Xocalının Badara kəndinə 5 ailədən 13 nəfər, Xanyurdu kəndinə 4 ailədən 10 nəfər, Xanabad kəndinə 8 ailədən 31 nəfər, Ballıca kəndinə 3 ailədən 8 nəfər, Təzəbinə kəndinə 14 ailədən 71 nəfər köçürülüb.
Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailədən 36 nəfər, Həsənriz kəndinə 6 ailədən 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailədən 49 nəfər, Çapar kəndinə isə 15 ailədən 51 nəfər yerləşdirilib.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Mərasimlərdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ümumilikdə növbəti köç çərçivəsində qeyd olunan ərazilərə 87 ailədən 335 nəfər köçürülüb.

***
06:36
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə 13 nəfər, Xanyurdu kəndinə 4 ailə 10 nəfər, Xanabad kəndinə 8 ailə 31 nəfər, Ballıca kəndinə 3 ailə 8 nəfər, Təzəbinə kəndinə 14 ailə 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə 36 nəfər, Həsənriz kəndinə 6 ailə 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə 49 nəfər, Çapar kəndinə 15 ailə 51 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.