İrəvan sülh danışıqları məsələsində də ABŞ-nin vasitəçiliyini ön plana çəkir
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Bu sazişi iki ölkə arasındakı münasibətlərdə "əhəmiyyətli mərhələ” kimi dəyərləndirən Blinken qeyd edib ki, Cənubi Qafqazın daha möhkəm, daha dinc, daha təhlükəsiz, daha müstəqil olmasına şərait yaradacaq.
Blinken həmçinin bildirib ki, Vaşinqton sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərini müzakirə etmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.
ABŞ həmçinin Ermənistanla mülki nüvə əməkdaşlığı haqqında danışıqlara başlayacaq, Yerevan isə ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə koalisiyasına qoşulacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə ABŞ-nin regionda möhkəm və uzunmüddətli sülhə yardımda iştirakını alqışlayıb, stabil və mütərəqqi Cənubi Qafqazın "bütün region oyunçularının və daha geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu" bildirib.
Rusiyanın Qərbi Cənubi Qafqazdan uzaq tutmaq səylərinin artmasını nəzərə alaraq, bu addım bir çox müşahidəçiləri təəccübləndirib. Ermənistanla ABŞ arasındakı razılaşma ölkəmizdə də birmənalı qarşılanmayıb.
Mövzunu dəyərləndirən bəzi ekspertlər hesab edir ki, Ermənistan-ABŞ strateji tərəfdaşlıq xartiyası Yerevanı regionda təcrid edə bilər. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə normallaşma prosesinə getmədən ABŞ ilə "strateji tərəfdaşlıq" xartiyasını imzalaması danışıqlar prosesində mövqeyini gücləndirməsinə hesablanıb. Amma bu siyasət siyasət Yerevanın əleyhinə işləyə bilər.
Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az"a açıqlamasında məsələyə fərqli prizmadan yanaşıb. O deyib ki, Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyası iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq və digər sahələri özündə əks etdirir.
S.Məmməd həmçinin qeyd edib ki, Bayden administrasiyasının gedər ayaq bu cür addım atması və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın da yeni ABŞ administrasiyası ilə də əməkdaşlıq edəcəklərini bəyan etməsi onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazla bağlı siyasətini Ermənistan üzərindən davam etdirəcək:
“Ermənistanla Azərbaycan arasında sülh danışıqları məsələsində də ABŞ-nin vasitəçiliyini rəsmi İrəvan ön plana çəkir. Azərbaycan tərəfi hər dəfə vasitəçisiz danışıqları önə sürsə də, Ermənistan mütləq şəkildə çalışır və regiona yeni oyunçu cəlb etmək niyyətindən əl çəkmir. Bunun belə olacağı da gözlənilən idi.
Yeri gəlmişkən, Azərbaycan tərəfi Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edirdi. Ermənistanın ədliyyə naziri isə konstitusiya dəyişiklikliyinə gedəcəklərini, ancaq Azərbaycan və Türkiyəyə torpaq iddialarının çıxarılmayacağını açıq şəkildə dilə gətirdi.
Rusiya bu məsələdə hələ ki izləyici mövqeyindədir. Rusiya birbaşa özü yox, Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmağın planlarını quracaq. Azərbaycan tərəfi Ermənistanın silahlanması və regionda təhdidə çevrilməsini həzm etmir, ancaq bunun üçün hansı addımı atacaq, hələ ki bu, müəmmadır.
Prosesə real baxsaq, ABŞ-nin yeni administrasiyası da Ermənistanla əməkdaşlığı davam etdirmiş olsa, Ermənistanın bu regionun İsraili olacağı ehtimalı artmış olur. İsraildə asan coğrafiya da yaranmayıb. Misir və Suriya kimi ölkələrin qonşuluğunda və ümumilikdə, ərəb ölkələrinin ortasında yaradıldı və demək olar ki, ərəb ölkələrinin hamısını başıqapazlı etdi. İsrail ərəblərin, Ermənistan isə həm Cənubi Qafqazda – İranla, Türkiyə ilə sərhəddə yerləşir, həm də bir qədər coğrafiyanı genişləndirsək, Türk Dövlətləri Təşkilatının mərkəzindədir”.
S.Məmmədin fikrincə, Ermənistan prosesləri elə bir həddə gətirmək istəyir ki, ona söz deyən ABŞ-yə söz demiş olsun: “Ermənistanda hazırda Rusiya hərbi bazaları olsa da, rəsmi İrəvan çalışacaq ki, bu bazaları öz ölkəsinin ərazisindən çıxarsın. Rusiyanın buna gedəcəyi o qədər də inandırıcı deyil. Hazırkı Ermənistan təkcə Azərbaycan üçün yox, eləcə də bütün region ölkələri üçün təhdid yaratmaqdadır. Bu gün İranla münasibətləri normal görünsə də, sabah Ermənistanın İranla da münasibətlərinin pisləşəcəyi ehtimalı yüksəkdir. Ermənistan təkcə Azərbaycan və Türkiyəyə torpaq iddiasında deyil, Gürcüstandan da müəyyən qədər əraziləri qəsb edib. Hazırda Ermənistan tərəfi Azərbaycanla sərhəddə fortifikasiya qurğuları quraşdırmaqdadır. Görünən odur ki, siyasi gərginlik artan xətlə davam edəcək. Azərbaycan tərəfinin şərtləri məlumdur. Türkiyə tərəfi də kommunikasiyaların açılması üçün addımlar atır. Yəni yolların açılması üçün milyonlarla xərc çəkilir və işlər görülür. Ermənistan tərəfi istəsə də, istəməsə də, o yol açılacaq.
Proseslərin gedişi onu göstərir ki, siyasi gərginlik hərbi gərginliklə əvəz oluna bilər. Ermənistan da bunun fərqindədir. Ona görə də maksimum çalışır ki, prosesi uzatsın və özünə ciddi tərəfdaşlar toplasın. Region ölkələri Ermənistanın gələcək üçün necə təhlükə törədəciyinin fərqində olsalar, hesab edirəm ki, Ermənistan kimi ölkənin varlığını sorğulayacaqlar. Çünki Ermənistanın varlığı bu region üçün daim problem yaradacaq. Hər şey dəyişə bilər, ancaq bir millətin xisləti əsla dəyişə bilməz və dəyişmir də. Ermənistan qonşuluğundakı istənilən ölkənin zəif yanını yaxalasa, bağışlamayacaq.
Hesab edirəm ki, Ermənistanla bağlı məsələdə əsas güc Azərbaycanın üzərinə düşəcək. Çünki digər ölkələrin başı daha böyük problemlərə qarışıb. Müharibənin, hərbi toqquşmanın olması arzuolunan deyil. Bunun iqtisadi, siyasi cəzaları olacaq. Ancaq Ermənistanın varlığı daim təhdid yaradacaq”.