Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Alen Simonyanın səlahiyyətində olan məsələ deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .
Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən baş nazirin müavinlərinə tapşırılıb.
Zaxarova Ermənistanda bu məsələ ilə Alen Simonyanın deyil, başqa dövlət xadiminin məşğul olduğunu söyləyib: "Mən konkret adamın konkret bəyanatını şərh etmək istəmirəm. Biz hesab edirik ki, bu, onun səlahiyyətində olan məsələ deyil".
Zaxarova qərb ölkələrinin regionda kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə destruktiv təsirini gördüklərini söyləyib:
"Ermənistan hakimiyyətinin də bu məsələ ilə bağlı mövqeyi hərdən bizdə suallar doğurur. Bu iki faktora görə üçtərəfli işçi qrupun işi tormozlanıb. Biz bunu dəfələrlə şərh etmişik, bu xəbər deyil. Əminik ki, üçtərəfli işçi qrup çərçivəsində əməkdaşlığın tezliklə bərpası təkcə regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına deyil, gələcəkdə Ermənistanın və bütün regionun sosial iqtisadi inkişafının təmin olunmasına yardım edəcək", - Rusiya XİN sözçüsü əlavə edib.