Tramp və administrasiyası İsrailin tam təlimatı ilə Yaxın Şərq siyasətini qurur
ABŞ və İsrail İrana zərbə endirməyə hazırlaşır. Bu barədə “Daily Mail” nəşri mənbələrə istinadən məlumat yayıb. Məqalədə qeyd edilib ki, ABŞ Prezidenti Donald Tramp İrana hava zərbəsi endirməyi planlaşdırır. Yüksək səviyyəli siyasi, hərbi və diplomatik mənbələrə əsasən, ABŞ və İsrail İranın nüvə proqramından doğan təhlükəni tamamilə aradan qaldırmaq üçün hücuma hazırlaşır”.
Qeyd olunur ki, daha əvvəl də İranın nüvə proqramına qarşı hərbi əməliyyat ehtimalları müzakirə olunub, lakin bu dəfə həm ABŞ, həm də İsrailin təkcə təhdid səsləndirməklə kifayətlənməyəcəyinə dair açıq sübutlar var.
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi ABŞ-nin təhdidlərinə reaksiya verib. O bildirib ki, “İran ərazisinə daxil olan hər kəsin ayağını kəsəcəklər”.
Milli Cəbhə Partiyasının sədr müavin Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında ABŞ-İran müharibəsinin mümkün olduğunu deyib:

“ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Netanyahunun istəyinə uyğun olaraq İrana qarşı hərbi əməliyyatlar üçün regiona B52 qırıcıları və raket esminesleri toplayır. Həmçinin İsrailə bir müddət öncə bunker dağıdan bombaların göndərilməsi məhz İran faktoruna görə idi.
Vaxtı ilə İsrailin Baş naziri Netanyahu İraqda nüvə silahı var bəhanəsi ilə ABŞ hərbi əməliyyatlara sövq etdi. Hazırda Qəzzadan fələstinlilərin köçürülməsi məhz İsrailin Bas nazirinin planıdır. D.Tramp nə qədər Ağ Evdə oturub, B.Netanyahu Qəzzadan fələstinlilərin köçürülməsini və İrana qarşı hərbi əməliyyatlar keçirilməsinə çalışacaq.
Göründüyü kimi, D.Tramp və administrasiyası İsrailin tam təlimatı ilə Yaxın Şərq siyasətini qurur. Təbii ki, İsrail çalışır ki, Suriyada Türkiyəyə qarşı D.Trampdan istifadə etsin”.
Hazırda ABŞ-nin İran ətrafında hərbi hərəkətliliyi inkişaf etdirdiyini vurğulayan politoloq qeyd edib ki, tərəflər arasında birbaşa dialoqun baş tutması sual altındadır:
“Vaşinqtonun təklifləri əsasən aşağıdakılardır. Birinci, nüvə proqramından əl çəkməlidir. İkinci, ballistik raketlerdən imtina etməlidir. Üçüncü, proksi qüvvələr yaratmamalı və dəstək verməməlidir. Uzun illərdi ki, İran öz hərbi imkanlarını inkişaf etdirir. İranın güclənməsi Azərbaycan və Türkiyənin təhlükəsizliyini təhdid edir. Xüsusilə, Tehranın daima Azərbaycanı hədəf seçməsi, hərbi təhdidlərlə hədələməsi ikitərəfli münasibətlərdə böhrana gətirib çıxarıb. İranın hərbi cəhətdən zəif olması Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verir. ABŞ İranın hərbi infrastrukturunu və nüvə mərkəzlərini sıradan çıxarması regionda təhlükəsizliyin təmin edilməsinə gətirib çıxara bilər. Amma ABŞ İrana birbaşa müharibəyə gedib, İraqdakı kimi quru əməliyyatlar keçirərsə, bu müharibə Vaşinqtonun məğlub olmasına gətirib çıxara bilər. ABŞ Vyetnamda, Əfqanıstanda və İraqda qələbə qazana bilmədiyi kimi İran müharibəsində eyni analoji dövrü yaşaya bilər”.
Şəymən Bayramova