Politoloq: Müharibənin qarşısının alınması yolu İranın ABŞ-la danışıqlara başlamasıdır

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
Bu barədə “Röyters” iranlı mənbəyə istinadla məlumat yayıb.
“Tehran narahatdır ki, ABŞ-la razılığa gəlmək üçün cəmi iki ay vaxtı var, çünki danışıqlar uzanarsa, İsrail İrana öz hücumunu həyata keçirə bilər”, - mənbə bildirib.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, ABŞ nüvə çalışmaları ilə bağlı İranla müzakirələr aparmağı təklif edir:

"Donald Tramp Tehrana 2 ay vaxt verib. Bu zamanın bir hissəsi geridə qalıb. İran danışıqlara hazır olmazsa, bu, bölgədə vəziyyəti gərginləşdirə bilər. Həmçinin perspektivdə ABŞ və İsrailin İrana zərbələr də endirməsi mümkündür. Bölgədə müharibənin qarşısının alınması yolu İranın ABŞ-la danışıqlara başlamasıdır. Hələ ki bundan imtina edirlər. Tehran birbaşa yox, dolayı danışıqları üstün tutur. Lakin reallıq odur ki, İrandan 2 addım tələb olunur: Birincisi, nüvə istehsalından imtina etmək və nüvə mərkəzlərini beynəlxalq araşdırmaçı qruplara açmaqdır. Çünki həqiqətən təsdiq edilsin ki, Uranın zənginləşdirilməsi yüksək səviyyədə aparılmır. İkincisi, bölgədəki silahlı və terrorçu qruplara dəstəkdən vaz keçsin. İran uzun illər Hizbullah, HƏMAS və Husilərə silah-sursat verib, o cümlədən maliyyə ayırıb. Bütün bunlar regionda müxtəlif toqquşmalara səbəb olur. Digər tərəfdən inanmıram ki, Tehran ABŞ və İsrailin bu tələblərini yerinə yetirsin. Ümumiyyətlə biz özümüz də bölgədə vəziyyətin gərginləşməsinə hazır olmalıyıq".