Abbas Əraqçi: Qonşu ölkələrlə etimadın bərpası istiqamətində uğurla irəliləyirik

İran ilə Fars körfəzi ölkələri arasında qarşılıqlı etimadın yaradılması istiqamətində yeni mərhələyə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda akkreditə olunmuş səfirlər, müvəqqəti işlər vəkilləri və beynəlxalq missiya rəhbərləri ilə görüşdə bildirib.

XİN rəhbəri qonşu dövlətlərə səfərlərinin səmərəli keçdiyini vurğulayıb:

“Xüsusilə Fars körfəzi ölkələrinə səfərlərimiz çərçivəsində keçirilən görüşlər çox səmərəli, qarşılıqlı hörmət və dostluq şəraitində baş tutdu. Biz qonşu ölkələr, xüsusən də Fars körfəzi dövlətləri ilə İran İslam Respublikası arasında etimadın bərpası üçün yeni yolun əsasını qoymuşuq və bu istiqamətdə uğurla irəliləyirik. Bölgə dövlətlərinin iştirakı ilə sülh, sabitlik və təhlükəsizliyin təmini üçün ortaq siyasi iradə mövcuddur”.

Əraqçi Avropa ölkələri ilə aparılan müzakirələrə və NATO Baş katibinin bəyanatına da toxunub:

“Avropalı tərəfdaşlarla təmaslarımız kifayət qədər açıq mühitdə keçir. Ümid edirik ki, Avropa dövlətləri İrana qarşı tutduqları mövqeyə yenidən baxacaqlar. NATO Baş katibinin Avropa ölkələrinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında iştirakı ilə bağlı etirafı ciddi məsələdir. O, ABŞ-yə məxsus 5 mindən çox qırıcı təyyarənin İrana zərbələr endirmək üçün Avropadakı bazalardan havalandığını açıq şəkildə bildirdi. Biz Avropa ölkələrinin İrana qarşı bu müharibədə nə üçün fəal iştirak etdiklərinə dair suala rəsmi cavab gözləyirik”.