Erməni ekspert: "Raket hücumu olsa, Ermənistanın aviasiyanı qorumaq çox çətin olacaq"

"Ermənistanın hələ də uzaq mənzilli raketlərə qarşı hava hücumundan müdafiə sistemi yoxdur. Öz aviasiyamızı qorumaq üçün çox az iş görülür. "Google Maps"də Ermənistanın xəritəsini açsaq, mütləq dörd “SU-30” təyyarəmizin harada yerləşdiyini görəcəyik. Həmin anqarlar həmin xəritədə Şirak hava limanının yanında yaşıl rəngə boyanıb".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan Yaxın Şərqdəki gərginlik fonunda Ermənistanın hərbi müdafiəsi haqqında "News.am"a açıqlama verərkən bildirib.

Onun sözlərinə görə, əgər bir ölkənin hava hücumundan müdafiə sistemi yoxdursa, deməli, həmin ölkənin mütləq məğlubiyyəti qaçılmazdır: "Əvvəlcə hava hücumundan müdafiəni inkişaf etdirməli, heç olmasa strateji obyektləri; komanda və idarəetmə məntəqələrini qorumağı bacarmalısınız. Müdafiə sistemləri yerin altında yerləşdirilməlidir. Ermənistanda bunu etmək mümkündür, amma bu, çox nadir hallarda edilir. Araqat dağlarını dörd tərəfdən radarlarla əhatə etsəniz, ölkənin ən azı 60-70%-ni radar əhatəsi ilə təmin edə bilərsiniz".

Kerobyan əlavə edib ki, coğrafi mövqeyinə görə Ermənistanın aviasiyanı qorumaq çox çətindir: "Ərazimizin ən ucqar nöqtəsi sərhəddən cəmi 65-67 km məsafədədir. Raket artilleriyasının əlçatanlığı daxilindədir, onlar Ermənistanın istənilən nöqtəsinə yaylım atəşi aça bilərlər. Amma bu o demək deyil ki, biz boş oturub həmin zərbəni gözləməliyik. Bütün vasitələrdən istifadə etməli, ehtiyat hava limanları yaratmalı, həmin anqarları yeraltına qoymalı, kamuflyaj etməliyik".