Ermənistanda ipoteka ilə ev alışı notarial təsdiq olmadan mümkün olacaq

Ermənistan hökuməti ipoteka ilə ev alqı-satqısı müqavilələrinin notarial təsdiq olmadan bağlanmasına icazə verib.

Sherg.az xəbər verir ki, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.

Qərara əsasən, ipoteka və mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün nümunəvi müqavilələr təsdiqlənəcək. Bu müqavilələr Ermənistanın Daşınmaz Əmlakın Dövlət Kadastrı Komitəsinin elektron platforması vasitəsilə, notariusun iştirakı olmadan bağlana biləcək.

Komitə sədri Suren Tovmasyan bildirib ki, yeni sistem sayəsində alıcılar müqavilələri həm Ermənistanda, həm də ölkə xaricində olduqları zaman elektron qaydada rəsmiləşdirə biləcəklər.

Onun sözlərinə görə, nümunəvi müqavilədə müştərinin və maliyyə vəsaitlərinin yoxlanılması ilə bağlı bütün zəruri tələblər əks olunacaq. Müqavilə imzalandıqdan sonra isə sənəd Komitə üçün də əlçatan olacaq və qurum daşınmaz əmlak sahiblərinin reyestrinə real vaxt rejimində dəyişiklik edə biləcək.