İranı prosesdən kənarlaşdırmaq istəyən qüvvələr var, amma liderlərin iradəsi oyunu dəyişdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran səfəri çərçivəsində həmkarı Abbas Əraqçi ilə görüşüb. Onlar görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər. Fidan çıxışı zamanı iki ölkənin rifahına və iqtisadiyyatına, xüsusən də ticarət və enerjiyə birbaşa təsir edən çoxsaylı məsələləri müzakirə etdiklərini bildirib. O, həmçinin həmkarı ilə bərabər İranın Vanda baş konsulluq açacağı xəbərini bölüşüb. Türkiyəli nazir Prezident Rəcəb Tayyib Ərdoğanın Tehrana gözlənilən səfəri zamanı həm də Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HLCC) İrandakı 9-cu iclası olacağını bildirib. Qeyd edib ki, onun İrana səfəri Ərdoğanın səfərinə bir başlanğıcdır. Fidan eyni zamanda, hər il milyonlarla insanın İran və Türkiyə arasında səyahət etdiyini və bu prosesi daha sistemli şəkildə irəli aparmaq üçün konkret layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayıb: "Sərhəd-keçid məntəqələrinin sayını artırmalıyıq. Onları daha effektiv etməliyik. Biz həmçinin, xüsusən də Əfqanıstandan gələn qeyri-qanuni miqrasiya ilə necə mübarizə apara biləcəyimizə və Əfqanıstan hökuməti ilə necə birgə işləyə biləcəyimizə diqqət yetirdik". Fidan son olaraq, iranlı həmkarı ilə Fələstin və Qəzza, Suriya, Livan, nüvə danışıqları və Əfqanıstan ilə Pakistan arasındakı gərginlik kimi məsələləri müzakirə etdiklərini qeyd edib. H.Fidan səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, ölkənin dini lideri Xameneyinin müşaviri Əli Laricani ilə də bir araya gəlib. Laricani bununla bağlı “X” hesabında türk dilində paylaşım edib: "Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm". Görüşdə tərəflər bölgədəki mühüm təhlükəsizlik məsələlərini müzakirə ediblər. Regional böhranların idarə olunmasında Tehran və Ankara arasında koordinasiyanın vacibliyini vurğulayıblar. Görüş zamanı həmçinin İran və Türkiyə arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. İki ölkə arasındakı iqtisadi, ticarət və tranzit əlaqələrinin genişləndirilməsi perspektivləri qiymətləndirilib. Xatırladaq ki, Türkiyə xarici işlər naziri ötən gün İran Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul olunub.
Politoloq Şəbnəm Həsənova Sherg.az-a deyib ki, istənilən fikir ayrılığı masada, diplomatik yollarla həll edilməlidir. Ekspert Türkiyə xarici işlər naziri Hakan Fidanın İrana səfərini yüksək qiymətləndirib:

"İstənilən iki regional aktor arasında baş tutan görüşlər regional siyasətdə mühüm hadisədir. Azərbaycan Zəfər əldə etdikdən sonra nəqliyyat və kommunikasiyalarla bağlı açıq mövqe ortaya qoydu. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranı da birgə layihələrdə iştiraka təkidlə dəvət etdi. Bu istiqamətdə tutduğumuz yoldan dönməmişik. Zaman-zaman İran-Azərbaycan, İran-Türkiyə münasibətlərinə zərər vermək istəyən daxili və xarici qüvvələr olsa da, ölkə liderlərinin ali iradəsi, rasional siyasətçilərin baxışı nəticəsində bunların qarşısı alındı. Mövcud xətt davam etdirilməli, birgə layihələr icra olunmalıdır. Hakan Fidan tərəfindən İranın nüvə proqramı ilə bağlı Türkiyənin İranla əməkdaşlığı davam etdirmək istəyinin ifadə olunması həm strateji əlaqələrin dərinliyini, həm də mövcud amil üzərindən iki regional aktorun beynəlxalq siyasətə eyni baxışını göstərir. Bütövlükdə iki ölkə arasında siyasi mühitin mövcud durumunu müsbət dəyərləndirirəm. Ankara və Tehran arasındakı tərəfdaşlıq xarici siyasətdə mühüm yer tutur, regional amillər nəzərə alınır, layihələrdə birgə mövqe nümayiş etdirilir".