II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi

Bütün ermənilərin katolikosu II Qaregin 7 iyun seçkilərindən sonra formalaşdırılan Ermənistanın yeni parlamentinin ilk iclasına dəvət olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Yesayi Artenyan bildirib.

“Bütün ermənilərin katolikosunun parlamentin ilk iclasında iştirakı “Milli Məclis haqqında Əsasnamə”də nəzərdə tutulsa da, hazırda heç bir dəvət yoxdur”, - o deyib.

Yeni parlamentin ilk iclası avqustun 2-nə təyin olunub.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanla II Qaregin arasında münasibətlər kilsə 2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətdən sonra hökumət başçısının istefasını tələb etdikdən sonra pisləşib. Paşinyan kilsə qaydalarına görə, ömürlük seçilən II Qareginin istefasını tələb edir.