Ankara Cumhuriyyət Baş Prokurorluğunun Çankaya Bələdiyyəsində korrupsiya ilə bağlı apardığı istintaq çərçivəsində bələdiyyə sədri Hüseyin Can Güner saxlanılıb.
Məlumata görə, “cinayətkar qrup yaratma”, “rüşvət alma və vermə” və “tenderlərə müdaxilə etmə” ittihamları üzrə aparılan araşdırma çərçivəsində barəsində saxlanılma qərarı verilən Güner Şimali Kipr Türk Respublikasından Ankaraya qayıdarkən Esenboğa Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb.
Sağlamlıq müayinəsindən keçirilən bələdiyyə sədri ifadə vermək üçün Ankara Polis İdarəsinə aparılıb.
İstintaq çərçivəsində Hüseyin Can Güner və bəzi bələdiyyə rəsmilərinin də daxil olduğu ümumilikdə 36 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 29-u artıq saxlanılıb.
Səhər saatlarında Çankaya Bələdiyyəsində, bələdiyyə sədrinin evində və digər ünvanlarda axtarışlar aparılıb. Polis bələdiyyə binasının ətrafında geniş təhlükəsizlik tədbirləri görüb, bəzi sənəd və rəqəmsal materiallar götürülüb.
Araşdırma davam edir.