Paşinyandan Qarabağ açıqlaması: Rusiyaya yüz milyon verdik ki...

“2022-ci ildən əvvəl də silah-sursat almaq üçün müraciət edirdik, hamıya müraciət edirdik, amma bizi çox nəzakətlə rədd edirdilər. Deyirdilər ki, sizə silah satmaqdan imtina edirik, çünki əmin deyilik ki, bu silahları beynəlxalq səviyyədə tanınmış ərazinizdə yerləşdirəcəksiniz. Hətta şübhələri vardı ki, bu vasitələr beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda (Qarabağda – red.) istifadə oluna bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“2022-ci ildə Praqada Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı təsbit edildikdən sonra müdafiə təyinatlı silahların beynəlxalq bazarı bizim üçün açıldı. Çünki biz bəyan etdik ki, Ermənistan ordusu öz suveren ərazisindən kənarda istifadə olunmayacaq”, - o qeyd edib.

Paşinyan vurğulayıb ki, burada ikinci mühüm nüans KTMT ilə bağlıdır:

“KTMT-də iştirakımız bu beynəlxalq bazara çıxış üçün çox ciddi maneə idi. Amma 2022-ci ildə elə bir vəziyyət yaranmışdı ki, hətta (Rusiyaya) 100 milyon dollar məbləğində ödənişlər etmişdik və bunun müqabilində texnika və silah-sursat almalı idik, amma bəzən nəzakətlə, bəzən isə o qədər də nəzakətli olmayan şəkildə bu tədarüklər həyata keçirilmirdi.

Məhz bu da KTMT-də üzvlüyümüzü dondurmağımızın səbəblərindən biri oldu”.