Tsarukyana qarşı ittiham irəli sürən İran vətəndaşları ona 14,5 milyon dollar borcludur

Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı ittihamlarla çıxış edən İran vətəndaşlarının ona 14,5 milyon dollar borclu olduğu iddia edilib.

Sherg.az xəbər verir ki, bu barədə Tsarukyanın vəkili Yerem Sarkisyan məlumat verib. Onun sözlərinə görə, İran vətəndaşları əvvəlcə öz ölkələrində biznesmen Hamlet Tumanyandan şikayət etsələr də, İran məhkəmələri araşdırma nəticəsində cinayət və ya dələduzluq faktı müəyyən etməyib.

Vəkil bildirib ki, daha sonra ata-oğul Olamaeinlər Tsarukyana 14,5 milyon dollar borclu olduqlarını yazılı şəkildə etiraf edərək borcun 2026-cı ilə qədər qaytarılmasını öhdələrinə götürüblər. Lakin müddət başa çatdıqdan sonra borcu ödəmək əvəzinə Tsarukyana qarşı ittihamlar irəli sürüblər.

Sarkisyan iddia edib ki, bu addımların məqsədi maliyyə öhdəliklərindən yayınmaq və borcun qaytarılmasının qarşısını almaqdır.

Qeyd edək ki, Ermənistan istintaqı Tsarukyanı xüsusilə külli miqdarda dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında ittiham edir. İstintaqın versiyasına görə, bu fəaliyyət nəticəsində 21 milyon dollardan çox ziyan vurulub.