Dünyanı heyrətə salan türk qadın


Sabiha Rifat “ilk”lərlə adını tarixə yazdı

 Mühəndislik məktəbinin ilk qadın tələbəsi Sabiha Rifat Gürayman qadınların adı belə çəkilməyən dönəmdə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əbədi uyuduğu Anıtqəbirdə ilk qadın, həm də baş mühəndis olaraq çalışıb, üstəlik “Fənərbaxça” kişi voleybol komandasının kapitanı olub. Bəli. Doğru duydunuz: məhz kişilərdən ibarət komandanın! “Şərq” dünyanı heyrətə salan işlərə imza atmış türk qadınının həyat hekayəsini “Milliyet.com.tr”yə istinadən oxuculara təqdim edir. 

Qadın və ilklər, dedikdə, ilk yada düşən də o olur – Sabiha Rıfat Gürayman! Sabiha Rıfat Türkiyə tarixinin cəsur, qol qoyduğu işlərdə birmənalı müvəffəqiyyət qazanan qadınlarındandı. Sabiha Rıfat 1910-cu ildə Makedoniyada dünyaya gəlib. Atası hərbçi olub. İbtidai təhsilini Beşiktaş Esma Sultan ibtidai təhsil məktəbində, orta sinif təhsilini isə Nişantaşı Qız Məktəbində alıb. Sonra isə təhsilini İstanbul Qızlar Liseyində davam etdirib.

 Bu, 1927-ci illər idi. O zaman Atatürk qız uşaqlarının təhsilə təşviq edilməsinə çalışırdı. Məhz 1927-ci ildə Atatürk hazırda İstanbul Texniki Universiteti olaraq tanınan Mühəndis Məktəbinə qız tələbələrin də qəbul edilməsini təklif etmişdi. Sabiha Rifat da rəfiqəsi Mələk Ertuğ ilə imtahanlara qatılır və məktəbə daxil olur. 350 oğlan tələbənin təhsil aldığı məktəbdə cəmi 2 qız tələbə olur – Sabiha və Mələk. Asan deyildi. Məktəbdə çox zaman psixoloji basqılara məruz qalırdılar. Amma qızlar dirəniş göstərirdi. Təhsil almaqla yanaşı Sabiha idmana da maraq göstərir və voleybol oynayırmış. Voleybolda bacarıqlı olduğuna görə onu komandaya qəbul edirlər. Lakin bu, oğlanlardan ibarət komanda idi. O zaman Türkiyədə qadın voleybol komandası yox idi. Burda da bəzən təzyiqlərə, oğanların yersiz atmacalarına məruz qalsa da, oyuna köklənib. İş o yerə çatdı ki, Sabiha kişi voleybol komandasının kapitanı seçilib. 

1929-cu ildə “Fənərbaxça” voleybol komandası İstanbul çempionu adını qazananda komandanın kapitanı məhz Sabiha Rıfat idi. 1933-cü ildə Mühəndis Məktəbindən məzun olub. Və Ankara bandırlıq Baş Mühəndisliyinə təyinat alıb. Sabiha Rıfat Yüksək Mühəndis Məktəbinin nümunəvi məzunu olaraq şəhər kənarındakı layihələr üzrə işə cəlb edilir. Və Ankaradakı bir körpü tikintisində çalışmağa başlayır. İşlədiyi yerin – Bəybazarı Köyünün əhalisi onu çox sevdi, körpünün tikintisi tamamlandıqda körpüyə “Qız Körpüsü” adı verildi.  1939-cu ildə Rəmzi Güraymanla ailə qurdu. 

1941-ci ildə Türkiyə Böyük Millət Məclisi inşaatlarının nəzarət müdiri oldu. Məsləyində uğur pillələrini bir-bir qalxmağa başladı. 35 yaşında Anıtqəbir İnşaatı baş mühəndisi oldu. Bu vəzifədə 10 il çalışdı. Sabiha Rıfat Atatürkün qız uşaqlarının təhsilinə açdığı yolda addımlamışdı.

 Həyatda əldə etdiyi uğurlara görə Atatürkə borclu idi. Millət atasına vəfa borcunu onun Anıtqəbirində çalışmaqla ödədi. Anıtqəbir inşaatında bir qadının baş mühəndis olaraq çalışması dünyanı heyrətə saldı. O zaman Anıtqəbiri ziyarət edən Yunanıstan baş naziri Venizelos Sabiha Rıfata “ilk dəfədir ki, belə bir məsuliyyətli işin başında qadın görürəm. Sizi ürəkdən təbrik edirəm”, söyləyib.  

Onun sonuncu iş yeri Milli Təhsil Bakanlığında Texniki müşavirlik heyətində üzvlük olub. 1963-cü ildə təqaüdə çıxıb. Sabiha Rıfat Gürayman 2003-cü ildə 93 yaşında vəfat edib.