İndiyə qədər haqqında danışdığımız Y və Z nəsillərinə yenisi əlavə olunub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu gündən etibarən doğulan körpələr Beta nəsli hesab olunacaq.
Rəqəmsallaşma və süni intellektin zirvədə olduğu dünyaya göz açan Beta nəslinin xüsusiyyətləri nədir?
Dünya tarixində nəsillərə həmişə ad verilib. Bununla belə, texnologiyanın inkişafı ilə nəsil fərqi nəzərəçarpacaq dərəcədə artıb.
Əvvəla, nəsilləri hələ də fərqləndirməkdə çətinlik çəkənlər üçün qısa məlumat verək.
Boomer nəsli 1946-1964-cü illər arasında, müharibədən sonra dünyaya gələnlərdir.
X nəsli 1965-1980-ci illər arasında doğulanlardır. Onlar ümumiyyətlə intizamlı və çalışqan cəhətləri ilə tanınırlar.
Y nəsli 1980-1996-cı illər arasında doğulmuş nəsildir. Bəzilərinə görə, 2000-ci ilə qədər doğulanlar da Y nəslinə aiddir.
Z nəsli 1997-2010-cu illər arasında doğulmuş nəslin nümayəndələridir. Yenə Z nəslinin bitmə və başlama tarixləri də mübahisəlidir. Bəziləri Z nəslinin 2015-ci ilə qədər mövcud olduğunu iddia edir.
Alfa nəsli isə Z nəslindən sonra 2010 və ya 2015 və 2025-ci illər arasında doğulmuş nəsildir. Onlar Y nəslinin uşaqlarıdır.
2025-ci ildən sonra doğulan körpələr isə artıq Beta nəslinin üzvləri olacaq.
Bu uşaqlar da Z nəslinin övladları olaraq doğulacaqlar. 2025-ci ildən 2039-cu ilə qədər 14 illik dövrü əhatə edəcək bu nəsil, bütün digər nəsillərdən fərqli olaraq, rəqəmsallaşmanın ən yüksək həddə çatdığı bir dövrdə gözlərini açır. Üstəlik, onların valideynləri - Z nəsli texnologiyanın inkişaf etdiyi illərdə anadan olublar.
Beta nəsli süni intellektin təhsil sistemlərində ön plana çıxdığını görəcək. Öyrənmə proseslərində insanlar deyil, texnologiya daha çox iştirak edəcək. Rəqəmsal inteqrasiya ən çox Beta nəsilinə təsir edəcək. Bu nəsil 2040-cı ildə başa çatacaq. 2035-ci ilə qədər dünya əhalisinin 16 faizini onların təşkil edəcəyi gözlənilir. Texnologiya dünyasında doğulan Beta nəsli, süni intellektin və rəqəmsallaşmanın daha da irəli getməsinə imkan verəcək.
Beta nəslinin böyüyərkən hansı problemlərlə üzləşəcəyi və sonrakı illərdə necə şəxsiyyətlərə çevriləcəyi böyük maraq doğurur.