"Şərq"in əməkdaşı "İt hürən tərəfdə": “Rusiya və Türkiyədən itlər gətirilir, qiymətlər 1500 manatdır, amma...”  REPORTAJ  

Ölçüsü və görünüşü ilə fərqlənən itlərin 400-dən çox cinsi var. Cins baxımından fərqli xüsusiyyətlərə malik itlər pişiklərdən sonra ən çox bəslənən ev heyvanları arasında ikinci yerdədir. Onların bir sıra özünəməxsus xüsusiyyətləri olur.  İtlər də insanlar kimi yetişdirilə və inkişaf etdirilə bilər. Onlar qoxulara qarşı həssasdırlar. İnsanlarla çox yaxşı dost olmaqdan əlavə, müxtəlif məqsədlər üçün də istifadə olunan itlər var. Xüsusilə polis itlərinin iybilmə qabiliyyəti yaxşı olduğu üçün bir çox qoxuları ayırd edə bilirlər. İt sadiqlik, yoldaşlıq və qayğı baxımından da ən çox seçilən ev heyvanıdır. Dünya ölkələri arasında Fransa itlərə xüsusi münasibəti ilə seçilir. Buradakı restoranlar, otellər, yollar eləcə də metrolarda itlərə rast gəlinir. Elə bu səbəbdən paytaxt Paris tez-tez it dostluğunun paytaxtı kimi göstərilir.

Heyvanların pulla alınıb satılması nə qədər bəyənilməsə də, yaşadığımız kapitalizm dünyasında belə bir reallıq mövcuddur.  Elə bu reallığı nəzərə alaraq həmkarım Xanlarla paytaxt ərazisində itlərin satıldığı məkanların axtarışına çıxdıq. Xeyli soraqladıqdan sonra paytaxt sakinləri tərəfindən ən çox adı sadalanan Sabunçu it bazarına yol aldıq. Bura avtomobillərlə insanların yanaşı addımladığı , kənardan kiçik bir o qədər dağınıq görünən bir məkandır. Bazarda müxtəlif qiymətlərdə və cinslərdə itlərə rast gəlmək mümkündür. Deyilənə görə, it almaq istəyənlər mütləq yollarını buradan salmalı olur. 

Bazar haqqında ətraflı məlumat almaq üçün elə qarşımıza çıxan ilk satıcı Kamil Məmmədovla həmsöhbət olduq. 

Ondan it bazarının fəaliyyət göstərdiyi vaxtları, satışdan əldə olunan gəlirin miqdarını, hansı növ itlərə daha çox tələbat olduğunu, itlərə necə qulluq edildiyini və s. soruşduq. K.Məmmədov əvvəla özünün satış üçün bazara gətirdiyi Pitbul növü haqqında məlumat verdi: 

"Qiymətlər itlərə görə dəyişir. Pitbullar 300 manatdan başlayır, ən aşağı yeri 200 manatdır. Bunlar Dağıstandan gətirilib. Bazarda ən çox satılan it növləri hazırda pitbull və avçarkalardır. Bu növlərin qidalanmasında xüsusi it yeməklərindən,toyuq ayaqları və qanadlarından, eləcə də qoyunun boyun ətindən istifadə olunur. Bütün bunlar itlərə bişmiş şəkildə verilməlidir. Çiy ət qətiyyən vermək olmaz. Çünki quduzluq əmələ gətirir". 

Satıcının sözlərinə görə, bazardakı itlərin dərmanlanması, iynələnməsi vaxtaşırı olmalıdır ki, heyvanlar quduzlaşmasın: 

"Bazar yalnız həftənin bazar günləri səhər saatlarında fəaliyyət göstərir. Satışdan əldə edilən gəlir o qədər yüksək deyil. Mən özüm daha çox sosial şəbəkələr vasitəsilə satış edə bilirəm. İtlərin saxlanması çox əziyyət və xərc tələb edir. Alıcılar yay mövsümündə daha bol olur" . 

 Digər satıcı İlkin Babayev bazarda ümumi qiymətlərin 150- 600 manat aralığında dəyişdiyini bildirdi:

 "İtlər bura Rusiyadan, Türkiyədən, eləcə də bizim bir çox rayonlardan gətirilir. Ən çox Zvanoklar, Çoban itləri, Xaskilər alınır. Yemək kimi ət dükanından aldıqlarımızı bişirilmiş qaydada veririk" .  O özünün satdığı  Xaski növündən danışarkən vurğuladı ki, bu cins itlərin istiyə dözümü yoxdur:

 "Ona görə də soyuq havalarda bazara gətiririk. Bunlara Sibir itləri də deyirlər . Kiçik xaskilərin erkəkləri 150, dişiləri 100 manatdır. Erkək növü daha gec tapıldığı üçün aralarında belə qiymət fərqi var. Ümumilikdə bu cins yaxşı satılır". 

Satıcı Sərdar Orucov isə itlərin Zvanok və Kanqal növləri haqqında məlumat verdi: 

Zvanokların qiyməti 50- 80 manat arası dəyişir. Alıcılar belə balaca növlərə daha çox maraq göstərir. Bunların satışı normaldır. Amma yay mövsümündə daha çox alınır. Kanqal və ya çoban iti Qubadan, Xınalıqdan gətirilir. Qiyməti 600 manatdır. Əslində 1200-1500 AZN-a satılır. Hazırda saxlamaq üçün şəraitimiz yoxdur deyə məcbur bu qədər aşağı qiymətə veririk. Bu növ itlər hər şeydən öncə yaxşı qidalandırılmalıdır " . 

Bazardakı ümumi mənzərə nə qədər xoş olsa da, ətrafdakı antisanitariya gözümüzdən qaçmadı. Digər tərəfdən bazarın avtomobillərin hərəkət etdiyi yolun paralelində yerləşməsi satıcılar və alıcıların həyatını təhlükə altına qoyur. Buradakı sıxlıq sürücülərin də narazılığına səbəb olur, onları yubadır. Elə çəkiliş əsnasında satıcılardan bir neçəsi yaxınlaşıb burada satış üçün normal şərait qurulmasını istədiyi bildirdi. 

Ümid edirik ki, adiyyəti qurumlar tərəfindən əraziyə baxış keçiriləcək və məşhur it bazarı bundan sonrakı fəaliyyətini tam təhlükəsiz və gigiyenik qaydalara uyğun şəkildə davam etdirəcək.  


 
Hazırladı: Günəş Mərd, Xanlar Əlibəy