Şəhidlik zirvəsinin ADAMLARI... - REPORTAJ

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.
 
“Bəs belə bir gündə şəhidləri yad edənlər kimlərdir?” sualına cavab tapmaq üçün II Fəxri Xiyabana getmək qərarı aldım. Taksidə şəhid yaxınlarına necə yaxınlaşacağım, hansı sualları verəcəyim haqqında özüm-özümə düşünürdüm. Sürücüdən qərənfil almağım üçün yol qırağında saxlamasını xahiş etdim. Bir dəstə gül alıb yolumuza davam etdik. Artıq ünvana çatmışdım. Daha əvvəl bir neçə dəfə II Fəxri Xiyabana gəlsəm də yeni  dəfn olunan şəhidlərin məzarını tapmaqda çətinlik çəkirdim. Elə 90-cı il şəhidlərinin məzarı ətrafında dövr vururdum. Mühafizəçiyə  yaxınlaşıb “Dayı, 2020-ci il Vətən müharibəsində dəfn olunan şəhidlərin məzarı haradadır?” deyə soruşdum. 
“İrəliyə doğru get, böyük dəmir darvaza görəcəksən, qızım” deyə cavab verdi. 
Biraz önə getdikdən sonra qapını görüb dayandım və içəri daxil oldum. İnsanlar Şəhidlər Xiyabanına axın edirdilər.  Demək olar ki, adam əlindən yerimək olmurdu. Belə bir türk  deyimi var: “İnsan yaşamadığı acının yabancısı, duymadığı vicdan azabının sağırı, görmediği acının körü olurmuş”. Atamı yeni itirdiyim üçün Şəhid övladlarının acısını, göz yaşlarını daha yaxşı anlayırdım. 
 Mən də məzarların arası ilə şəhid yaxınlarının arxasıyca yeriməyə başladım. Şahidi olduğum bir mənzərə diqqətimi çəkdi. Bir məzar daşının başında  məğrur dayanan şəhid atası sanki oğluyla qarşı-qarşıya  söhbət edirdi. Şəhid atasının  mətinliklə başını dik tutaraq göz yaşlarını ovundurmağa çalışması gözlərimdən yayınmadı. Yaxınlaşıb dindirəndə isə həzin bir səslə cavab verdi ki, “mən oğlumla bağlı danışanda ağlayıram, ona görə də sizə çox məlumat verə bilməyəcəm”-,deyərək sözünə davam etdi: 

“Elşən Müslümov 2020-ci il sentyabrın 21-də təlimlərə qatıldı. Həmin təlimlərdən sonra da İkinci Qarabağ savaşı başladı. Oğlum savaşda baş gizir vəzifəsində müharibə komandiri olub. Suqovuşanın, Tərtərin alınmasında sücayət göstərib və oktyabrın 9-da Suqovuşan, Ağdərə istiqamətində şəhid olub. Elşənin hazırda 1 qızı var. O, qızını 6 aylığında qoyub getmişdi, indi isə övladının 4 yaşı oldu. 4 ilə yaxındır ki, biz Elşənsizik”.

 Elşənin övladına,yoldaşına və ata-anasına çox bağlı olduğunu deyən ata göz yaşlarını saxlaya bilmir…

Şəhid atasına necə təskinlik verəcəyimi bilmədim. Buna görə də əlimdəki qərənfillərdən bir neçəsini məzar daşına qoyub, şəhid atası ilə sağollaşıb, yanından ayrıldım.
 
Yoluma davam etdim. Təsadüfən başqa şəhidin anası ilə döyüş yoldaşının danışığını eşitdim. Şəhidin döyüş yoldaşı həm də komandiri olub. Anasına deyirdi: 

“Bir gün Elvin Məlikov  səhər düzülüşünə gecikmişdi. Getdim gördüm bərk yatıb. Çox üstünə getmədim, səhər idmanında iştirak etməsini söylədim. Nə vaxt boş olurdu maşın şəkli çəkirdi. Özünə aid dəftəri var idi, amma onu şəhid olduqdan sonra çox axtardıq, tapmadıq”.

Dialoqun bitməsini gözləyirdim. Nəhayət danışıqlarına yekun vurdular. Həmin zaman şəhidin döyüş yoldaşına- Anar Quliyevə üzümü çevirib  Elvin haqqında məlumat verməsini xahiş etdim.

Razılıq verib söhbətə başladı: “Həm döyüşlərdən öncə, həm də döyüşlər zamanı birlikdə xidmət etmişik. Döyüz zamanı çox igidlik, mərdlik göstərdi. Qorxmadan, çəkinmədən mənimlə çiyin-çiyinə savaşa girdi. Füzulinin Qaraxanbəyli istiqamətində düşmənin təxribatı nəticəsində mərmidən qəlpə yarası aldı və qəhrəmancasına şəhid oldu. Bu gün mənim buraya gəlməyim üçün çox səbəblər var. Elvini heç vaxt unutmaram. Həqiqətən də Elvin Məlikov cəsur bir əsgər və qəhrəmandır. Bir zabit olaraq onun döyüş yolunu görmüşəm. Yaralanan zaman yanında idim və nəşini döyüş bölgəsindən öz əllərimlə çıxarmışam. Biz döyüşə getməmişdən əvvəl şəxsi heyyət düzülmüşdü və hamının əhval-ruhiyyəsi yüksək səviyyədi idi. Hər kəsin bir amalı olduğu kimi Elvinin də bir məqsədi var idi ki, torpaqları düşmən tapdağından azad etsin və şəhidlik zirvəsinə ucalsın”. 
 
   Bu zaman oğlunun məzar daşını qucaqlayan anaya necə müraciət edəcəyimi bilmədim. Ananın məzar daşından ayrılmasın gözlədim. Oğlunun çox ağıllı və tərbiyəli olduğunu bildirən ana söylədi: “Allah tərəfindən ona xüsusi tərbiyə verilmişdi. Vətənpərvər idi. Xocalı hadisələrinə baxan zaman çox əsəbləşirdi. Deyirdi ki, ana Xocalı qurbanları olan şəxslərin, qocaların, uşaqların ana və bacıların qisası alınmalıdır”. 
 
Elə həmin an məzar daşının üstündən başını qaldıran bacısı Elvinin Mübariz İbrahimovu çox sevdiyini söylədi.
 
Anası sözlərinə davam etməyə başladı. Elvinin gözəl rəsm çəkmək qabiliyyətinin olduğunu bildirdi: “ Hər zaman tədbirlər üçün Xocalıya, 20 Yanvar hadisələrinə aid şəkillər çəkirdi. Sön sözü "öznüzə yaxşı baxın" oldu. Maşınlara çox böyük həvəsi var idi. Bütün dəftərlərinin arxasında “Niva” şəkli olurdu. Avtomobil həvəskarı olan və “Niva”nı çox sevən Elvinin elə sonuncu maşını da qırmızı rəngli “Niva” olub”.
 
Qəbr daşları arasında yuxarı qalxdıqda 2023-cü il lokal xarakterli antiterror tədbirləri nəticəsinsə şəhid olan şəxslərin də məzarını rast gəldim. Leytenant İsayev İsmayıl Çərkəz oğlunun məzarına yaxınlaşdım. Xalaları və bir neçə yaxın qohumu ziyarət edirdi, İsmayılı. Xalasından İsmayıl haqqında danışması istədim. 
 
“İsmayıl şəhid olanda bütün kənd, el-oba hamısı bilirdi, ancaq biz bilmirdik. Hətta televiziyada belə bununla bağlı məlumat gedibmiş. Axşam bizə deyiləndə  inana bilmirdik. Biz onun toyunu gözləyirdik. Bu dəfə geri qayıdanda evləndirəcəkdik. Amma hər dəfə danışanda şəhid olacağından danışırdı. Şəhid olmaq onun arzusu idi, qabağa getmək, torpaqları azad etmək üçün can atırdı”-,deyə xalası bildirdi. 
 
 “Evləndirmək istəyirdiz, bəs İsmayılın ailə qurmaq fikri varıydı”-, deyə soruşdum.
 
“İsmayılın bir sevdiyi qız olub. Dəqiqliyinə şübhə etsə də, sevdiyi qızın bu yaxınlarda ailəsi tərəfindən başqasına verildiyinə görə özünü öldürdüyünü”,-dedi.  Söhbət zamanı bir azdan İsmayılın ana və qardaşının gələcəyini öyrəndim və gözləməyə başladım. Qardaşı və anası gələn zaman salamlaşıb, görüşdüm və Allahdan səbr dilədim. Ana, oğlunun məzar daşını öpüb, ağlamağa başladı. Anası Səbinə xanım oğlu haqqında danışan zaman gah qürurlanır, gah da kədərlənirdi: “Əliaçıq, səxavətli oğul idi. İmkansızlara yardım edərdi, şəhid ailələrini ziyarət edəndə rahatlıq tapırdı. Aprel döyüşləri şəhidi, XTQ əsgəri Emin Bağırovun, Vətən müharibəsi şəhidi Leytenant İmral Əliyev və digər şəhid ailələrinə tez-tez baş çəkərdi”.
Qardaşı İsrail isə İsmayıl haqqında bunları qeyd etdi. O dedi ki, qardaşı ağır təbiətli, dosta, ailəyə vəfalı, haqqı sevən insan olub. Rus, ingilis, fars və ərəb dillərini bilirdi. Kərbala ziyarətində olmuşdu. “Qurani -Kərimi”i oxuyar və xətm edərdi. Məktəb illərindən poeziyaya həvəsi vardı. Ara-sıra şeir yazmağı da vardı…. 
 
Qeyd edim ki, İsayev İsmayıl qrup komandiri kimi Ağdərə istiqamətində döyüşlərə qatılıb. Əsgərlərimiz üç düşmən postunu yararaq Ağdərənin mərkəzinə doğru istiqamət alıb. Son mövqe ələ keçirilərkən qarşı tərəfin xüsusi təyinatlıları ilə üzləşən hərbiçilərimiz düşmənlə yaxın məsafədən döyüş aparıblar. On bir erməni separatçısını  məhv edən igid zabitimiz İsmayıl qarın boşluğu nahiyəsindən üç güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
Prezdent İlham Əliyevin 7 noyabr 2023-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib. Öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulan tapşırıqları  yerinə yetirərkən fərqləndiyinə görə leytenant İsayev İsmayıl Çərkəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.
 
Sonda əlimdəki qərənfillərdən bir neçəsini də İsmayılın məzar daşına qoyub, sağollaşdım. 
 
 Ən sonda isə Azərbaycanın Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun məzarı qarşısına gəldim.

 Sanki məzar dil açıb danışmaq, Vətənin azadlığı üçün göstərdiyi sücaətlərdən bəhs etmək istəyirdi. Mənim kimi hamı II Fəxri Xiyabandan ayrılmazdan əvvəl mütləq Polad Həşimovun qəbrini ziyarət edirdi. Hətta bir ata qucağında tutduğu balaca körpəsinə ”bax, bax bu da Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovdur”-, deyirdi. Əlimdə qalan son qərənfilləri də Milli Qəhrəmanımızın məzarı üzərinə qoyub qapıya tərəf yollandım. Bir anlıq dayanıb geri boylandıqda ağlımdan bu sözlər  keçdi. Torpaq  uğrunda ölən varsa, Vətəndir!