Azərbaycanlı həkim: "Bəzi almanlar ümumiyyətlə diş fırçasının, məcunun nə olduğunu bilmir"


Bu gün dünya sakinlərinin şəfa tapmaq üçün ən çox üz tutduğu ölkələrdən biri də Almaniyadır. Qürur duyacağımız məqam isə odur ki, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin sayı durmadan artır.

Həmsöhbətimiz çənə və ağız cərrahı Valeh Mirzəbəyli Almaniyada ixtisaslaşıb, uzun illərdir ki, Hannover şəhərində fəaliyyət göstərir.

 Valeh bəy həm peşəsi, həm də alman xalqı haqda ən maraqlı və təəccüblü faktları publika.az-la bölüşüb.

- Valeh bəy, Almaniyada həkim kimi ixtisaslaşma xoşbəxtliyi sizi necə gəlib tapdı?

- 2002-ci ildə dövlət proqramı ilə 120 həkim Azərbaycandan Almaniyaya ixtisas artırmağa göndərildi. Mən də həmin proqramla gəldim. Qəbul olunduğum universitetlərin birində ağız və çənə cərrahiyyəsi bölməsində ixtisasartırma üzrə təhsil aldım. Artıq 8 ildir ki, həmin universitetin elmi işçisiyəm. 2015-ci ildə uzman olaraq təhsilimi tamamladım. 2019-cu ildən isə ağız və çənə cərrahiyyəsi üzrə öz ambulator xəstəxanamızı təsis etdik.

- Stomatoloqların, dentistlərin əsas fəaliyyət sahələrindən xəbərdarıq. Bəs ağız və çənə cərrahının öhdəsinə hansı xəstəliklərin müalicəsi, əməliyyatı düşür? Bu haqda danışmağınızı istəyirəm.

- Əsas fokusumuz və əməliyyatlarımız bəd və xoşxassəli şişlər, tüpürcək vəzi əməliyyatları, qəzalar zamanı alınan xəsarətlər, çənə sınıqlarıdır. Bəzən xəstə 5-10 gün ərzində klinikada qalmalı və digər terapiyalar görməlidir. Adətən hər hansı sınıqlardan sonra birləşməyə artrozlar, bədxassəli şiş əməliyyatından sonra rekonstruktiv əməliyyatlara ehtiyac olur, almacıq sümüyü, yaxud digər nahiyəsindən ehtiyat götürüb, lazım olan hissəyə transplantasiya edirik. Xəstə gün ərzində klinikamızda olur. Ertəsi gün isə sadəcə müayinəyə gəlirlər. Yaxud bəzən stomatoloqlar pasiyentin dişini çəkəndən sonra dişdə şiş əmələ gəlir. Xəstə xoşxassəli şiş diaqnozu ilə bizə müraciət edir. Əməliyyatla həmin şişi kəsib götürürük. Elə bu yaxınlarda çənəmdə əyri bitən ağıl dişimi əməliyyat etdirdim. Azərbaycanda bu işi bacaran cərrahlar olduqca azdır.

Elə bu əməliyyat da bizim sahəmizin ayrılmaz qoludur. Əsasən çənənin içində ilişib qalmış ağıl dişlərinin çəkimi ilə məşğuluq. Bir də qeyd edim ki, başlıca fokusumuz risk qrupunda olan xəstələrdir. Buraya ürək, beyin infarktı keçirmiş, hər hansı bədxassəli şiş əməliyyatından sonra kimyaterapiya alan pasiyentlər aiddir. Biz onları xüsusi tibbi protokol vasitəsilə müalicə edirik. Klinikamızın yerləşdiyi ərazi də Hannover şəhərinin keçirdiyimiz əməliyyatlara çox ehtiyac duyulan qəsəbəsidir.

- Valeh bəy, xalqımızda haqlı olaraq onkoloji sahəyə qarşı güvənsizlik formalaşıb. Elə düşünürük ki, xərçəng aşkarlanan xəstələr nadir hallarda sağalır. Almaniyada durum daha qənaətbəxşdir.

- Sizi inandırım ki, son illər Azərbaycanda tibb kifayət qədər inkişaf edir. Sadəcə ölkəmizdə bir az psixoloji durumla bağlı qüsur var. Ağrıdan qovrulmayana qədər həkim müayinəsinə getmirik. Almaniyada isə erkən müayinə sistemi var. Hər kəs ildə bir dəfə bütün analizləri verməli, qadınlar ginekoloq müayinəsi görməlidir. Həmçinin də kişilər 40 yaşdan sonra rektal müayinələrə getməlidirlər. Orqanizmdə olan bütün xərçənglər kimi ağız boşluğu xərçəngi olan xəstələr də 6 ayda bir dəfə müayinə olunmalıdır. Bunun üçün bonus sığorta vərəqəsi də var. Xəstə bu şərtlərə əməl etmirsə, nə vaxtsa protez düzəltdirmək lazım olanda bizə müayinə sənədləri göndərir. Əgər davamlı müayinələrimizə gəlməyibsə, bütün xərci özü ödəməyə məcburdur. Çünki erkən müayinə ilk növbədə xəstənin faydasınadır.

- Ağız boşluğu xərçənginin əsas yaranma səbəbi nədir?

- Əsasən dil üzərində, çənədə olan xərçənglərin müalicəsi və əməliyyatını yerinə yetiririk. Yaranma səbəbi 100 faiz məlum deyil. Amma əsas səbəbləri siqaret, qəlyan, spirtli içkilər ola bilər. Lakin bəzən sağlam həyat tərzi sürən pasiyentlərimizdə də ağıl dişi çıxan nahiyədə bədxassəli şiş əmələ gəlir. İstənilən halda xərçəng metastaz verməyibsə, müalicəsi çox asan yerinə yetirilir. Ağız boşluğu xərçəngləri nadir hallarda sümüyə və ağciyərə metastaz verir. Biz müalicə müddətini müşahidə altında saxlayırıq. Əsasən bu şişlər yerli xarakter daşıyır, yəni yerində yenisi əmələ gələ bilir. Xərçəngi müayinə ediriksə, qırtlaq, qida borusu, ağız boşluğu ilə əlaqəli olduğu üçün burun-boğaz həkimləri ilə birgə bütün nahiyələri yoxlayırıq. Burun, boğazda dəyişiklik yoxdursa, əsas məsuliyyət bizim üzərimizə düşür. Əməliyyatdan sonra 3-5 il ərzində xəstə mütləq həkim nəzarətində olmalıdır ki, şiş törəməsin. Bəzən dilin böyük hissəsi kəsilir, tüpürcək vəzisi tamamilə kəsilib alınır, çənə sümüyü çıxardılır. Bu müddət ərzində metastaz olmursa, rekonstruktiv əməliyyat sıraya girir. Çünki xəstə əvvəlki həyatına geri dönməlidir. Ayaq, yaxud qabırğa sümüyündən çıxarıb çənəni bərpa edirik. Bəzən protezdən də istifadə edirik.

- Bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

- İldə bir dəfə diş həkimi mütləq ağız boşluğunuzu müayinə etməlidir. Şübhəli halla rastlaşdıqda, sizi təyinatla ağız və çənə cərrahlarına yollamalıdır. Xəstələr sırasında ağız gigiyenasına laqeyd yanaşanlar həddən artıq çoxdur. Bəzən illərlə diş fırçası, məcunundan istifadə etmirlər. Bir müddətdən sonra ağız florası tamamilə tərkibini dəyişir.

- Əsir düşərgələrində yəhudilərə gigiyena vasitələri paylayan almanlardan danışırıq?

- (gülür) Bəziləri inanmaya bilər. Amma bəzi almanlar ümumiyyətlə diş fırçasının, məcunun nə olduğunu bilmir. 50 pasiyentdən azı 5 nəfərində bu halla qarşılaşırıq. Gülməli səslənsə də, buna su allergiyası deyirik. Elə bu günlərdə yanıma 23 yaşlı gənc gəlmişdi. Ağız boşluğu o qədər bərbad vəziyyətdə idi ki, narkozla 9 dişini birdəfəyə çıxardıq. Soruşdum, belə gənc yaşda dişlərinizi niyə məhv etmisiniz? Cavab verdi ki, uşaq vaxtı dişimi bir neçə dəfə fırçaladım, öyümə yaratdığı üçün bir daha təmizləmədim. Təbii ki, bu pasiyentin psixoloji şüuraltına yeritdiyi yanlış informasiyadır. Bizim ona bu gənc yaşda hazırladığımız protez isə yeməkdən zövq almaq qabiliyyətini yenidən bərpa etməyəcək.

- Ümumiyyətlə diş xəstəlikləri dünya sığortasının ağrılı yeridir. Bəs Almaniyada vəziyyət necədir?

- Almaniya sığorta sistemi haqda sizə məlumat verim. Dövlət sığortası deyilən prosedur var ki, ölkənin 80 faizi bu sistemdən istifadə edir. Özəl sığorta bir az bahadır. Amma daha keyfiyyətli və rahat sistemdir. Məsələn, xəstəni adi həkim deyil, baş həkim müalicə edir. Tək xəstəlik palatada qalır və s. Bunun üçün həmin şəxsin vergilərsiz aylıq maaşı 4200 avrodan aşağı olmamalıdır. Məsələn, dövlət sığortasına diş implantı əməliyyatı daxil deyil. Sosial sığorta isə ölkədə sığınacaq tapan qaçqınlar üçün nəzərdə tutulur. Bu sığorta yalnız təcili məqamlarda istifadə olunur. Ən təcili narahatlıqlar, xəstəliklər üçün nəzərdə tutulur. Buna isə qaçqın düşərgəsinin həkimi qərar verməlidir. Bir müddət öncə işlədiyim özəl klinikada belə bir hal baş vermişdi. Əlində sığorta kağızı olmayan Suriya qaçqını gəlmişdi. Kampın həkimi ilə əlaqə saxlayıb, məsələni həll etdik. 4-cü növ müayinə metodikasına isə ümumiyyətlə sığortası olmayan xəstə qrupu daxildir ki, prosedurdan sonra bir müddət ərzində xərci ödəməlidir. Əks halda xəstəxana onu məhkəməyə verə bilər. Xəstəliyin riskini anlayıb, xəstəni qəbul etməyən həkimin xərclərini dövlət ödəməkdən imtina edir.

- Əminəm ki, pandemiya müddəti işinizə təsirsiz ötüşmədi...

- Əlbəttə. Öz də bizim klinika sərtləşdirilmiş karantin dövründə də çalışdı. Tibbi personaldan kimsə koronavirusa yoluxarsa, klinika 2 həftə müddətində karantində qalmalıdır. Bütün xərcləri də dövlət qarşılayır. Hazırda həyat öz axarına geri dönməyə başlayıb. Lakin virusun peyvəndinin tapılması uzun müddət tələb edir. Ən azı 6 ay gözləmək məcburiyyətindəyik.