Son günlər koronavirus peyvəndi barədə müxtəlif iddialar səslənir. Bəziləri vaksinin effeksiz olduğunu düşünürlər. Həkimlərin “peyvənd olunanlar da koronavirusa yoluxa bilər” açıqlamarı ilə şübhələr bir az da artır.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva isə “Sherg.az”a açıqlamasında peyvəndin əhəmiyyətini belə izah etdi:
“Sadəcə peyvənd olunub “xəstəliyə tutulmaram” deyə qapalı məkanlara maskasız getməyin.Yenə də eyni qayda ilə qorunmaq lazımdır. Peyvənd olunmaq xəstəliyə tutulmamaq deyil. Amma vaksin xəstəliyin yüngül və asimptomatik formada keçirilməsinə səbəb olur. Son zamanlar xəstəlik daha ağır formada keçir.
Səbəblər evdə kortəbii müalicə, “Məndə heç nə yoxdur, bir az soyuqlamışam” deyərək həkimə gec müraciət, “rezerv” antibiotiklərlə immun sistemini zəiflətmək ola bilər.
Erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər kütləvi tədbirlərə müvəqqəti olsa da, getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun! 2021- ci ilin sonuna kütləvi immunitet yaranar, inşallah, bu xəstəlik adi qrip kimi olar”.