Deputatdan etiraf:"Hər iki vaksinasiya zamanı başgicəllənməsi oldu"

Deputat ümumilikdə özünü yaxşı hiss edir, problemi yoxdur


Milli Məclisin deputatlarının koronavirusa qarşı vaksinasiyasının ikinci mərhələsi başa çatıb. Ötən həftə ərzində deputatlara vaksinin ikinci dozasının vurulması həyata keçirilib. Qeyd edək ki, deputatların vaksinasiyası könüllülük prinsipi əsasında həyata keçirilib.

Deputat Ceyhun Məmmədov da vaksin olunanlar arasındadır. O, "Şərq"ə açıqlamasında vaksinasiyadan sonra özünü yaxşı hiss etdiyini vurğulayıb:

"Həm birinci, həm də ikinci vaksinasiyada az başgicəllənməsi oldu. Yəni ümumilikdə götürdükdə prosesi normal keçirirəm. Hansısa bir ciddi problem, fəsad yoxdur, özümü normal hiss edirəm. Hər bir vətəndaşımız çalışmalıdır ki, bu prosesdə aktiv olsun". 

Deputat insanları peyvəndlə bağlı yayılan şayiələrə inanmağa səsləyib və hər kəsi peyvənd olunmağa çağırıb:

"Zaman-zaman müxtəlif fikirlər eşidirəm. Ümumiyyətlə götürdükdə tövsiyə edərdim ki, bu məsələ ilə bağlı hər hansı bir fikir bildirəndə insanlarımız həddən artıq diqqətli olsunlar. Yəni biz bu vaksinasiya prosesindən mütləq keçməliyik. Başqa yolumuz yoxdur. Ona görə də prosesdə hər kəs iştirak etməlidir. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsun və özünü bu xəstəlikdən qorusun".