Xəstəliyin artması eynilə böyüklər arasında da müşahidə olunur
Bu günlərdə bütün dünyada, eləcə də ölkəmizdə gündəm koronavirus xəstəliyidir. Bildiyimiz məlumatlardan biri də budur ki, COVİD-19 uşaqlara indiyədək çox az təsir edib. Belə ki, xəstəliyə yoluxmuş bütün xəstələrin 2-3 faizindən də azı 10 yaşından kiçik uşaqlardır. Amma unudulmamalıdır ki, uşaqlarda xəstəliyin heç bir əlaməti büruzə verməsə də onlar başqalarını virusa yoluxdura bilərlər.
Hətta araşdırmalarda uşaqların nəcisində də virus aşkar edilib. Amma bir məsələni də nəzərə alaq ki, koronavirus dəfələrlə mutasiyaya uğrayıb. Nəticədə bütün dünyada mutant virusuna tutulanların sayı artmağa başlayıb. Son günlər cəmiyyətdə uşaqlar arasında koronavirusun yeni mutasiyasının yayılması barədə fikirlər səsləndirilməkdədir.
Mövcud durumu "Şərq"ə dəyərləndirən həkim-infeksionist Nicat Əzimli bildirib ki, uşaqlar arasında hazırda bu xəstəlik daha kəskin özünü göstərməyə başlamayıb. N.Əzimli vurğulayıb ki, son günlər koronavirus xəstəliyinin yoluxma sayında artım müşahidə olunmaqdadır:
"Bu narahatçılıq daha çox artım ilə əlaqəlidir. Hansı ki, uşaqlar arasında xəstəliyin artması eynilə böyüklər arasında da müşahidə olunur. Bu haqda qəti bir söz demək üçün geniş şəkildə araşdırılmalar aparılmalıdır. İndiyə qədər aparılmış araşdırmalar göstərir ki, uşaqlarda xəstəliyin gedişatında hər hansı bir dəyişiklik yoxdur".
Aynurə Pənahqızı