Evdə müalicə alanların sayı çoxalıb

Adil Qeybulla: "Ölüm hallarının çoxalması da bununla bağlıdır"


COVİD-19-a yoluxanlar arasında ölüm hallarının başvermə səbəbi əsasən, xəstələrin həkimə gec müraciət etmələri ilə bağlıdır. Xəstəlikdən sağalanlar daha çoxdur, amma bu xəstəlikdən ölüm sayı demək olar ki, eyni qalıb. Ölüm səbəbləri daha çox müraciətlərin gec edilməsi ilə bağlıdır. İnsanlar bir müddət virusa inanmırdılar, qaydalara əməl etməyərək çox rahat gəzirdilər.

Evdə kortəbii, yanlış müalicə alan xəstələrin sayı çox idi. İndi də bu say çoxdur.

 Evdə müalicə alan xəstələrlə bağlı "Şərq"ə danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, bu sahədə və belə bir dönəmdə maarifləndirmənin rolu çox önəmlidir:

"Əslində pandemiya dönəmindəki ən böyük problemlərimizdən biri maarifləndirmə işinin yetəri qədər təşkil olunmamasıdır. İnsanlarla daim işləmək lazımdı. Xəstələri məlumatlandırmaq lazımdır ki, vaxtında  həkimə müraciət etsinlər.

Təəssüflər olsun ki, çox adam evdə müalicə olunmağa üstünlük verdiyinə görə ağırlaşır.

Artıq o həddə çatır ki, orqanizmi həmin vəziyyətdən çıxarmaq olmur. Ölüm hallarının çoxalması da bununla bağlıdır. Maarifləndirmə işi də sırf bu səbəbdən çox vacibdir.  İnsanlara xəstəliyin ciddiliyi barədə məlumat verilməlidir. Bəlkə bundan sonra onlar xəstəliyə məsuliyyətli yanaşarlar.

Maarifləndirmənin düzgün aparılması bir çox insanın psixologiyasına da müsbət təsir göstərər. Beləliklə vətəndaşlar vaxtında müraciət edərlər".