Ev-ev gəzərək peyvənd olunmayanları razı salacaq
Peyvənddən imtina edənlərə qarşı yeni üsul düşünülüb. Xüsusi “peyvənd qrupları” yaradılır. Onlara ev-ev gəzərək peyvənd olunmayanları razı salmaq vəzifəsi tapşırılır. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Nazir bildirib ki, vətəndaşları vaksin vurdurmağa razı salmaq üçün evlərə göndəriləcək xüsusi həkim briqadaları yaradılacaq.
“40 yaşdan yuxarı vətəndaşlarımıza iyun ayının sonunadək peyvənd vurulmasını başa çatdırmağı düşünürük. Yoluxma və ölüm sayının azaldıması məqsədilə həyata keçirdiyimiz tədbirlər təsirli olmazsa, Ramazandan sonra daha sərt tədbirlər görüləcək”. Nazir vətəndaşları “yola gətirmə” heyətlərinin ailə həkimləri ilə birlikdə evlərə gedəcəyini və peyvəndin üstünlüklərini anladacaqlarını deyib. “Peyvənd vurdurmayanlardan bunun səbəbi soruşulacaq. Kiminsə çəkinəcək tərəfi varsa, o da izah ediləcək, doğru qərar verilməsi təmin ediləcək” deyən F.Qoca bu yolla cəmiyyətdə peyvəndlənmə faizinin artırılmasını hədəfə aldıqlarını söyləyib.
Nazir görülən tədbirlərin nəticəsi olaraq iyun ayında yoluxma və ölüm sayının azalacağını gözlədiklərini də deyib.