Azərbaycanlı həkim Hande Harmancı ilə razılaşmır

"Həkimlər arasında intihara meyilliliyi şəxsən mən görməmişəm"

"Həkimə müxtəlif səbəblərlə müraciət edənlərin 70 faizi koronavirus xəstəsidir. Gəlir ki, böyrəyimdə problem var, ya ürəkdə, başqa orqanda, müayinə ediləndə, analizlər götürüldükdə məlum olur ki, koronavirus xəstəsidir"


“Bir il ərzində minlərlə səhiyyə işçisi, həmçinin digər peşə sahibləri koronavirusdan həyatını itirib”. Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, pandemiya əməyin mühafizəsinin idarə edilməsinin ictimai səhiyyə sistemləri ilə bağlılığını göstərib: “COVID-19 zamanı dünyada səhiyyə işçilərinin 23 faizi depressiya və narahatlıq, 30 faizi isə yuxusuzluqdan əziyyət çəkib. Səhiyyə işçilərində intihar riski digər peşə sahiblərinə nisbətən daha yüksəkdir".

H.Harmancı bildirib ki, statistikaya əsasən, dünyada aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54 faizi gizli vərəm xəstəsidir.



ÜST-nin Azərbaycan Nümayəndəliyi rəhbərinin açıqlamaları ilə bağlı Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov həkimlərin böyük risk altında çalışdığını təsdiqlədi, lakin intihar məsələsində H.Harmancı ilə razılaşmadığını dedi: 

- Azərbaycanda təxminən 400 min həkim var. Mən intihar etmiş bir həkim tanımıram, bu haqda eşitməmişəm. Həkimlər hər gün müxtəlif taleli insanlarla qarşılaşır. Faciələr görürlər, gözlərinin önündə ölüm halları baş verir. Bəzən hansısa xəstəni xilas etməyə çalışır, lakin müəyyən səbəblərdən bu, mümkün olmur. Həkimlərin, insan həyatlarını xilas etmək baxımından məsuliyyətləri əlbəttə ağırdır.

Bu da insanda depressiya yarada bilər. Lakin həkimlər, bəlkə də digər peşə sahiblərindən daha çox iradəli olur. 2020-ci ildən başlayaraq həyatımıza koronavirusun daxil olması ilə nə qədər insan tələfatları ilə qarşılaşıb bizim həkimlər. Eləcə də dünyadakı həkimlər. Koronavirusdan həyatını itirən həkimlər, tibb personalı olub, lakin mən eşitmədim, görmədim ki, hansısa həkim intihara əl atsın. Həkimlərin yükü çox ağırdır.

Xüsusilə reanimasiya həkimlərinin, stasionarda çalışanların. Çünki onlar ağır xəstələrlə birbaşa təmasdadırlar. Müalicə həkimləri də həmçinin. Hər gün nə qədər xəstə qəbul etməli olur. Sizə deyim ki, həkimə müxtəlif səbəblərlə müraciət edənlərin 70 faizi koronavirus xəstəsidir. Gəlir ki, böyrəyimdə problem var, ya ürəkdə, başqa orqanda, müayinə ediləndə, analizlər götürüldükdə məlum olur ki, koronavirus xəstəsidir. Həkimlər üçün belə şəraitdə işləmək əlbəttə ağırdır, çətindir. İnsan gün ərzində nə qədər koronavirus xəstəsi ilə kontaktda olar?! Amma həkimlər arasında intihara meyilliliyi şəxsən mən görməmişəm. Risk başqadır. Məsələn, həkimlərdə psixoloji problemlər yaranır, yaddaş pozğunluğu son illərdə artıb. Bu da gərgin iş şəraiti ilə bağlıdır.    

Ş.Məmmədov aşağı və orta səviyyəli ölkələrdə səhiyyə işçilərinin 54 faizinin vərəm xəstəsi olması iddiasına cavab verdi:

- Vərəm “kasıb xəstəlik” də adlanır. Kasıb ölkələrdə vərəmə yoluxma riski daha artıqdır. Kalorili qida təminatının olmaması, ağır həyat şəraiti vərəmə yoluxma təhlükəsini artırır. Səhiyyə işçiləri də xəstələrlə təmasda olduqlarından yoluxma riski əlbəttə, artır.